"2024-cü ildən gözləntilər çoxdur".
Bunu politoloq Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib.
O qeyd edib ki, bu gözləntilər region dövlətləri və beynəlxalq aləm üçün də keçərlidir:
"Həm regionda, həm də dünyada siyasi konfiqurasiyada dəyişikliklər baş verir. Əlbəttə ki, Azərbaycan dövlətinin də gözləntiləri var. Seçkilərin ardından Azərbaycan dövlətinin də ciddi dəyişikliklər edəcəyi qənaətindəyəm. Xüsusilə, idarəetmə sisteminində dəyişikliklərin olacağını düşünürəm".
Ekspert vurğulayıb ki, Azərbaycan bundan sonra daha çevik siyasət həyata keçirəcək:
"Azərbaycanın 2023-cü ildə Qarabağ məsələsinə birdəfəlik nöqtə qoyması bir çox gücləri, o cümlədən beynəlxalq qurumları ciddi mənada narahat etməyə başladı. Buna görə rəsmi Bakı öz mövqelərini daha da gücləndirmək üçün müəyyən addımlar atmalıdır.
Bu addımların da çevik siyasət üzərində həyata keçirilə biləcəyini deyə bilərik. Çevik siyasət yürütmək üçün isə istər kadr məsələlərində, istərsə də idarəetmə sisteminində təkmilləşdirilmə aparılmalıdır. Bunun aparılacağına da əminəm. Hətta bu çevik siyasətə nail olmaq üçün bu il ölkədə referendum keçirilə bilər".
Pərviz