"Almaniya Azərbaycanla əməkdaşlıqda maraqlıdır" - Ekspert

SİYASƏT
10:15 / 26.04.2024
533

"Prezident İlham Əliyev ADA Universiteti tərəfindən artıq ənənə halını almış 6-cı beynəlxalq konfransda iştirak edərək dünyanın 30 ölkəsindən nüfuzlu qonaqlarının, beyin mərkəzlərinin, ictimai fəalların və digərlərinin suallarını cavablandırdı. Eyni zamanda, Azərbaycanın yürütdüyü siyasətlə bağlı mövqe ortaya qoydu. Dövlətimizin başçısı Azərbaycanın Almaniya ilə bağlı mövqeyini də bəyan etdi". 

Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, Almaniya Azərbaycanla əməkdaşlıqda maraqlıdır:

"Fevral ayında Prezident İlham Əliyev Münhen Təhlükəsizlik Konfransına getdi və orada bir sıra mühüm görüşlər keçirdi. Həmçinin, dövlətimizin başçısı mart ayında Almaniyaya səfər etdi, Almaniya Prezidenti və Kansleri ilə görüşdü. Bununla yanaşı, İlham Əliyev dünən də Füzulidən Berlinə getdi. Qısa müddət ərzində baş verən proseslər bir daha ondan xəbər verir ki, Avropa iqtisadiyyatının sütunu olan Almaniya Azərbaycanla münasibətləri normallaşdırmaqda maraqlıdır.

Nəzərə almaq lazımdır ki, Avropa İttifaqının Rusiya-Ukrayna müharibəsi fonunda enerji resurslarından məhrum olması və ciddi çətinliklərlə üz-üzə qalması yeni enerji tərəfdaşlarının axtarılması prosesi başladı. Azərbaycan isə bundan öncə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində ciddi rola sahib dövlət olub". 

348793

Ekspert diqqətə çatdırıb ki, Azərbaycan Avropa İttifaqına daxil olan 27 dövlətin 9-u ilə ikitərəfli tərəfdaşlıq sazişləri imzalayıb:

"Avropa İttifaqı ilə də münasibətlərimiz yüksək səviyyədədir. Təbii ki, orada da ermənipərəst qüvvələr var. Amma Avropa İttifaqının lider dövləti olan Almaniyanın Azərbaycanla əməkdaşlıqda maraqlı olması açıq şəkildə görünür.

Üstəlik, Prezident İlham Əliyev konfransda onu da xüsusi olaraq vurğuladı ki, Azərbaycanla Almaniya arasındakı münasibətlər heç vaxt indiki qədər inkişaf etməyib. Hazırda ikitərəfli münasibətlər pik səviyyəsini yaşayır". 

Xəyal Bəşirov qeyd edib ki, dünyada baş verən kataklizmlərin, yeni münaqişələrin yaradılmasının və əvvəlki münaqişələrin alovlandırılması fonunda Azərbaycanın Almaniya kimi böyük iqtisadiyyatı olan dövlətlə əməkdaşlığı çox önəmlidir:

"İşğaldan azad edilmiş ərazilərimizin quruculuq və bərpa işlərinə Almaniya dövləti və şirkətləri sərmayə yatıra bilər. Həmçinin, "yaşıl enerji" və alternativ bərpa olunan digər enerji resurslarının Avropaya ixrac edilməsi baxımından Azərbaycan-Almaniya münasibətlərində təməl prinsiplərin möhkəm olduğunu deyə bilərik. Ona görə də, əməkdaşlığımızı davam etdirəcəyik. 

Bundan başqa, orta dəhlizin Avropa ilə Asiyanı birləşdirməsi, logistika layihələrini reallaşdırması baxımından Almaniyanın Cənubi Qafqaz regionuna və onun aparıcı qüvvəsi olan Azərbaycan dövlətinə olan marağı hər gün artacaq".

Pərviz

0