Laçın sərhəd-buraxılış məntəqsinin birinci ildönümü - Tarixi proseslər necə başladı?

SİYASƏT
14:03 / 23.04.2024
182
İkinci Qarabağ müharibəsi nəticəsində Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi tarixə qızıl hərflərlə yazılmış misilsiz hadisə idi. Bu gün Cənubi Qafqazda cərəyan edən çox mühüm proseslərin, həmçinin rəsmi Bakının beynəlxalq aləmdə öz sözünü artıq qətiyyət və əminliklə deməsinin kökündə məhz həmin 44 günlük döyüşlər və onun tarixi nəticəsi dayanır.
 
Qeyd etmək lazımdır ki, İkinci Qarabağ müharibəsindən sonra da Azərbaycan uğurlu hərbi-diplomatik addımlarını eyni tempdə davam etdirdi. Həmin addımlardan biri də düz bir il əvvəl - 2023-cü il aprelin 23-də Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsinin qurulması oldu.
 
Bu, kifayət qədər mühüm və taleyüklü hadisə idi. Çünki 44 günlük müharibədən sonra Ermənistan 2020-ci il 10 noyabr tarixli üçtərəfli bəyanatın tələblərinə zidd olaraq, Azərbaycan ərazisindəki qeyri-qanuni silahlı dəstələri üçün canlı qüvvə, silah-sursat, mina, eləcə də digər hərbi təyinatlı vasitələrin daşınmasını davam etdirirdi. Məhz bunun qarşısının alınması məqsədilə ərazidə sərhəd-buraxılış məntəqəsinin qurulması qaçılmaz zərurətə çevrilmişdi. Proseslərin sonrakı inkişafı da göstərdi ki, bu, kifayət qədər effektiv addım oldu. Hər halda, qeyd olunan sərhəd-buraxılış məntəqəsinin istifadəyə verilməsi sayəsində İrəvanın təxribat imkanları əhəmiyyətli dərəcədə məhdudlaşdırıldı.
 
 
Sözsüz ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın növbəti uğuru olaraq, bütövlükdə Cənubi Qafqaz regionunda təhlükəsizliyin təmin edilməsinə yönəlik çox uğurlu gediş idi. Prezident İlham Əliyev öz çıxışlarında bu məsələyə bir neçə dəfə toxunaraq onun önəmini qeyd edib. Məsələn, dövlət başçısı bu il yanvarın 10-da yerli televiziya kanallarına müsahibəsində Laçın sərhəd-buraxılış məntəqəsinin qurulmasının əhəmiyyəti barədə də danışmışdı.
 
"23 aprel hadisələri çox önəmli bir tarixdir. O vaxt və ondan sonra mən demişdim ki, 23 aprel tarixində bizim ərazi bütövlüyümüz tam bərpa edildi. Bütün sərhədlərə biz nəzarət etməyə başlamışdıq və bir daha göstərdik ki, bu torpaqların sahibləri bizik”, - ölkə liderinin bu sözləri sözügedən məsələnin əhəmiyyətini bir daha göstərir.
 
Başqa bir məsələ ondan ibarətdir ki, məhz Laçın sərhəd-buraxılış məntəqisinin fəaliyyəti nəticəsində bəzi terrorçuların saxlanılması təmin olundu. Məsələn, Meşəli cinayətkarı, Azərbaycana qarşı vandallıq aktları törətmiş Vaqif Xaçaturyan 2023-cü il iyulun 29-da Ermənistan ərazisinə keçmək istəyərkən Laçın sərhəd-buraxılış məntəqəsində saxlanılaraq istintaqa təhvil verilib. Bu, bir daha onu deməyə əsas verir ki, Laçın sərhəd-buraxılış məntəqəsinin qurulması Azərbaycanın öz təhlükəsizliyini və bütövlükdə regionun təhlükəsizliyini təmin etməsi üçün son dərəcə mühüm həmlə idi.
 
 
Milli Məclisin deputatı Azər Badamov sözügedən məsələ haqqında "Report”a açıqlamasında bildirib ki, Laçın sərhəd-buraxılış məntəqəsi yaradılana qədər Ermənistan Azərbaycanla ikitərəfli danışıqlar masasında oturmaqdan yayınırdı:
 
"Bu gün Azərbaycan dövləti suveren ərazilərinin bütövlüyünü təmin edib. Artıq Ermənistanla beynəlxalq hüquq çərçivəsində əməkdaşlığın qurulması və münasibətlərin normallaşdırılması istiqamətində ikitərəfli görüşlər keçirilir. Amma Laçın sərhəd-buraxılış məntəqəsi yaradılana qədər Ermənistan Azərbaycanla ikitərəfli danışıqlar masasında oturmaqdan yayınırdı.
 
Çünki bu addımla Ermənistan yeni reallıqlarla barışmalı oldu. Başa düşdü ki, daha çıxış yolu yoxdur. Necə deyərlər, vurnuxmaq fayda verməyəcək”.
 
 
Millət vəkili bir il əvvəl gerçəkləşən məlum hadisənin həqiqətən, çox mühüm əhəmiyyət daşıdığını deyib:
 
"Beləliklə, deyə bilərik ki, bir il əvvəl sərhəd-buraxılış məntəqəsinin qurulması doğrudan da, mühüm tarixi əhəmiyyət daşıyırdı. Son günlər baş verən bəzi hadisələrdə, o cümlədən, Rusiya sülhməramlı kontingentinin regiondan çıxarılmasında, Qazaxın dörd kəndinin Azərbaycana qaytarılmasında, İrəvanla Bakı arasında sülh sazişinin heç vaxt olmadığı qədər yaxın olmasında Laçın sərhəd-buraxılış məntəqəsi mühüm rol oynayıb”.
 
0