COP29-a qədər sülh müqaviləsi imzalana bilər? - RƏY

10:31 / 02.07.2024
371

"Ermənistanla sülh müqaviləsinin imzalanması tam şəkildə Azərbaycanın iradəsindən asılı olsaydı, onu istənilən zaman imzalamaq mümkün olardı".

Bu sözləri Hit.az-a açıqlama verən politoloq Aydın Quliyev deyib.

O bildirib ki, tərəflər arasında indiyə qədər sülh müqaviləsi imzalana bilərdi:

"Amma prosesin bir tərəfi olan Ermənistanın siyasi iradəsi təəssüf ki, hələ də tam şəkildə sülh müqaviləsinin imzalanmasına köklənməyib. Nəzərə almaq lazımdır ki, həm Ermənistanın özü prosesə iradəsiz yanaşır, həm də onun müttəfiqlik etdiyi bəzi dünya qüvvələri rəsmi İrəvanı sülh müqaviləsini mümkün qədər tez imzalamaqdan çəkindirirlər".

353231

Ekspert payızda Bakıda keçiriləcək COP29 konfransına qədər Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanacağını proqnozlaşdırmır:

"Bu, mənə inandırıcı gəlmir. Hətta Ermənistanın son bəyanatlarından da bunu aydın şəkildə görmək olur. Rəsmi İrəvan qısa müddət ərzində sülh müqaviləsi imzalamaq niyyətində deyil. Ona görə də COP29-a qədər tərəflər arasında sülh müqaviləsinin imzalanması gözlənilmir".

Aydın Quliyev vurğulayıb ki, Azərbaycan haqlı olaraq Ermənistanın Konstitusiyasının dəyişdirilməsini və gələcəkdə ərazi iddialarına əsas verəcək maddələrin çıxarılmasını tələb edir:

"Bu şərtlər yerinə yetirilmədən Azərbaycan sülh müqaviləsini imzalamayacaq. Bu da çox doğru yanaşmadır. Amma Ermənistan tərəfi Konstitusiyaya dəyişiklik məsələsinə ancaq gələn ilin yanvar ayında baxıla biləcəyini bəyan edib. Deməli, yanvar ayına qədər iki ölkə arasında sülh müqaviləsinin imzalanması mümkün deyil. Bunun bütün məsuliyyəti isə Ermənistan hakimiyyətinin üzərindədir".

Pərviz

0