Martın 8-9-da Bakıda "Müxtəlifliyin qorunması: 2024-cü ildə İslamofobiya ilə mübarizə" mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Tədbirdə dünyanın 30 ölkəsindən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələrini əhatə edən 130 beynəlxalq qonağın iştirakı gözlənilir.
Bu tədbirin keçirilməsi hansı tələbatdan irəli gəlib?
Hit.az-ın sualını cavablandıran siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, müasir dünyada inkişaf etmiş Avropa və Amerika ölkələrində islamafobiya meyilləri artmaqdadır və Bakının ev sahibliyi edəcəyi tədbir bir növ sülh göyərçini rolunu oynayacaq.
“Təəssüf ki, dünyanın inkişaf etmiş ölkələrində islam aləminin yanlış təqdimatı, yanlış tanıtdırılması nəticəsində islamafobiya artmaqdadır. İslam dünyası 2 milyard insan deməkdir. Bu gün İslam aləminin dünya iqtisadiyyatına qoyduğu investisiya önəmli rol oynayır. İslam dünyası dünya elminə, mədəniyyətinə böyük töhfələr verib və verir, amma təəssüf ki, islamın Avropaya inteqrasiyasına süni əngəllər yaradılır. Əsl islam sülh dinidir, Avropanın qorxub gördüyü isə terrorla eyniləşdirilmiş islam anlayışıdır. Buna görə də islam dünyasına qarşı sözün həqiqi mənasında xaçlı yürüşləri təşkil edilir. Bu gün savaş meydanına çevrilmiş ölkələrin çoxu müsəlman ölkələridir. Orda hegemonluq edənlər isə xristianlardır. Xristianlığın davamçıları çoxluq təşkil etdiyi kimi böyük bir toplumun da müsəlman olduğu nəzərə alınmalıdır. Müsəlmanları hədəf almağa çalışırlar. 2 dünya müharibəsini məhz xristianlar törədiblər. Amma islam aləmi xristianlıq fobiyası ilə çulğalanmayıb. Bu mənada İslamofobiya böyük bəladır, hesab edirəm ki, mədəniyyətlər, dinlər arasında anlaşma olmalı, birgə yaşayışı tolerantlığı təbliğ etmək lazımdır. Azərbaycan tolerantlığın, multikulturalizmin örnəyi kimi belə bir tədbirə ev sahibliyi etməkdə tamamilə haqlıdır və konfransın faydalı nəticələri olacağını düşünürəm”, deyə o bildirib.
Murad