Dünən gündəmi ABŞ Konqresinə Azərbaycanın 40 vəzifəli şəxsi haqqında sanksiya qərarı tətbiq edilməsi üçün qanun layihəsinin təqdim edilməsi xəbəri zəbt etdi.
Təqdim edilən siyahıda adı keçən şəxslərin böyük əksəriyyəti Qarabağ müharibəsi fatehləri olan hərbçilər, müharibə canilərinə və əsirlərə hökm oxumuş hakimlər, terrorçulara, xarici casus şəbəkələrinə qarşı daim uğurlu mübarizə taktikası sərgiləyən DTX rəhbərliyi və s. şəxslərdir. Ermənipərəst, yunan əsilli deputat Dina Taytus belə bir təkliflə çıxış edib.
Bəs bu qanun layihəsi fikri hardan çıxdı? Nə üçün belə bir layihə irəli sürüldü?
Hit.az-ın sualını cavablandıran siyasi şərhçi Mübariz Göyüşlü bildirib ki, məsələ erməni lobbisinin başının altından çıxıb:
“Bu qanun layihəsi erməni lobbisinin Azərbaycana qarşı qisasçılıq planının bir hissəidir. Dina Taytus türk düşmənçiliyi ilə yaşayan, erməni maliyyə çətirinin altına sığınmış bir konqresmendir və lobbinin əlində alət kimi istifadə olunur. Onun türklərə qarşı nifrəti Konqresdəki çıxışlarda aşkar görünür. Dina Taytus Qarabağdakı qondarma rejimin qorunub saxlanılması təklifini dəfələrlə irəli sürüb.
Yunan konqresmen son çıxışını erməni publikası üçün edərək, aprelin 24-də qeyd olunan qondarma erməni soyqırımına “hədiyyə” olaraq, belə ikrah doğuran bir layihəni irəli sürüb. Məsələ bundadır ki, ABŞ konqresi bu layihəni qəbul edərsə, ikili yanaşmasını açıq ifadə etmiş olacaq və Qafqazda Azərbaycan kimi güclü bir tərəfdaşla münasibətləri gərginləşəcək. Bu qanun layihəsi qəbuledilməzdir, yolverilməzdir və tamamilə qərəzli xarakter daşıyır".
Murad