Aydın Hüseynov: "Pakistan-Azərbaycan əlaqələrini inkişaf etdirən bir çox amillər var"

SİYASƏT
17:46 / 12.07.2024
521

“Azərbaycan Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasına səfəri zamanı iki ölkənin rəhbərləri arasında iqtisadi əlaqələrin müzakirəsi ən vacib detallardan biridir. Azərbaycan və Pakistan arasında münasibətlər hər zaman yüksək səviyyədə olub. Son vaxtlar bu münasibətlər daha da inkişaf edib. Pakistan dünyada ikinci ən böyük müsəlman ölkəsidir, o cümlədən nüvə silahına malik yeganə müsəlman ölkəsidir. 1991-ci ilin 12 dekabrında Pakistan Azərbaycanın müstəqilliyini tanıyıb. Regionun ən böyük milli dövlətlərindən biri olan Pakistan hərbi sahədə də ciddi inkişafa nail olub. Hələ 1990-cı illərdən Pakistan və Azərbaycan arasında hərbi sahədə əməkdaşlıq əlaqələri qurulub. Azərbaycan Prezidenti Pakistana yalnız dost müsəlman ölkəsinin lideri və ya regional tərəfdaş ölkə başçısı kimi deyil, həm də Pakistanla eyni geopolitik xətdə hərəkət edən müttəfiq, dost ölkə kimi gedib”.

Bunu Hit.az-a açıqlamasında Milli Məclisin deputatı, siyasi analitik Aydın Hüseynov deyib.

Siyasi analitikin sözlərinə görə, Pakistan-Azərbaycan əlaqələrini inkişaf etdirən bir çox amillər var: 

“Son illərdə Azərbaycanın artan diplomatik fəallığı, siyasi nüfuzunun, çəkisinin artması bizə dost ölkələri bir az da yaxınlaşdırıb. İkitərəfli ticari əlaqələrimiz genişlənməkdədir. Görüşdə birgə əməkdaşlıq və birgə investisiya sahələrini müzakirə ediilib. Bir sıra layihələrə ilkin olaraq 2 milyard dollar dəyərində investisiyaların yatırılması qarşıda hər iki ölkənin iqtisadi əlaqələrində sıçrayışın olacağından xəbər verir. Halbuki, bu göstəriciləri qarşıdakı illərdə milyardlarla dollaradək artırmaq olar və bunun üçün hər iki tərəfin böyük potensialı var. Yatırılacaq sərmayələrin əsasən energetika, infrastruktur, daşımalar və bir sıra digər sahələrə, o cümlədən , Pakistanla çox uğurla əməkdaşlıq etdiyimiz müdafiə sənayesinə yönləndiriləcəyi aşkardır. Güclü tərəfdaşlıq iqtisadiyyat, ticarət və sərmayələr sahələrində daha çox qurulacaq. Aydındır ki, Pakistanla Azərbaycan arasında hazırkı iqtisadi, ticari əlaqələr qənaətbəxş deyil və bu hər iki ölkəni narahat edir. Amma iqtisadi əlaqələrin bundan sonra inkişaf etməməsi üçün səbəb yoxdur. İlham Əliyev və Məhəmməd Şahbaz Şərif əlaqələrin yeni çağırışlara uyğun şəkildə yenidən qurulmasından hər iki ölkənin qazanc əldə edəcəyində maraqlı olduqları da xüsusi vurğulanmalıdır. Xüsusilə kənd təsərrüfatı, yüngül sənaye və hərbi sənaye sahəsində əlaqələrin genişlənməsi, qarşılıqlı investisiya layihələrinin həyata keçirilməsi, iqtisadiyyatın digər sahələrinin inkişaf etdirilməsi görüləcək işlərin konturlarını təyin etməyə imkan yaradır. Pakistan-Azərbaycan əlaqələrinin genişlənməsindən, inkişafından həm də digər dost ölkələr faydalana bilər və istək də budur”.

Sevinc

0