İlham Əliyev Oksfordda xarici ölkə liderləri ilə görüşlər keçirib - YENİLƏNİB/FOTO

SİYASƏT
18:20 / 18.07.2024
573

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüşüb.

MilliYol.az xəbər verir ki, görüşdə Finlandiya Prezidenti ATƏT-in fəaliyyətdə olan sədri qismində regiona səfərini və bu yaxınlarda dövlətimizin başçısı ilə telefon danışığını məmnunluqla xatırladı, bu telefon danışığı əsnasında müzakirə olunan məsələləri qeyd etdi.

Söhbət zamanı Azərbaycanla Finlandiya arasında ikitərəfli münasibətlərin perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

Ermənistanla Azərbaycan arasında sülh gündəliyi ilə əlaqədar məsələlərə toxunuldu.

Dövlətimizin başçısı sülh gündəliyinin irəli aparılması və sülh müqaviləsinin imzalanması üçün Ermənistanın Konstitusiyasında müvafiq dəyişikliklərin edilməsinin vacibliyini bir daha vurğuladı.

Görüşdə Avropanın enerji təhlükəsizliyi məsələləri müzakirə olundu.

Finlandiya Prezidenti böyükmiqyaslı tədbir olan COP29-un ölkəmizdə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. Aleksandr Stubb bu tədbirdə məmnuniyyətlə iştirak edəcəyini deyərək, onun təşkilində Azərbaycana uğurlar arzuladı.

Söhbət zamanı Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə Böyük Britaniyanın təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmamasının təəccüb doğurduğu bildirildi, bunun başadüşülən olmadığı çox böyük təəssüflə qeyd edildi.

18.14

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Litva Prezidenti Gitanas Nauseda ilə görüşüb.

HİT.az xəbər verir ki, görüşdə ölkələrimiz arasında ikitərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olundu.

COP29-un keçirilməsi münasibətilə Prezident İlham Əliyevi təbrik edən Litva Prezidenti bu tədbirə dəvətə görə təşəkkürünü bildirdi və Bakıda COP29 çərçivəsində dövlətimizin başçısı ilə görüşəcəklərini vurğuladı.

Gitanas Nauseda Azərbaycana rəsmi səfərini və səfər zamanı müzakirə olunmuş məsələləri məmnunluqla xatırladı.

Söhbət zamanı regional sülh gündəliyi və Azərbaycan-Avropa İttifaqı əlaqələri barədə fikir mübadiləsi aparıldı.

Görüşdə Böyük Britaniya tərəfinin Münxen Təhlükəsizlik Konfransı formatında olduğu kimi, Ermənistanla Azərbaycan arasında görüşün keçirilməsi barədə təklifinin Ermənistan tərəfindən müsbət cavablandırılmaması çox böyük təəssüf hissi ilə vurğulandı.

17.28

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Litva Respublikasının Prezidenti Gitanas Nauseda ilə görüşüb.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbua xidməti məlumat yayıb.

Azərbaycan Prezidenti qarşı tərəfin müraciətinə əsasən Finlandiya Respublikasının Prezidenti Aleksandr Stubb ilə görüş keçirib.

14.01

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də “Avropa Siyasi Birliyi” 4-cü Zirvə toplantısı çərçivəsində Macarıstanın Baş naziri Viktor Orban ilə söhbət edib.

HİT.az xəbər verir ki, dostluq şəraitində keçən söhbət zamanı ölkələrimiz arasında ikitərəfli munasibətlər və əməkdaşlıqla bağlı məsələlər müzakirə olunub.

Macarıstanın Baş nazirinin Türk Dövlətləri Təşkilatının Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşündə iştirak etmək üçün Şuşaya səfəri və bu çərçivədə keçirilən görüşlər məmnunluqla xatırlanıb.

Azərbaycan Prezidenti həmçinin İsveçrə Konfederasiyasının Prezidenti Viola Amher ilə söhbət edib.

Söhbət zamanı Azərbaycan ilə İsveçrə arasında ikitərəfli münasibətlər və regional sülh gündəliyinin inkişaf etdirilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

İsveçrə şirkətlərinin Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa-quruculuq işlərinə töhfəsi müzakirə olunub. Söhbət zamanı COP29 və iqlim dəyişmələri ətrafında fikir mübadiləsi aparılıb.

13.29

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciəti əsasında Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

HİT.az xəbər verir ki, görüşdə ölkələr arasında ikitərəfli əlaqələr müzakirə olundu.

Lüksemburqun Baş naziri Azərbaycan və region haqqında daha çox məlumatın əldə edilməsinin və regionun sabitliyinin ölkəsi üçün vacibliyini bir daha vurğuladı. O, Lüksemburqun regional siyasətinin balanslı xarakter daşıdığını diqqətə çatdırdı.

Dövlət başçısı regional proseslər barədə məlumat verərək bölgəyə münasibətdə balanslı siyasətin və bütün tərəflərin mövqeyinə hörmətlə yanaşılmasının önəmini qeyd etdi.

Görüşdə ölkələr arasında ikitərəfli münasibətlərə toxunularaq, qarşılıqlı hörmət və etimad əsasında əlaqələrin inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğu vurğulandı.

Azərbaycan ilə Lüksemburq arasında yüksək texnologiyalar, səhiyyə, investisiyalar, nəqliyyat daşımaları və digər sahələrdə əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Söhbət zamanı Azərbaycanın Avropa İttifaqı və ittifaqa üzv ölkələr ilə çox yaxın əlaqələrə malik olduğu qeyd edildi.

Avropa Siyasi Birliyi platformasının müzakirələrin aparılması üçün vacib məkan olduğu bildirildi.

Görüşdə Azərbaycanın COP29-a ev sahibliyi etməsinin əhəmiyyəti vurğulandı.

Lüksemburqun Baş naziri bu tədbirdə iştirak etmək niyyətində olduğunu diqqətə çatdırdı.

13.10

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Oksfordda qarşı tərəfin müraciətinə əsasən Lüksemburq Böyük Hersoqluğunun Baş naziri Lyuk Friden ilə görüşüb.

HİT.az xəbər verir ki, bu barədə Prezidentin Mətbua xidməti məlumat yayıb.

 

0