İlham Əliyevin qələbəsi: Azərbaycan xalqı doğru seçim etdi

SİYASƏT
10:12 / 08.02.2024
581

"İlham Əliyevin mütləq səs çoxluğu və seçici fəallığı ilə müşahidə olunan qələbəsi cəmiyyətin istəklərinə tam uyğundur". 

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib. 

O vurğulayıb ki, seçkinin nəticələri Azərbaycan dövlətinin və xalqının indiyə qədər gəldiyi yolla davam etmək iradəsində olduğunun təsdiqidir:

"Prezident İlham Əliyevin inamlı qələbəsi ölkədə cəmiyyətin və hakimiyyətin həqiqətən eyni strateji yolun üstündə olduğunun göstəricisidir. Bu, həm də son illərdə əldə olunmuş qələbələrin birbaşa nəticəsidir. Bir daha sübut olundu ki, İlham Əliyevin apardığı siyasət xalq tərəfindən dəstəklənir. Bu siyasət təkcə Azərbaycanın deyil, bütünlüklə strateji olaraq regionun gələcək taleyini müəyyənləşdirmək gücünə malikdir". 

Həmsöhbətimiz qeyd edib ki, nəticələr Azərbaycan cəmiyyətində seçki mədəniyyətinin dəqiq və obyektiv olduğunu göstərir:

"Bu, həmçinin vətəndaşların siyasi fəhminin yetərində olduğunu nümayiş etdirir. Xalqın mütləq əksəriyyəti Prezidenti İlham Əliyevə növbəti dəfə dəstək verdi və dövlətin siyasəti ilə həmrəy olduğunu göstərdi. Xüsusilə də bu nəticə vətəndaşların son 3 ildə Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam şəkildə bərpa olunması istiqamətində aparılan dövlət siyasətinin mahiyyətini və strategiyasını nə qədər yüksək qavradıqlarının sübutudur". 

343332

Ekspert onu da söyləyib ki, Azərbaycan cəmiyyəti və seçicilər dövlətin apardığı daxili və xarici siyasəti dərindən təhlil edə bilir:

"Həmçinin, nəticələr bu siyasətin davam etdirilməsinin Azərbaycan dövləti üçün nə qədər vacib olduğunun fərqinə vardıqlarını göstərdi. Bu nəticələr həm də cəmiyyətin hazırkı hakimiyyət kursunun davam etdirilməsinin tərəfdarı olduğu istəyini ifadə etdi. Bir daha qeyd edirəm ki, seçkinin nəticələri Azərbaycan cəmiyyətinin baxışına və siyasi əhval ruhiyyəsinə tam şəkildə uyğun gəlir". 

Aydın Quliyev vurğulayıb ki, Azərbaycan xalqı doğru seçim etdi:

"İlham Əliyevin bütöv Azərbaycanın ilk Prezidenti seçilməsi tariximiz üçün önəmli hadisədir. Nəzərə almaq lazımdır ki, bu, ərazi bütövlüyümüz və suverenliyimiz tam bərpa olduqdan sonra keçirdiyimiz ilk seçkidir. Bu seçkilərin nəticələri Azərbaycanın bundan sonrakı böyük bir dövr üçün inkişaf taktikasını və strategeiyasını müəyyənləşdirmək gücündədir. Azərbaycan xalqının Prezidentə verdiyi dəstək ölkənin inkişaf istiqamətlərinə müsbət mənada həlledici təsir göstərəcək". 

Pərviz

0