Türkiyənin Ermənistanla münasibətlər üzrə xüsusi nümayəndəsi Serdar Kılıç İrəvana səfər edəcək.
Publika.az xəbər verir ki, Ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Serdar Kılıçın növbəti görüşün İrəvanda keçirilməsi haqda təklifini qəbul edib.
Erməni türkoloq Tiran Lokmaqyozyan hesab edir ki, Kılıç Ermənistana gəlirsə, bu, danışıqlar üçün gündəmin olduğu deməkdir: “Görünür, müəyyən razılaşmalar var. Bu təhlükəlidir. Türkiyə Azərbaycanın gündəliyindən çıxış edir və Ermənistanı bunu qəbul etməyə məcbur edirlər”.
İrəvan dövlət universitetinin şərqşünaslıq fakültəsinin dekanı, türkoloq Ruben Melkonyan da hesab edir ki, Türkiyə nümayəndəsi Ermənistana diktə etmək üçün gəlir.
“Ermənistan-Türkiyə təmasları intensivləşib, çünki Ermənistan hakimiyyəti tələb olunan ilkin şərtləri yerinə yetirdi. Əgər Zəngəzur dəhlizi ilə bağlı yayılan məlumatlara inansaq (Zəngəzur dəhlizinin Kalininqrad təcrübəsinə uyğun açılması-red), vəziyyətin bizim üçün ürəkaçan olmadığı məlumdur. Ermənistan və onun hökuməti məğlub olub, Türkiyənin tələblərinə müqavimət göstərmək imkanı yoxdur, ona görə danışıqlar Ankaranın diktəsi ilə gedir. Düşünürəm ki, Kılıç İrəvanda şərtlər irəli sürəcək. Təbii ki, bu həm də Azərbaycanın tələbləridir”, - o deyib.
Tiran Lokmaqyozyan isə Serdar Kılıçın Zəngəzur bölgəsinə səfər edəcəyini istisna etmir.
“Bu səfər simvolik ola bilər. Onların istəyi dəhlizdir, amma artıq bütün Süniki (Zəngəzur-red) istəyirlər. Böyük müharibə olmasa, bütün Ermənistanı verməyəcəklər. Təxminən 10 min kvadratkilometr ərazimiz qalacaq. Hazırda Sünik təhlükədədir, əsas oyun da bu bölgədə gedir”, - o iddia edib.