Xəyal Bəşirov: "Almaniya Fransa ilə apardığı mübarizələrdə önə çıxmaq istəyir" - MÜSAHİBƏ 

SİYASƏT
12:59 / 01.03.2024
2209

"Avropa regionunda bütün məsələlərdə Fransa ilə rəqabət aparan və Parisin düşmənçiliyini hiss edən Almaniya təşəbbüsü ələ almağa çalışır". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a müsahibəsində deyib.

- Xəyal müəllim, Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarını necə dəyərləndirirsiniz? 
- Düşünürəm ki, hazırda Ermənistanla sülh müqaviləsinin imzalanması mərhələsində deyilik. Çünki bir müddət bundan əvvəl sülhün astanasında olsaq da, bu istiqamətdə ciddi uğurlar əldə etsək də Ermənistanın pozuculuq siyasəti və ziddiyyətli bəyanatları bizi prosesdən bir az uzaqlaşdırdı. 

Ən azından ötən ili sonları, bu ilin əvvəlləri Azərbaycanla Ermənistan sülh istiqamətində həm forma, həm də məzmun baxımından xeyli uğurlar əldə olunmuşdu. 7 dekabr tarixində Azərbaycan Respublikasının Prezident Administrasiyası və Ermənistan Respublikasının Baş nazirinin ofisi birgə bəyanat yayımladı. 

Bir həftə sonra isə Qazax rayonu ilə sərhəddə hərbçilərin mübadiləsi həyata keçirildi. Üstəlik, hər hansısa üçüncü tərəf həmin prosesdə iştirak etmədi. Bütün bunlar sülh müqaviləsinin imzalanması ilə bağlı böyük ümidlər yaratmışdı.

- Amma Ermənistanın 12 fevral tarixindəki təxribatları danışıqlara zərbə vurdu... 
- Bəli. Əslində, 19-20 sentyabrda Azərbaycanın həyata keçirdiyi lokal antiterror tədbirlərindən sonra keçmiş münaqişə zonasında silahlar susmuşdu. Uzun müddət sonra Azərbaycanla Ermənistan arasında silahlar deyil, diplomatiya danışırdı. Amma çox təəssüflər olsun ki, Ermənistan yenə də atəşkəsi pozdu. Təxminən 5 aya yaxın müddət sonra sülh prosesinə zərbə vuran tərəf növbəti dəfə Ermənistan oldu.

Ondan öncə isə Ermənistanın havadarları Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycana qarşı "hücum"a keçdilər. O "hücum"un davamı kimi də şərti sərhəd boyu ərazilərdən Azərbaycana atəş açdı. Bununla da heç vaxt olmadığı qədər sülhə yaxın olduğumuz şərait pozuldu və danışıqlar mərhələsinə böyük zərbə vuruldu.

- Son zamanlarda isə Almaniya danışıqlar prosesində fəallıq nümayiş etdirməyə çalışır. Ümumiyyətlə, Almaniyanın mövqeyini necə qiymətləndirirsiniz? 
- İndi danışıqlar prosesində Almaniya aktivlik nümayiş etdirir. İkinci Qarabağ müharibəsindən sonra ilk dəfə Azərbaycanla Ermənistan arasında Almaniyada görüşlər keçirildi. Bu da Fransanın danışıqlara və Azərbaycanın reallaşdırmaq istədiyi sülh prosesinə zərbə vurmaq cəhdinin boşa çıxmasından sonra reallaşdı. Rəsmi Bakı hələ ki, Berlində xarici işlər nazirləri səviyyəsində ikitərəfli görüşlərin keçirilməsinə razılıq verib. 

Burada vasitəçilikdən söhbət gedə bilməz. Çünki Azərbaycan birmənalı olaraq vasitəçiliyi qəbul etmir. Vasitəçilik bizə 30 ildən artıq müddətdə çox şeyləri öyrətdi. Biz başa düşdük ki, vasitəçiliklə problemlərin həllinə nail ola bilmərik.

- Maraqlıdır, Almaniyanın Azərbaycanla Ermənistan arasındakı danışıqlar prosesində iştirak etməkdə məqsədi nədir? 
- Avropa regionunda bütün məsələlərdə Fransa ilə rəqabət aparan və Parisin düşmənçiliyini hiss edən Almaniya təşəbbüsü ələ almağa çalışır. Hesab edirəm ki, rəsmi Berlin bununla da ilk növbədə Avropa İttifaqında Fransa ilə apardığı mübarizələrdə önə çıxmaq istəyir. Həmçinin, Almaniyanın böyük iqtisadi maraqlarının da olduğunu söyləyə bilərik. 

Çünki Rusiya-Ukrayna müharibəsindən sonra Almaniyaya enerji resurslarının təchizatı baxımından böyük zərbə dəyib. Buna görə də Berlin hakimiyyəti alternativlər axtarmaq məcburiyyətindədir. Bu səbəbdən də Almaniya proseslərdən yararlanmağa çalışır. 

- Danışıqların ümumi nəticəsi barədə nə düşünürsünüz? 
- Almaniyada aparılan danışıqlar prosesi nəticəsində ciddi irəliləyiş əldə edəcəyimizi düşünmürəm. Amma bu görüşlər sülh müqaviləsinin imzalanması istiqamətində atılan addımlar kimi qiymətləndirilə bilər. Həmçinin, ölkəmizin Qərblə işləmək istəmədiyi kimi absurd iddiaların üzərindən xətt çəkilir. Azərbaycan sadəcə ədalətsizlikdən, qərəzdən və qeyri-konstruktiv mövqedən üz çevirib. 

Rəsmi Bakı sadəcə açıq şəkildə ermənipərəst mövqe nümayiş etdirən Fransa kimi dövlətlərdən üz çevirib. Yəni vasitəçi bir dövlət neytral mövqe tutmalıdır. Fransa isə tərəfsizlik nümayiş etdirmir, əksinə Ermənistanı müharibəyə hazırlamaq məqsədlərini orataya qoyaraq onu silahlandırmaqla məşğuldur. Ona görə Azərbaycan danışıqlar prosesində belə dəstəyə ehtiyacının olmadığını bəyan etdi. 

Pərviz

0