Politoloq: "Sülh müqaviləsindən öncə çərçivə sazişi imzalana bilər"

SİYASƏT
10:35 / 07.03.2024
1226

"Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin harada imzalanacağı böyük ölçüdə heç nəyi həll etmir".

Bu sözləri Hit.az-a açıqlama verən politoloq Rəşad Bayramov deyib.

O qeyd edib ki, söhbət rəsmi İrəvanın sülh müqaviləsinə hazır olub-olmamasından gedir:
"Ermənistan ilk növbədə sülhə hazır olduğunu və belə bir məramını nümayiş etdirməlidir. Amma hələ ki, buna hazır deyil. Halbuki, Ermənistan hakimiyyətinin Azərbaycanın təklif etdiyi sənədə imza atmağa cəsarəti olmalıdır.

Onda sülh müqaviləsinin harada imzalanması elə də böyük əhəmiyyət daşımayacaq. Onu da əlavə edim ki, Azərbaycan ikitərəfli danışıqların aparılmasını istəyir. Üçüncü tərəf olacaqsa da, həqiqətən ədalətli və neytral olmalıdır". 

Ekspert bildirib ki, indiyə kimi Azərbaycanla Ermənistan arasındakı danışıqlara vasitəçi kimi ev sahibliyi edən ölkələrin hər biri yekun sazişin öz ərazisində imzalanmasını istəyir:

345247

"Bura ABŞ, Rusiya, Avropa İttifaqı daxildir. Həmçinin, Almaniyanın da belə bir istəyi ola bilər. Eyni zamanda, proseslərdə tam neytrallıq nümayiş etdirən Gürcüstanda da bu sazişin imzalana biləcəyini düşünürəm. 

Fikrimcə, sülh müqaviləsinin hansı ölkədə imzalanması həmin dövlətin prestijinin də qalxmasına xidmət edəcək. Amma indi əsas məsələ müqavilənin harada bağlanması deyil, ümumiyyətlə imzalanmasıdır". 

Rəşad Bayramov vurğulayıb ki, sülh müqaviləsi imzalanmadan öncə Ermənistan Konstitusiyasına düzəlişlər etməlidir:

"Yəni Ermənistan Konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını çıxarmayacağı halda sülh müqaviləsinin imzalanması arxa plana keçir. Çünki Nikol Paşinyan sülh müqaviləsini imzalasa belə gələcəkdə yeni hökumət gələrək Konstitusiyanın maddələrini əsas götürərək Azərbaycana qarşı ərazi iddiası irəli sürə bilər. 

Ona görə də çərçivə sazişi imzalanmalı və Ermənistan konkret öhdəliklər götürməlidir. Ermənistanın müəyyən müddətə referendum keçirərək öz Konstitusiyasına dəyişiklik edərək Azərbaycana qarşı ərazi iddialarını çıxarması da öhdəliklərin içərisində olmalıdır. Hesab edirəm ki, çərçivə sazişindən sonra sülh müqaviləsi də imzalana bilər".

Pərviz

0