"Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycan və Ermənistan üçün deyil, qlobal mənada dünyanın bir çox aparıcı ölkəsi üçün vacib məsələlərdən biridir".
Bu sözləri politoloq Rusif Məmmədsoy Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzi qüvvələr isə buna əngəl olmağa çalışırlar:
"Buna baxmayaraq, Zəngəzur dəhlizi əvvəl-axır açılacaq. Nəzərə almaq lazımdır ki, bu, sadəcə bölgə ölkələri üçün deyil, dünyanın aparıcı dövlətlərini də maraqlandıran məsələdir. Çindən Avropaya qədər uzanan yolun əsas halqalarından biri də Zəngəzur dəhlizidir. Bu, həm vaxt, həm də maliyyə cəhətdən ciddi sərfiyyat vəd edən meqa layihədir. Təbii ki, bu layihənin həyata keçməsi üçün Azərbaycan da ciddi şəkildə səy göstərir".
Ekspert qeyd edib ki, Ermənistan isə müxtəlif yollarla digər dövlətlərin təkidi ilə hərəkət edir:
"Xüsusilə də Qərbin və İranın buradakı rolunu qeyd etmək lazımdır. Hətta Fransanın Ermənistandakı səfiri də son açıqlamasında Cənubi Qafqaz məsələsində İranla həmfikir olduqlarını dedi. Bu, həm də Zəngəzur dəhlizi ilə bağlı məsələdə İran və Fransa arasında fikir ayrılığının olmadığını göstərir. Ümumiyyətlə, rəsmi Tehran bu dəhlizin açılmasında maraqlı deyil".
Rusif Məmmədsoyun sözlərinə görə, Fransa, ABŞ və digər güclər yolun Rusiyanın nəzarətində olmasını istəmirlər:
"Çünki Rusiyanın dəhlizə nəzarəti olacağı zaman bölgəyə təsir imkanlarını itirə bilərlər. Bəzi iqtisadçıların hesablamalarına görə bu yol açılacağı təqdirdə dövriyyəsi 1 trilyon dollara qədər qalxa bilər. Qərbin aparıcı dövlətləri də bu pulların Rusiyanın əlində olmasını istəmirlər.
Bütün bunlara baxmayaraq, Zəngəzur dəhlizi açılacaq. Hesab edirəm ki, yaxın 2 ildə Zəngəzur dəhlizi ilə bağlı yaxşı gəlişmələr görə bilərik. O müddətə qədər də müəyyən çərçivə sazişləri və danışıqlar masasında hansısa razılaşmalar əldə oluna bilər".
Pərviz