"Azərbaycan və Qazaxıstan həm Mərkəzi Asiyanın, həm də Cənubi Qafqazın əhəmiyyətli rola malik ölkələridir".
Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O bildirib, Azərbaycan iqtisadi, hərbi və malik olduğu digər potensiallarına görə Cənubi Qafqazın ən güclü ölkəsidir:
"Qazaxıstan isə əhali, təbii ehtiyatlar, iqtisadi potensialı və beynəlxalq münasibətlərdə oynadığı təsirli rol baxımından Mərkəzi Asiyanın ən güclü dövlətlərindən biridir. Azərbaycanla Qazaxıstanı ümumi layihələr bir-birinə bağlayır.
Hər iki ölkə Böyük İpək Yolunun üzərində önəmli mövqelərə sahibdir. Asiyadan Avropaya qədər uzanan nəqliyyat və logistika layihəsinin üzərində Qazaxıstanın da böyük rolu var. Azərbaycan isə Avropa və Asiya arasında birləşdirici rol oynayır".
Ekspert qeyd edib ki, bu gün Azərbaycan və Qazaxıstanın malik olduğu imkanları, infrastrukturlarının birləşdirilməsi Avropa ilə Asiyanın birləşdirilməsi demək olar:
"Çünki Avropa ilə Asiyanın iqtisadi, nəqliyyat və logistika imkanlarının birləşdirilməsi Qazaxıstan və Azərbaycansız az qala mümkünsüz həddə gəlib çıxır. Bu gün Avrasiyada çox mühüm bir infrastruktura çevrilmiş orta dəhliz məhz Azərbaycan, Qazaxıstan və Gürcüstanın birgə səyləri ilə yaradılıb".
Həmsöhbətimiz vurğulayıb ki, Qazaxıstan Azərbaycanla iqtisadi, siyasi və ticarət sahəsində əməkdaşlıq edir:
"Bu ölkə həm də mühüm tərəfdaşımız və etibarlı müttəfiqlərimizdən biridir. Qazaxıstan dəfələrlə Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin müdafiəsi baxımından hər kəsin gözlədiyi prinsipial mövqeyi nümayiş etdirib. Qazaxıstanla Azərbaycanın əlaqələri nəinki bölgənin taleyində rol oynayır, həm də Avrasiyanın iqtisadi və nəqliyyat mənzərəsinin dəyişdirilməsinə böyük töhfə verə bilər".
Aydın Quliyev onu da diqqətə çatdırıb ki, Azərbaycan və Qazaxıstan türk dövlətlərinin inteqrasiyasının da önəmli təsirə malik ölkələridir:
"Bu iki dövlət arasındakı əməkdaşlıq da gələcəkdə türk dövlətləri arasındakı inteqrasiya prosesinə böyük töhfə verəcək. Azərbaycanla Qazaxıstanın iqtisadi, siyasi, ticarət və strateji sahədə əməkdaşlığını gücləndirməsi həm ümümtürk inteqrasiyasının çox vacib istiqamətidir, həm də Avrasiyanın iqtisadi, nəqliyyat və logistika xəritəsinin dəyişdirilməsində böyük rol oynayacaq".
Pərviz