Paşinyanın Brüssel görüşündən gözləntiləri nə idi, nə əldə etdi?

SİYASƏT
10:01 / 06.04.2024
584

"Ermənistanın Baş naziri Nikol Paşinyanın Brüssel görüşündən əsas gözləntisi iqtisadi təminat idi".

Bunu "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.

O, bir neçə gün öncə ABŞ və Avropa İttifaqı tərəfindən görüşün ticari əhəmiyyətli olacağı barədə açıqlama verildiyini xatırladıb:

"Onlar həm də Azərbaycanın narahatlığına ehtiyac olmadığını bildirmişdilər. Lakin bu görüşün məqsədi ticari məsələlər olsa belə, ABŞ və Avropa İttifaqının birdən-birə Ermənistana iqtisadi yardımının arxasında nələr dayandığı maraqlıdır. Hesab edirəm ki, görüş iqtisadi olsa da, kökündə siyasi məqsədlər dayanır".

Ekspert qeyd edib ki, Paşinyanın əsas gözləntisi iqtisadi yardım idi:

"Görüşün mahiyyəti bundan ibarət idi və elə də oldu. Həm ABŞ, həm də Avropa İttifaqı Ermənistana müəyyən qədər maliyyə yardımı ayırdı. Amma şübhəsiz ki, bunlar boş-boşuna deyil. Nəzərə almaq lazımdır ki, bu gün müəyyən məqsədlər üçün Ukraynaya da maliyyə yardımı ayrılır. İndi də Ermənistana yönəlik bənzər addımlar atılır".

347357

Politoloqun sözlərinə görə, Ermənistan Rusiyadan daha da uzaqlaşacaq:

"Erməni mətbuatı yazırdı ki, əgər Paşinyan Brüssel görüşündə istədiyini alsa, Ermənistan təhlükəsizlik vektoru dəyişəcək. Yəni rəsmi İrəvan həmin maliyyə vəsaiti hesabına Rusiyadan tamamilə uzaqlaşmağa çalışacaq. Çox güman ki, biz yavaş-yavaş bunu daha da aydın şəkildə müşahidə edəcəyik".

Kənan Novruzov Brüssel görüşünün nəticələrinə də toxunub:

"Birincisi, Brüssel görüşünün nəticəsi olaraq yaxın gələcəkdə Ermənistanla Qərb arasındakı əlaqələr güclənəcək. İkincisi, Rusiya ilə Ermənistan arasındakı əlaqələr daha da gərginləşəcək. Üçüncüsü isə Ermənistanın hərbi və diplomatik təxribatları nəticəsində Cənubi Qafqazdakı vəziyyət gərginləşə bilər. 

Artıq bunun işartıları da hiss olunur. Bütün bunlar da təsadüfi deyil. Çünki Qərb Ermənistana təhlükəsizlik təminatı qarşılığında Paşinyan hakimiyyətinə yol xəritəsi verib. Rəsmi İrəvan da bunun əsasında hərəkət edir".

Pərviz

0