"Sülhməramlıların vaxtından əvvəl Qarabağdan çıxarılması diplomatik uğurdur" - Politoloq

SİYASƏT
10:41 / 18.04.2024
603

"Rusiyanın sülhməramlı kontingentinin Azərbaycandan çıxarılması böyük diplomatik uğurdur".

Bu sözləri Hit.az-a açıqlama verən politoloq Aydın Quliyev deyib.

O bildirib ki, bu, həm də Azərbaycan-Rusiya münasibətlərində və Cənubi Qafqaz tarixində əlamətdar hadisədir:

"Üstəlik, rus sülhməramlıları vaxtından əvvəl Qarabağdan gedir. Buna baxmayaraq, Rusiya ilə Azərbaycan arasındakı münasibətlərə heç bir halda xələl gəlmir. Sülhməramlıların Qarabağa gəlişi kimi, gedişi də Azərbaycan-Rusiya münasibətlərinin ən yaxşı olduğu dövrə təsadüf edir".

348113

Ekspert vurğulayıb ki, rus sülhməramlılarının vaxtından əvvəl Qarabağdan çıxarılması Azərbaycan-Rusiya münasibətlərini gərginləşdirməyəcək:

"Əksinə, ikitərəfli münasibətlərdə bundan sonra daha yaxşı mərhələnin başlaması gözlənilir. Rusiya sülhməramlıları kontingentinin Qarabağdan gedişi ikitərəfli münasibətlərin qarşılıqlı anlaşma səviyyəsində olduğunu göstərir. 

2012-ci ildə rus hərbçilərinin Qəbələdən Radiolokasiya Stansiyasını (RLS) gedişi də eynən bu cür baş vermişdi. Yəni o dönəmdə də hansısa dövlətlərarası qalmaqal yaşanmamış və münasibətlər gərginləşməmişdi. O zaman da bir çoxları buna inanmırdılar. Hətta Rusiya-Azərbaycanın münasibətlərinin kəskinləşəcəyi ilə bağlı proqnozlar var idi. İndi də rus sülhməramlılarının belə tezliklə Qarabağdan gedəcəyinə bir çoxları inanmırdı". 

Politoloq qeyd edib ki, sülhməramlıların qarşılıqlı anlaşma şəraitində Qarabağı tərk etməsi çox mühümdür:

"Nəzərə almaq lazımdır ki, sülhməramlıların gedişi Azərbaycanla Rusiya arasında gərginliyə səbəb olmadı. Əlbəttə ki, bu ilk növbədə Azərbaycan hakimiyyətinin diplomatiyanı düzgün istiqamətdə və tempdə qurmasının nəticəsidir. Həmçinin, Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin arasında qarşılıqlı yaxşı münasibətlərinin olduğunu da xüsusi qeyd etmək lazımdır".

Pərviz

0