Növbəti delimitasiya işləri bu istiqamətlərdə aparıla bilər

SİYASƏT
23:00 / 03.07.2024
228

İyulun 1-də Azərbaycan və Ermənistanın delimitasiya komissiyaları görüşüblər.

Komissiyalar işçi qaydada Əsasnamənin layihələrinin mübadiləsini həyata keçirib və bir sıra müzakirələr aparıblar.

"Danışıqlar konstruktiv məcrada davam edir. Razılaşdırma prosesinin tezliklə başa çatdırılması planlaşdırılır", - deyə Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin xidmətinin görüşlə bağlı məlumatında vurğulanıb.

Bəs delimitasiyanın həyata keçiriləcəyi növbəti ərazilər haralar ola bilər?

Məsələ ilə bağlı Modern.az-a danışan Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət  Əsgərov bildirib ki, hazırda Azərbaycanla Ermənistan arasındakı delimitasiya işləri müsbət məcrada davam edir:
 
"Ermənistanla Azərbaycan arasında delimitasiya işlərinin getməsi və prosesin irəliləməsi çox yaxşı haldır. Əlbəttə, biz bunu çox müsbət qarşılayırıq. Amma sülh müqaviləsinin imzalanması da olduqca vacibdir. Hesab edirəm ki, Ermənistan sülhdən danışsa da, hərəkətləri ilə buna istəkli olduğunu göstərmir. Ermənistanın konstitusiyasında Azərbaycana qarşı ərazi iddiaları var. Ermənistandan tələb edirik ki, konstitusiyada və normativ hüquqi aktlarda Azərbaycana qarşı ərazi iddiaları çıxarılsın. Hələ 2022-ci ilin yaz aylarında cənab Prezident İlham Əliyev 5 prinsipdən ibarət təklif yollamışdı. Bu, 5 baza prinsipləri əsasında proseslərin irəliləməsinin tərəfdarıyıq".

Komitə sədri vurğulayıb ki, delimitasiya məsələsində olduğu kimi, sülh prosesində də irəliləyişlərin olması vacibdir:

"Cənubi Qafqazda təhlükəsizlik arxitekturasının güclənməsini istəyirik. Uzun illər erməni işğalçılığı səbəbindən bölgəmizdə sülh olmamışdır. Artıq 2020-ci ildə 44 gün davam edən müharibədəki zəfərimizdən sonra istəyirik ki, sülh müqaviləsi imzalansın və Cənubi Qafqaza sülh gəlsin. Digər üçüncü dövlətlər isə bura burunlarını soxmasın. Təəssüf ki, Ermənistan bunu hələ də dərk etməyib. Ermənistan bir tərəfdən sülh barədə danışır, digər yandan konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını saxlayır. Bu, anlaşılan deyil. Konstitusiyadakı həmin maddələr dəyişdirilmədikcə, hesab edirəm ki, irəliləyiş olmayacaq. Sülh istəyirlərsə, Azərbaycan ərazilərinə iddialardan əl çəkməlidirlər".

Hərbi ekspert Ədalət Verdiyev delimitasiya prosesinin davamını Naxçıvan istiqamətində gözlədiyini söyləyib:

"Məlumdur ki, orada ermənilərin Azərbaycana qaytarmalı olduğu Kərki kəndi var. Uzun həftələr ərzində gərginliyin, atəşkəsin pozulmasının biz daha çox bu istiqamətdə şahidi olmuşuq. Odur ki, proses əvvəlcə Naxçıvan, sonra isə İstisu istiqamətində - Göyçə mahalı ərazisinə getməlidir. Ermənistan tərəfi əsas gərginliyi orada yaradır".


 

0