Rokfellerlər erməniləri Azərbaycana qarşı maliyyələşdirir

SİYASƏT
18:49 / 28.05.2020
1366

ABŞ QHT-ləri Azərbaycan və İsrailə qarşı çalışırlar və bunun qarşılığında ciddi vəsaitlər alırlar.

Axar.az xəbər verir ki, bu məlumatı “Nyusvik” jurnalı yayıb.

“İsrail ikili standartlara vərdiş etməyib. Bəzi hüquq mühafizə qrupları İsraili vurğulayıb, digər ölkələrdə baş verən cinayətlərə və pozuntulara göz yummaqla bağlı üzərilərinə öhdəlik götürüblər”, – deyə məqalənin müəllifi, Haim Solomon Mərkəzinin prezidenti Pol Miller yazıb.

Miller həmçinin İsraildən fərqli olaraq Ermənistanın QHT dünyasında sevimli olaraq göstərildiyini bildirib:

“Sara Liya Uitson Hyuman Rayts Voçun (HRV) bölməsinin keçmiş direktoru və bir müddət Kuinsi İnstitutunun (Corc Soros dəstəkləyir) siyasət və tədqiqatlar üzrə direktoru olub. O belə ikili standartların parlaq nümunəsidir. Bu iki qrup (HRV və Kuinsi İnstitutu) İsrail hökumətinin kəskin tənqidçiləridirlər, amma Azərbaycanla Ermənistan arasındakı çoxillik konflikt kimi digər ərazi konfliktlərini tamamilə görməzdən gəlirlər. Görünən odur ki, Uitsonun Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ regionunda qanunsuz yaşayış məskənlərinin tikilməsiylə bağlı heç bir etirazı yoxdur. 2018-ci ildə o bu torpaqlarda ermənilərin məskunlaşmasını icra edən və Qarabağa erməni vətənin ayrılmaz hissəsi kimi baxan Erməni Milli Komitəsi üçün vəsait toplanılması aparıb”.

Məqalədə Uitsonun Dağlıq Qarabağın ermənilər tərəfindən işğalına verdiyi dəstəyi inkar edərək, İsrailə qarşı düşmənçilik təbliğatı apardığı qeyd edilib. Miller belə davranışın koqnitiv dissonans (idrak uyğunsuzluğu) olduğunu bildirib.

Bununla belə məqalədə Uitsonun ikiüzlülükdə tək olmadığı vurğulanıb. Miller Rokfeller Qardaşları Fondunun dünyada sosial dəyişikliklərə, ədalətli, dayanıqlı dünyaya dəstək verdiyini deməyinə baxmayaraq, fondun İsrailə qarşı sanksiya və boykotu təbliğ edən QHT-ləri maliyyələşdirdiyini yazıb. Yazar buna nümunə kimi fond rəhbəri ilə Ermənistan prezidentinin 2019-cu ilin fevralındakı görüşünü göstərib.

Məqalədə Azərbaycana qarşı QHT-lər tərəfindən nümayiş olunan digər ikili standart nümunələrinə də yer verilib:

“Bu ilin əvvəlində Demokratiyanın Müdafiəsi Fondunun yayımladığı hesabatda hökumətlər və QHT-lər tərəfindən olan seçki tənqidinə münasibətdə beynəlxalq münasibətlər sisteminin daha dərin problemlərindən bəhs edilib. Hesabata əsasən, Ermənistanın Dağlıq Qarabağın işğalıyla bağlı hansısa konkret sanksiyalar və məcburi tədbirlərlə toqquşmayıb. BMT Təhlükəsizlik Şurasında Azərbaycan Respublikasının çoxlu sayda dinc əhalsinin köçürülməsi və Azərbaycan ərazilərinin işğalı qınanılıb, amma onlar aqressorun birbaşa identifikasiyasından yayınıblar”.

Miller dünyada erməniliyi dəstəkləyən QHT, təşkilat, xeyriyyə qurumları və hətta siyasətçilərin demək olar ki, hamısının hüquqi mübahisələr və korrupsiya işlərində adlarının hallandığını qeyd edib:

“2018-ci ildə Hayastan Ümumerməni Fondunun rəhbəri Ara Vardanyan vəsaitlərin doğru istifadə edilməməsi və mənimsəməyə görə həbs edilib. FTB-nin ehtiyatda olan agenti Babak Brumand isə bir müddət əvvəl erməni cinayət təşkilatıyla əlaqəli olan, Kaliforniya hüquq mühafizə orqanlarının yaxşı tanıdığı vəkildən rüşvət aldığına görə həbs olunub. Korrupsiya toru, ikili standartlar və bəziləri tərəfindən açıq antisemitizm sayəsində aydın olur ki, Ermənistanın bir sıra tərəfdarları son dərəcə şübhəli dəyərlərə inanır və yayırlar”.

0
Axar.az