"Son zamanlarda Azərbaycanla Rusiya arasındakı münasibətlər inkişaf edir".
Bu sözləri "Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bu, həm də maraqların təzahürüdür:
"Dövlətlərin daimi dostluqları olmur, daimi maraqları olur. Xarici siyasət və münasibət də o maraqlar konteksindən formalaşır. Düşünürəm ki, hazırda Azərbaycanla Rusiya ortaq maraqlar konteksindən çıxış edirlər".
Ekspertin sözlərinə görə, Rusiya indiki məqamda Azərbaycanla münasibətlərinin pisləşməsini istəmir:
"Çünki Rusiya dünyadan təcrid olunub, tərəfdaşlarının və müttəfiqlərinin sayı getdikcə azalır. Belə bir məqamda Rusiya qonşu və tarixi əlaqələri olan Azərbaycanla münasibətlərini korlamaq istəmir. Həmçinin, son zamanlarda Ermənistanın Qərbin təzyiqi ilə Rusiyadan uzaqlaşdığını da nəzərə almaq lazımdır.
Ona görə də, Moskva Bakı ilə bərabərhüquqlu tərəfdaşlıq münasibətləri qorumağa çalışır. Rusiya ilə Azərbaycan arasında enerji sahasi başda olmaqla iqtisadi əlaqələr mövcuddur. Əlbəttə ki, bu məsələdə tərəflər arasındakı siyasi münasibətlərin inkişaf etməsinə təsir edir".
Politoloqun fikrincə, Azərbaycan Rusiya ilə Ukrayna arasında vasitəçi ola bilər:
"Şübhəsiz ki, Rusiyanın Azərbaycanla yaxşı münasibətlərində Ukrayna müharibəsinin də rolu var. Çünki Azərbaycan bu müharibədə neytral mövqe nümayiş etdirən tək-tük dövlətlərdən biridir. Belə olan halda, Türkiyə ilə yanaşı Azərbaycanın da gələcəkdə Rusiya ilə Ukrayna arasında vasitəçilik etməsi gündəmə gələ bilər.
Düşünürəm ki, bu, baş verə bilər. Ona görə də Azərbaycan Rusiya üçün çox əhəmiyyətlidir. Həmçinin, Azərbaycan da Rusiya ilə qonşu ölkə kimi münasibətlərin qorunmasında maraqlıdır".
Pərviz