Mayın 8-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Bolqarıstan Respublikasının Prezidenti Rumen Radev mətbuata bəyanatlarla çıxış ediblər.
HİT.az xəbər verir ki, əvvəlcə dövlətimizin başçısı mətbuata bəyanatla çıxış etdi.
Prezident İlham Əliyevin bəyanatı
- Hörmətli cənab Prezident, əziz dostum.
Hörmətli xanımlar və cənablar.
Hörmətli qonaqlar.
Bu gün Bolqarıstan Respublikasının Prezidentinin Azərbaycana səfəri zamanı bir neçə önəmli sənəd imzalanmışdır. Onların arasında təbii ki, strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni xüsusilə qeyd etmək istərdim. Bolqarıstan və Azərbaycan 2015-ci ildən strateji tərəfdaşdırlar. Bu illər ərzində əlaqələrimiz sürətlə və uğurla inkişaf edib. Bolqarıstan Prezidentinin budəfəki səfəri bunun növbəti təzahürüdür.
Bizim Prezident Radevlə görüşlərimiz müntəzəm xarakter daşıyır. Keçən il həm Prezident Radev Azərbaycana, həm də mən Bolqarıstana səfərlər etmişdik. Eyni zamanda, keçən il biz Bolqarıstan-Serbiya sərhədində görüşmüşdük. Bir sözlə, fəal siyasi dialoq imkan verir ki, bütün istiqamətlər üzrə əlaqələrimiz genişlənsin, dərinləşsin və yeni nəticələr əldə edilsin.
Təbii ki, bu gün Bolqarıstan-Azərbaycan əlaqələrinin geniş spektri müzakirə edilmişdir və gələcək addımlarımız haqqında fikir mübadiləsi aparılmışdır. Son vaxtlar ticarət dövriyyəsi bir neçə dəfə artmışdır. Bunun əsas səbəbi təbii ki, enerji sektorundakı əməkdaşlıqdır. Bu əməkdaşlığın bugünkü səviyyəsi və perspektivləri də çox müsbətdir. Təkcə onu demək kifayətdir ki, təbii qaz təchizatı sahəsində ildən-ilə Azərbaycan qazının Bolqarıstana ixracı artmaqdadır. Keçən il 1 milyard 250 milyon kubmetr Azərbaycan qazı Bolqarıstan bazarına nəql edilmişdir. Müqayisə üçün deyə bilərəm ki, 2022-ci ildə bu rəqəm cəmi 600 milyon kubmetr idi. Bizim hesablamalarımız onu göstərir ki, bu ilin sonuna qədər 1,5 milyard kubmetr Azərbaycan qazı Bolqarıstana ixrac ediləcək. Bu da Bolqarıstanın qaz istehlakının təqribən 50 faizini təşkil edir. Yəni, bu gün Azərbaycan Avropa Komissiyasının dili ilə desək, Panavropa qaz təchizatçısı kimi fəaliyyətini Avropa məkanında genişləndirir və enerji təhlükəsizliyi məsələlərinin həlli üçün öz dəstəyini əsirgəmir.
Bolqarıstan, eyni zamanda, qaz nəqli istiqamətində önəmli tranzit ölkəyə çevrilibdir. Hazırda Azərbaycan qazı Bolqarıstan ərazisindən digər qonşu ölkələrə ixrac edilir və şübhəsiz ki, gələcəkdə bu ölkələrin sayı daha da artacaq. Yəni, bu, əməkdaşlığımızın konkret nəticələridir, çox güclü ikitərəfli əlaqələrimizin məntiqi nəticəsidir. Çünki bizim əməkdaşlığımız gərək konkret nəticələrlə sonuclansın. Yəni, əməkdaşlığın əsas məqsədi daha yaxşı nəticələri əldə etməkdir və biz həm ticarət dövriyyəsinin artımında, eyni zamanda, energetika sahəsindəki əməkdaşlıqda bunu görürük.
Bu gün biz bir layihəni də müzakirə etdik, o da yaşıl enerji kabelidir. Bildiyiniz kimi, Azərbaycan tərəfdaş ölkələrlə, o cümlədən Bolqarıstanla bu istiqamətdə çox fəal iş aparır. Hesab edirik ki, bir neçə aydan sonra hazır olacaq texniki-iqtisadi əsaslandırma işlərin başlanması üçün gözəl zəmin olacaq. Beləliklə, Azərbaycan Avropa məkanı üçün təkcə neft-qaz təchizatçısı kimi deyil, eyni zamanda, yaşıl enerji təchizatçısı kimi özünü göstərəcək. Potensial kifayət qədər genişdir və biz bu barədə, eyni zamanda, ilin sonunda COP29 konfransında da danışacağıq. Mən Prezident Radevi bu tədbirdə iştirak etmək üçün Azərbaycana dəvət etmişəm.
Bir önəmli istiqamət isə nəqliyyatla bağlıdır. Bu da müzakirə edildi. Mən Prezident Radevə məlumat verdim ki, Azərbaycanın sərmayəsi sayəsində bir neçə gün bundan əvvəl Bakı-Tbilisi-Qars dəmir yolunun modernləşdirilməsi tam başa çatmışdır. Onun ötürmə qabiliyyəti bir neçə dəfə artırılmışdır. Vaxtilə Azərbaycan tərəfindən təşəbbüs kimi irəli sürülmüş, bu gün isə artıq imkanları genişləndirilmiş bu layihə Orta Dəhlizin önəmli seqmenti kimi təbii ki, mühüm rol oynayacaq. Həm Şərq-Qərb istiqaməti və həm də əks istiqamət üzrə daha böyük həcmdə yüklərin daşınması bizim münasibətlərimizi daha da gücləndirəcək.
Bir sözlə, hesab edirəm ki, artıq bugünkü səfərin nəticələri haqqında danışmaq olar. Nəticələrdən biri odur ki, strateji tərəfdaşlığımızın artıq gücləndirilmiş versiyası rəsmən qəbul edilib, təsdiqlənib. Bütün qeyd etdiyim və bir neçə başqa məsələ ilə bağlı da bizim fikir ayrılığımız yoxdur. Bizim məqsədimiz ikitərəfli əməkdaşlığı dərinləşdirmək, yeni məzmunla zənginləşdirmək və strateji tərəfdaşlar kimi birgə səylər göstərməkdir.
Hörmətli cənab Prezident, bir daha Sizi salamlayıram və Sizə xoş səfər arzulayıram.
x x x
Sonra Bolqarıstan Prezidenti bəyanatla çıxış etdi.
Prezident Rumen Radevin bəyanatı
- Hörmətli cənab Prezident.
Hörmətli nümayəndə heyətinin üzvləri.
Hörmətli media nümayəndələri.
Əvvəlcə mən Bolqarıstanın dostu və mənim şəxsi dostum Azərbaycan Prezidenti İlham Əliyevə dəvətə və səmimi qonaqpərvərliyə görə təşəkkürümü bildirmək istərdim. Bu, ənənəvi Azərbaycan qonaqpərvərliyinə uyğun olan bir qarşılanmadır.
Bizi ənənəvi dostluq, anlaşma və qarşılıqlı etimad əlaqələri birləşdirir. Biz ən yüksək səviyyədə siyasi-strateji dialoqu aparırıq. Cənab Prezident Əliyev qeyd etdiyi kimi, bu, bizim son dövrdə dördüncü görüşümüzdür. Bu, təkcə vacib bir göstərici deyil, bizim ən yüksək səviyyədə olan siyasi dialoqumuz yaxşı zəmin yaradır ki, təkcə ölkələrimizin deyil, Qafqazın və Qara dəniz hövzəsinin iqtisadi firavanlığını təmin edir, həmçinin Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Mən icazənizlə bir neçə nailiyyətimizi sadalamaq istərdim. Birincisi, Azərbaycan Bolqarıstan üçün enerji sahəsində mühüm, həlledici tərəfdaşa çevrilib və bizim qaz təchizatının şaxələndirilməsində vacib rol oynayır. 2022-ci ilin payızında Prezident Əliyevin iştirakı ilə Sofiya şəhərində biz Yunanıstanla Bolqarıstan arasında qaz şəbəkəsindən istifadə etməyə başladıq və beləliklə də Cənub Qaz Dəhlizi Mərkəzi və Şərqi Avropaya birləşdi. Bu, əlbəttə, Avropa Komissiyasının siyasətinə uyğun idi ki, enerjinin şaxələndirilməsi və mənbələrin təhlükəsizliyi təmin edilsin. Çünki müvafiq Avropa İttifaqı-Azərbaycan strateji tərəfdaşlıq Sazişi imzalanmışdır. Bundan sonra cənab Prezident bir daha Bolqarıstana səfər etdi və orada bizim təşəbbüsümüzlə “Həmrəylik Halqası” layihəsi ilə bağlı memorandum imzaladıq ki, burada səylərimizi birləşdirəcəyik və Bolqarıstan, Rumıniya, Macarıstan, Slovakiya və SOCAR-ın imkanları səfərbər edilsin ki, Azərbaycandan əlavə qaz həcmləri bizim istiqamətdə daxil ola bilsin. Bu da bütün regionun təhlükəsizliyi üçün vacib bir məsələdir. Biz, eyni zamanda, Sofiyada SOCAR-ın ofisinin birlikdə açılışını etdik. Bu da onun göstəricisi idi ki, biz enerji sahəsində əməkdaşlığı dərinləşdirmək əzmindəyik.
Bizim müzakirələrimizdə enerji aparıcı rol oynayır. Ancaq bu, bizim əməkdaşlığımızı məhdudlaşdıran bir amil deyil. Bizim digər sahələrdə də həm hökumət səviyyəsində, həm də işgüzar dairələr arasında əlaqələrimiz var. Hətta bələdiyyələr səviyyəsində də təmaslarımız var ki, biz əlaqələri və əməkdaşlığı gücləndirək. Burada həm nəqliyyat, həm rəqəmsallaşma aspektləri də mövcuddur, yaşıl enerji layihələri, təhsil, mədəniyyət və turizm sahələrində birgə layihələrimiz var. Ona görə, təbii bir haldır ki, bu gün biz çox əhəmiyyətli bir sənəd – Azərbaycan ilə Bolqarıstan arasında strateji tərəfdaşlığın gücləndirilməsi haqqında Birgə Bəyannaməni imzaladıq. Bu isə bizim mühüm, nəhəng potensialımızın və qarşılıqlı istəyimizin göstəricisi idi ki, ölkələrimiz çox gözəl, əla səviyyədə olan əlaqələri daha da yüksək səviyyəyə qaldırsınlar. Bundan əlavə, bir neçə sazişin imzalanmasının şahidi olduq. Ancaq təkcə bu auditoriyada deyil, digər tədbirdə - biznes forumda da müvafiq sazişlər imzalanır.
Cənab Prezident, Sizi əmin etmək istəyirəm ki, bizim birgə marağımız və istəyimiz ondan ibarətdir ki, ölkələrimizin geosiyasi, geostrateji yerləşməsini nəzərə alaraq, təkcə enerji, nəqliyyat və əməkdaşlıq deyil, digər sahələrdə də strateji mövqeyə malik olaq. Biz əlimizdən gələni edəcəyik ki, bütün sahələrdə, xüsusilə də bağlantı məsələsində regionlarımızda sabitliyi təmin edək. Biz Asiya və Avropa arasında əlaqələrin intensivləşməsinə töhfə veririk və bu, bizim üçün prioritetdir.
Prezident Əliyevin təşəbbüsü ilə biz tariflərin uyğunlaşdırılması və gömrük inzibatçılığı məsələlərində də sadələşdirmə prosesləri ilə məşğul oluruq ki, biz həmin məsələləri həll edə bilək. Gördüyünüz kimi, burada AZAL və Bolqarıstan hava yolları arasında saziş imzalandı. Biz Sofiya-Bakı müntəzəm uçuşlarının bərpa edilməsini görəcəyik. Eyni zamanda, biz “Asarel Investment” və SOCAR arasında Sazişin imzalanmasının şahidi olduq və bu sahədə də görüləcək işlərimiz çoxdur.
Mən Prezident Əliyevlə yeddi ildən artıqdır ki, tanışam və bu dövr ərzində bizim çoxsaylı müzakirələrimiz olub. Mən onun cəsarətli baxışına şahidəm, ona çox gözəl bələdəm. O, Azərbaycanı dinamik şəkildə inkişaf etdirmək əzmindədir. Yaşıl enerji layihələri bunun bariz nümunəsidir. Bununla yanaşı, onun fəal diplomatiyası da imkan verdi ki, bu gün biz beynəlxalq səviyyədə sülh və təhlükəsizlik, sabitlik haqqında danışaq. Ona görə mənə heç də təəccüblü gəlmədi ki, Azərbaycan COP29 kimi olduqca mötəbər bir tədbirə ev sahibi seçildi. Biz Bolqarıstan olaraq o zaman Azərbaycanın namizədliyini qəti şəkildə dəstəklədik. Bu gün mən Prezident Əliyevə məlumat verdim ki, biz də öz növbəmizdə institusional və ekspert səviyyəsində COP29-a dəstək verməyə hazırıq.
Bu gün bir çox şirkətlərin nümayəndələri mənimlə Bakıda səfərdədirlər. Artıq onlar müxtəlif həllər təklif edirlər ki, Azərbaycan bu regionda öz liderlik rolunu inkişaf etdirməkdə davam etsin, xüsusilə də yaşıl enerji, ətraf mühitin qorunması sahələrində. Sizə bir nümunə deyə bilərəm, bizim işlənmiş neft məhsulundan yeni məhsullar əldə etmək layihəmiz var. Bu materiallardan həm gübrə kimi, həm də tikinti materialı kimi istifadə oluna bilər. Eyni zamanda, karqodronların istehsalı sahəsini yarada bilərik. Yəni, söhbət yüklərin pilotsuz aparatlar vasitəsilə daşınmasından gedir, əlbəttə, söhbət, kiçikhəcmli yüklərdən gedir. Bununla da Azərbaycana regionda aparıcı, yüksək texnologiyaya sahib olan və xüsusilə də ətraf mühit üçün zərərsiz olan həllər və layihələr təklif edirik. Biz nəinki bu layihələri müzakirə edirik, bəziləri ilə bağlı artıq sazişlər imzalanıb, müqavilələr bağlanıb.
Biz cənab Prezidentin Bolqarıstana səfəri çərçivəsində Azərbaycanın qədim mədəniyyət paytaxtı Şuşa və Veliko-Tırnovo ilə əlaqələr qurduq. Mən Sizə təşəkkür edirəm ki, Sizin dəstəyinizlə bir neçə gözəl layihə həyata keçirilib. Bu işdə Heydər Əliyev Fondunun da fəal rolu olub. Bu Fond bizim ölkədə tarixi-mədəni abidələrin qorunması layihələrini həyata keçirib.
Bir daha Sizi bu gözəl abidələrin bərpadan sonra açılışı ilə bağlı Bolqarıstana dəvət edəcəyik, cənab Prezident. Çox səmərəli, məhsuldar müzakirələrə görə Sizə bir daha təşəkkür edirəm, bu dəvətə görə təşəkkür edirəm. İnanıram ki, bu müzakirələr zamanı əldə etdiyimiz razılaşmalar və imzalanmış sənədlər bizim strateji tərəfdaşlığımızı daha da dərinləşdirəcək və artıq çox güclü olan əməkdaşlığın təməlini daha da gücləndirəcək. Sağ olun.
15.55
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə mayın 8-də geniş tərkibdə görüşü keçirilib.
HİT.az xəbər verir ki, görüşdə çıxış edən Prezident İlham Əliyev dedi:
- Cənab Prezident, nümayəndə heyətinin üzvləri, bir daha xoş gəlmisiniz.
Ölkəmizə yenidən səfər edən əziz dostum Prezident Radevi görməyə çox şadam. Bildiyiniz kimi, bizim mütəmadi təmaslarımız olur və qarşılıqlı səfərlərin həyata keçirilməsi artıq yaxşı bir ənənəyə çevrilib. Mən şadam ki, biz səmərəli müzakirələrimizi davam etdirəcəyik və tərəfdaşlığımızı gücləndirəcəyik.
Cənab Prezidentlə görüşümüzdə əməkdaşlığımızın müxtəlif aspektlərini müzakirə etdik və əlbəttə ki, əsas diqqəti yeni nəticələr əldə olunmasına yönəltdik. Bilirəm ki, nümayəndə heyətlərinin üzvləri artıq təmasda olublar, bəziləri dünən, bəziləri bu gün. Müzakirə etməli çox məsələlər var. Gündəlik həqiqətən də çox genişdir, güclü siyasi əlaqələr var. Bu gün biz strateji tərəfdaşlığımızın gücləndirilməsinə dair Bəyannamə imzalayacağıq. İqtisadi, enerji, nəqliyyat sektorları - hamısı çox yaxşı səviyyədədir. Mən tərəfdaşlığımızı nəzərdə tuturam və əlbəttə ki, humanitar əlaqələri. Əməkdaşlıq razılaşması imzalamış iki şəhərdən - Veliko Tırnova və Şuşadan olan təmsilçilər də əməkdaşlığımızın əhəmiyyətli hissəsinə töhfə verir.
Biz şadıq ki, hazırda Bolqarıstan və Azərbaycan enerji təhlükəsizliyi məsələləri üzərində sıx şəkildə çalışır. Bizim Bolqarıstana qaz təchizatımız artır. Ümidvaram ki, bu il də artım müşahidə edəcəyik. Biz, həmçinin yaşıl gündəlik üzərində birlikdə işləyirik. Mən cənab Prezidenti COP29-da iştirak etməyə dəvət etdim və onu noyabrda yenidən görməyə şad olaram. Eyni zamanda, yaşıl enerji kabeli layihəsində heyətlərimiz sıx şəkildə işləyirlər. Əminəm ki, səfərin yaxşı nəticələri olacaq və tərəfdaşlığımız uğurla davam edəcək. Beləliklə, cənab Prezident, bir daha Azərbaycana xoş gəlmisiniz.
x x x
Prezident Rumen Radev çıxış edərək dedi:
- Cənab Prezident, əziz dostum İlham Əliyev, ənənəvi səmimi qonaqpərvəliyinizə görə təşəkkür edirəm. Bildiyimiz kimi, bu, son iki ildə bizim dördüncü görüşümüzdür və bu, çox yaxşı haldır. Çünki yüksək səviyyəli siyasi təmaslar bizim qarşılıqlı maraq doğuran sahələrin hamısının inkişaf etdirilməsinə zəmin yaradır. Biz enerji sektorunda aparılan əməkdaşlıqdan çox məmnunuq. Son iki il ərzində biz çoxlu işlər görmüşük. Yunanıstan və Bolqarıstan arasında rəsmi interkonnektorun açılışında şəxsən iştirak etdiniz. Bununla yanaşı, SOCAR-ın nümayəndəliyinin açılışında iştiraka görə Sizə təşəkkür edirəm. Həmçinin Sizin iştirakınızla biz “Həmrəylik Halqası” layihəsi çərçivəsində Bolqarıstan, Rumıniya, Macarıstan və Slovakiyanın qazötürücü şəbəkələri, habelə SOCAR arasında Anlaşma Memorandumunu imzaladıq. Bu, Avropa Komissiyasının strateji baxışına və Avropa Komissiyasının Prezidenti ilə 2022-ci ildə imzaladığınız strateji tərəfdaşlığa dair Memorandumu əsasən həyata keçirilir.
Biz Azərbaycan qazının əlavə həcmlərinin Avropaya nəql edilməsi üçün ölkənizlə birlikdə işləyə biləcəyimizə görə çox məmnunuq. Aydındır ki, biz birlikdə işləməklə təkcə ikitərəfli əməkdaşlığımızı gücləndirmirik. Bu, Qafqaz və Qara dəniz regionun sabitliyi və iqtisadi inkişafı üçün atılan bir addımdır. Bu, ümumilikdə Avropanın enerji təhlükəsizliyinin gücləndirilməsi üçün atılan bir addımdır. Çoxlu yeni fürsətlər var. Çox şadam ki, bizi geniş tərkibdə biznes nümayəndə heyəti müşayiət edir və biz müəyyən vacib layihələr üzərində işləməyə davam edirik.
13.03
Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edirlər.
13.46
Azərbaycan Prezidenti İlham Əliyev və Bolqarıstan Prezidenti Rumen Radevlə mətbuata bəyanatlarla çıxış edirlər.
12.38
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə geniş tərkibdə görüşü keçirilib.
HİT.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
12.00
Mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə geniş tərkibdə görüşü başlayıb.
HİT.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
11.55
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radev ilə təkbətək görüşü başa çatıb.
HİT.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.
11.17
Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstan Prezidenti Rumen Radevlə təkbətək görüşü başlayıb.
HİT.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.