Fransalı tarixçi: "Paşinyan separatçıların tör-töküntülərini mümkün qədər tez aradan qaldırmalıdır"

SİYASƏT
23:12 / 30.03.2024
371

Ermənistanın Baş naziri Nikol Paşinyan sabitliyi qorumaq, separatçı fəaliyyətin qalığını mümkün qədər tez aradan qaldırmaq üçün ən yaxşı yolu tapmalıdır, hətta lazım gələrsə, Bakı ilə məsləhətləşməlidir.

Bunu “Report”a açıqlamasında ADA Universitetinin müəllimi, fransalı tarixçi, politoloq Maksim Quen (Maxime Gauin) deyib.

O, Qarabağ separatçılarının keçmiş rəhbəri Samvel Şahramanyanın Fransanın “Le Figaro” nəşrinə müsahibəsi zamanı İrəvanda fəaliyyətlərini davam etdirmələri ilə bağlı səsləndirdiyi fikirlərə münasibət bildirib.

M.Quen xüsusilə nəşrin müxalifət mediası olmasına diqqət çəkib:

“Şahramanyanın müsahibə verdiyi Fransanın “Le Figaro” nəşri özəldir və müxalifət mediasıdır. Baş verənlər fonunda onu demək lazımdır ki, separatçılar Qarabağdakı 30 illik mövcudluğa görə Rusiyaya borcludurlar”.

Fransalı tarixçi bildirib ki, Nikol Paşinyan çox mürəkkəb bir oyun oynayır:

“O, iki dəfə, ikincidə həm Qarabağı, həm də işğal altında olan 8 kəndi əhatə edən kvadrat kilometrləri göstərməklə yazılı şəkildə ölkənizin ərazi bütövlüyünü tanıdı. Paşinyan həmçinin bu gün Rusiyanın Ermənistana təsir rıçaqlarını azaltmağa çalışır. Belə olan təqdirdə Paşinyan separatçıların tör-töküntüləri ilə ifrat sağçı yarımhərbi qruplaşmalardan biri olan “Döyüş Qardaşlığı” ilə rəftar etdiyi kimi rəftar etməyin yolunu tapmalıdır. Məsələn, bu ay ərzində Ermənistanda qanunsuz silah saxlama və sui-qəsd maddəsi ilə cinayət işi açıldı və “Döyüş Qardaşlığı” birliyinin nümayəndəsi olan 49 nəfər həbs edildi. Paşinyan onları milli təhlükəsizliyə təhdid adlandırdı. Nikol Paşinyan sabitliyi qorumaq, separatçıların tör-töküntülərini mümkün qədər tez aradan qaldırmaq üçün ən yaxşı yolu tapmalıdır, hətta lazım gələrsə, Bakı ilə məsləhətləşməlidir”.

M.Quen vurğulayıb ki, hələlik Ermənistan müxalifəti parçalanıb, seçicilər arasında bədbinlik artır, lakin bu, qisasçı silahlı ünsürlər məsələsini həll etmir:

“Ötən ilin sentyabrında Amerika Erməniləri Milli Komitəsinin icraçı direktoru Aram Hamparyan öz feysbuk hesabında Paşinyanın öldürülməsinə çağırış etdi. Ermənistan Daxili İşlər Nazirliyi 2020-ci ilin noyabrından 2024-cü ilin yanvarına qədər olan müddətdə 3500 silahın müsadirə edildiyini, lakin daha 17 min başqa odlu silah axtardıqlarını açıqladı. Bunların fonunda tarixi bir misal üzərində düşünə bilərik: Şarl de Qoll 1958-ci ildə Əlcəzairi saxlamaq məqsədilə yenidən hakimiyyətə gəldi, sonra 1959-cu ildə öz müqəddəratını təyinetmə qərarını elan etdi və ölkə 1962-ci ildə müstəqil oldu. Sərt xətt tərəfdarları onu qisas hissi ilə öldürməyə çalışdılar. Bu istiqamətdə ilk cəhd 1961-ci ilin sentyabrında, sonuncu isə 1964-cü ilin avqustunda baş verdi. Sui-qəsd planlaşdıran ən sonuncu qrup 1965-ci ilin mayında həbs edildi. Ancaq 1962-ci ildə müstəqillik əldə etdikdən sonra geniş fransız radikal sağı bugünkü erməni müxalifətindən daha çox depressiyaya düşmüş və parçalanmışdı. Deməli, sırf qisas ruhu ilə terroru sınamaq üçün xalq dəstəyinə ehtiyac yoxdur. Qorxulmalı və diqqətdə saxlanmalı olan əsas problem budur”.

0