Moskva və Tiflis nə üçün Bakını seçməlidir? - Ekspert rəyi

SİYASƏT
15:04 / 01.03.2024
311

Rusiya ilə Gürcüstan arasında danışıqların keçirilməsi üçün ən uyğun məkan kimi Bakı və Minsk  təklif edilib. Təklifi Rusiya tərəfi səsləndirib. Bəs nə üçün Bakı? Bu görüş tərəflərə və ümumilikdə Cənubi Qafqaza nə vəd edir?

Hit.az-ın sualını siyasi ekspert Mübariz Göyüşlü səsləndirib.

“Hesab edirəm ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı Gürcüstan və Rusiya arasında münaqişəli məsələnin müzakirəsi üçün Bakı və Minsk şəhərlərinin təklif edilməsi təqdirəlayiqdir. Azərbaycan son illər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməklə qalmayıb, həm də söz sahibinə çevrilib. Bakının 30 ildən çox davam eləmiş belə bir problemin həll yollarının araşdırılmasında iştirakı hesab edirəm ki, gözəl təşəbbüsdür. Bakı belə danışıqlar üçün də ən uğurlu məkandır. Regional və qlobal məsələlərin həllində Bakı fəal tərəfdaş kimi çıxış edir. Bu il Bakı COP29 kimi məsuliyyətli bir tədbirin keçirilməsinə hazırlıq görür. Yaxın münasibətlərimiz olan qonşularımız arasında problemlərin olması bölgədə gərginliyə səbəb olur. Bu əlbəttə bizim üçün də xoş deyil və bölgəyə daxil olmaq istəyən qərb qüvvələrinin məkrli planlarının qarşısını almaq üçün sabitliyə nail olmalıyıq. Bu mənada Bakı hüquqi, siyasi, təşkilatı məsələlərdə kömək edə bilər. Azərbaycan Qafqazın ən güclü dövləti olaraq bölgədə sülhün marağındadır. Hesab edirəm ki, Azərbayanın təcrübəsindən yararlanmaq Rusiyaya da fayda verəcək. Rusiyanın bu təklifi verməsi  bizim nüfuzumuzdan xəbər verir. Ümid edirəm Gürcüstan  da bu təklifə müsbət cavab verəcək. Bu Qafqaz evinin sabitliyinə xidmət edən görüş olacaq və Bakı  faydalı nəticələr üçünda əlindən gələni edəcək”- deyə ekspert qeyd edib.

Murad

0