Əli Əsədovun parlamentdəki çıxışı

SİYASƏT
11:03 / 16.02.2024
415

“Mənə göstərilən yüksək etimada görə Prezident İlham Əliyevə dərin təşəkkürümü bildirirəm”. 

“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Baş nazir vəzifəsini icra edən Əli Əsədov parlamentdə çıxışı zamanı bildirib. 

“Fürsətdən istifadə edərək müstəqil Azərbaycan tarixində ilk dəfə bütün suveren ərazimizi əhatə edən prezident seçkilərində inamlı, möhtəşəm qələbə münasibətilə Prezident İlham Əliyevi bu yüksək kürsüdən təbrik edirəm. Xalqımız şəffaf və demokratik şəraitdə ədalətli seçimini edərək dövlət başçımıza yenidən etimadını göstərdi. Ötən 20 ildə həyata keçirilən siyasi kurs respublikamızı bölgənin lideri dünyada layiqli yerini tutan qüdrətli dövlətə çevirdi”, - deyə Ə.Əsədov qeyd edib. 

O, hökümətin prioritetlərini açıqlayaraq vurğulayıb ki, fevralın 14-də Milli Məclisdə keçirilmiş andiçmə mərasimində Prezident son 20 ildə Azərbaycanın daxili və xarici siyasətində əldə edilən nailiyyətlər və uğurlar barədə ətraflı danışıb: “Eyni zamanda, andiçmə mərasimində dövlət başçısı ölkəmizin və cəmiyyətimizin hərtərəfli inkişafının əsas istiqamət və hədəflərini müəyyən edən proqram xarakterli geniş çıxış edib. Növbəti dövrdə müdafiə və milli təhlükəsizliyin daha da gücləndirilməsi, hərbi sahədə texnoloji inkişaf və hərbi sənaye kompleksinin təkmilləşdirilməsi, silahlı qüvvələrin maddi-texniki təminatının yaxşılaşdırılması, sərhədlərimizin toxunulmazlığının təmin edilməsi əsas prioritet olacaq. Cəmiyyətimizin həyatının bütün sahələrində, o cümlədən sosial sahədə inkişaf dövlət başçımızın hər zaman diqqət mərkəzində olub və olacaq. Azərbaycan vətəndaşının rifahının yaxşılaşdırılması, o cümlədən şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi ən önəmli vəzifə olaraq Hökumət qarşısında duracaq.

Təbii ki, cənab Prezident öz çıxışında qeyd etdiyi kimi, sosial rifahla bərabər əhalimizin, əsasən gənclərin təhsili, onların milli-mənəvi dəyərlərə və ənənələrə, azərbaycançılıq prinsiplərinə əsaslanaraq formalaşdırılması, müasir çağırışlara və texnologiyalara yiyələnməsi Dördüncü Sənaye İnqilabı dövründə gələcək inkişafımızın təminatçısı olacaq. Gələcək illərdə dünyada artan rəqabətə hazır olmaq üçün əsas prioritetlərimizdən biri yüksək rəqabətli insan kapitalını formalaşdırmaqdır. Bunun üçün müasir təhsilin, sağlam cəmiyyətin, idmanın, mədəniyyətin, innovasiyaların təşviq edilməsi əsas şərtdir. Əlbəttə ki, bütün bunlara nail olmaq üçün müasir çağırışlara cavab verən dayanıqlı və güclü iqtisadiyyatın, o cümlədən qeyri-neft iqtisadiyyatının sürətli inkişafı, maliyyə müstəqilliyinin daha da gücləndirilməsi təmin edilməlidir. Növbəti dövrdə Azərbaycan Hökumətinin işinin əsas prioritetlərini bu hədəflərin reallaşdırılması, bununla bağlı qarşıda duran vacib çağırışlara çevik reaksiya verilməsi təşkil edəcək. Bu baxımdan 2030-cu ilədək Milli Prioritetləri özündə ehtiva edən “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”, işğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış Proqramı və digər irimiqyaslı proqramlar bu istiqamətdə fəaliyyətimizin səmərəli şəkildə davam etdirilməsi üçün yaxşı zəmin yaradır. Bu prioritetlərdən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi”dir. Təsadüfi deyil ki, COP29 kimi mötəbər beynəlxalq tədbirin məhz ölkəmizdə elan edilmiş “Yaşıl dünya naminə həmrəylik ili”ndə keçirilir”.

Qeyd edək ki, bu gün Əli Əsədovun Baş nazir təyin edilməsinə razılıq verilməsi haqqında məsələ səsverməyə çıxarılıb. Müzakirələrdən sonra deputatlar Əli Hidayət oğlu Əsədovun yenidən baş nazir seçilməsinə yekdilliklə səs verib.

0