Onların namizədliyi ləğv olundu

SİYASƏT
18:38 / 10.08.2024
274

Mərkəzi Seçki Komissiyası 1 sentyabr tarixinə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərə namizədliyi irəli sürülmüş bir neçə nəfərin namizədliyinin qeydə alınmaması və ya sonradan ləğv edilməsinə dair dairə seçki komissiyalarının qərarından edilmiş şikayətlərə baxıb.

“Qafqazinfo” xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının iclasında şikayətçilər özləri də iştirak edib.

Onlar dairə seçki komissiyasının qərarı ilə razılaşmadıqlarını bildiriblər. “Ümid” partiyasından namizədliyi irəli sürülmüş Elman Abbasov və Ramin Əliyev verilən qərarın qərəzli olduğunu deyib. “Müsavat” partiyasının üzvü Osman Kazımov isə əmlakı ilə bağlı təqdim etdiyi məlumatda baş vermiş texniki yanlışlıq səbəbindən namizədliyinin ləğv edildiyini deyib və namizədliyinin ləğv edilməsinə dair qərarın baş vermiş yanlışlığa adekvat olmadığını bildirib.

MSK sədri Məzahir Pənahov namizədliyi qeydə alınmamış şəxslərin şikayəti ilə bağlı iclas üzvlərinin səsverməsini keçirib və dairə seçki komissiyalarının qərarı qüvvədə saxlanılıb.

0