"Ermənistan ordusuna 10 milyon avro ayrılması müharibəyə hazırlıq cəhdidir" - RƏY

SİYASƏT
10:42 / 23.07.2024
300

"Avropa İttifaqı Şurasının Avropa Sülh Fondu xətti ilə Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro yardım ayırması kövrək bölgəmizdə sülhün taleyinə olduqca pis təsir göstərəcək".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, belə addımların atılması sülhün mənafeyinə uyğun deyil:

"Nəzərə almaq lazımdır ki, 30 ilə yaxın işğalçılıq siyasəti aparmış Ermənistan hələ də Azərbaycanla sülh müqaviləsi imzalamayıb. Hətta sülh müqaviləsinin imzalanması üçün Azərbaycanın tələb etdiyi beynəlxalq normaların heç birinə əməl etmir. Belə şəraitdə müəyyən dövlətlərin və Avropa İttifaqının Ermənistana hərbi yardım ayırması bölgədə sülhün mənafeyinə xidmət etmir".

354659

Ekspert qeyd edib ki, Avropa İttifaqı bu addımla Ermənistanı müharibəyə hazırlaşdırır:

"Avropa İttifaqı Şurasının Sülh Fondu xətti ilə Ermənistan Silahlı Qüvvələrinə 10 milyon avro yardımın ayrılması çox bərbad və ziyanlı addımdır. Əslində bu proses bir il əvvəl başlamışdı. Azərbaycanın müttəfiqi olan bəzi dövlətlərin etirazı isə Avropa İttifaqı tərəfindən qulaq ardına vuruldu. Məsələn, Avropa İttifaqının fəal üzvlərindən olan Macarıstanın Baş naziri açıq şəkildə buna etiraz etmişdi. 

Macarıstan tərəfi açıq şəkildə bəyan etdi ki, Azərbaycanla müharibə şəraitində olan Ermənistana belə bir yardımın ayrılması absurddur. Sülh müqaviləsi imzalanana qədər ya yardım edilməməli idi, ya da tərəflərin hər ikisinə yardım edilməli idi. Çox təəssüflər olsun ki, Avropa İttifaqının rəhbərliyi bu haqlı iradları qəbul etmədi".

Politoloq onu da diqqətə çatdırıb ki, bu addımın atılması Ermənistanın Avropadakı müttəfiqlərinin birbaşa təsiri altında olub:

"Buna Fransa və Almaniyanın dəstək verdiyi açıq-aydın hiss olunur. Onlar Ermənistanı Azərbaycanla sülh müqaviləsi imzalamağa qoymurlar. Bu dövlətlər həm sülh müqaviləsinin imzalanmasına maneçilik törədirlər, həm də bu cür yardımlarla Ermənistanı yeni müharibəyə hazırlaşdırırlar. Ona görə də bu yardımı Ermənistanı müharibəyə qızışdırmaq cəhdi, bölgədə pozuculuq siyasəti və Azərbaycana qarşı qərəz nümayişi adlandırmalıyıq".

Pərviz

0