"Ola bilər ki, İranın yeni səfiri Bakıya gələn gün Azərbaycanın Tehrandakı səfirliyi də fəaliyyətini bərpa etsin".
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Tural İsmayılov İRNA agentliyinin Azərbaycanın Tehrandakı səfirliyinin tezliklə fəaliyyətə başlayacağı barədə məlumatını şərh edərkən deyib.
Politoloq bildirib ki, İran ortaya səmimi mövqe qoymayana qədər, bu barədə danışmaq yersizdir:
"Bakı ilə Tehran arasında Azərbaycanın İrandakı səfirliyinin yenidən fəaliyyətə başlaması istiqamətində müəyyən razılaşmanın əldə olunduğu ilə bağlı müxtəlif məlumatlar yayılıb. Düşünürəm ki, İranın Bakıdakı səfirinin verdiyi açıqlamalara çox da etibar etməməliyik. Tehran Bakı ilə münasibətləri düzəltməkdən danışsa da, faktiki olaraq İran ərazisində Azərbaycan əleyhinə fəaliyyət göstərən terrorçuları təhvil verməkdən hələ də yayınır. İrandan Azərbaycana qarşı təhdidlər də davam edir. Bütün bunlarla bağlı İran ortaya səmimi mövqe qoymayana qədər, Bakı Tehran münasibətlərində hansısa bir böyük, köklü dəyişiklikdən söhbət gedə bilməz. Seyid Abbas Musəvinin Bakıdakı səfirlik fəaliyyətinin başa çatması müstəvisində İranın yeni səfirinin Azərbaycana gəlməsi gözlənilir".
Qeyd edək ki, İRNA agentliyinin İran Xarici İşlər Nazirliyindəki məlumatlı mənbəyə istinadən verdiyi məlumata görə, Tehranla Bakı arasında əlaqələrdə müsbət yöndə razılaşma əldə olunub və Azərbaycanın Tehrandakı səfirliyi tezliklə fəaliyyətə başlayacaq. "Daha böyük əməkdaşlıq istiqamətində müsbət yöndə razılaşmalar əldə olunub. Azərbaycan Respublikasının Tehrandakı səfirliyi tezliklə öz fəaliyyətini bərpa edəcək. Gündəlikdə həmçinin iki ölkə rəsmiləri arasında diplomatik və rəsmi görüşlərin keçirilməsi də dayanır, deyə mənbə qeyd edib.
Mənbənin məlumatına görə, İranın Bakıdakı səfiri Seyid Abbas Musəvinin missiyası başa çatıb: "Mövcud razılaşmalar çərçivəsində ölkəmizin yeni səfiri Bakıya göndəriləcək".
Onu da qeyd edək ki, 27 yanvar 2023-cü ildə Azərbaycanın Tehrandakı Səfirliyinə silahlı basqın nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb. Bundan sonra ölkəmizin Tehrandakı Səfirliyinin fəaliyyəti dayandırılıb.