"Azərbaycan ilə Ermənistan arasında yaxın perspektivdə çərçivə sazişinin imzalanması ilə bağlı müəyyən ümidlər və gözləntilər mövcuddur".
Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.
Lakin o bildirib ki, bu proses bəzi amillərdən asılıdır:
"Nəzərə alaq ki, Azərbaycan tərəfi Ermənistanın sülh prosesində bəzi addımlar atması üçün öz şərtlərini irəli sürüb. Ən əsası Ermənistan Konstitusiyasında Azərbaycana qarşı ərazi iddialarını geri götürməsi ilə bağlıdır. Bu da Azərbaycanın haqlı tələbidir. Həmçinin, Fransa və Hindistan tərəfindən Ermənistanın silahlandırılması siyasəti də sülh prosesinə təhdid yaradır".
Ekspert qeyd edib ki, Ermənistan hökuməti indiyə kimi bir neçə dəfə sülh sazişi ilə bağlı açıq şəkildə bəyanatlar verib:
"Ancaq daxili siyasi təzyiqlər və Ermənistanın Rusiya ilə olan münasibətlərinin dəyişməsi bu prosesi mürəkkəbləşdirir. Buna baxmayaraq, Nikol Paşinyanın son dövrlərdəki anti-Rusiya ritorikası, habelə Qərbə yaxınlaşma cəhdləri, sazişin hansı şərtlər altında və kimlərin vasitəçiliyi ilə imzalanacağını müəyyən edə bilər".
Həmsöhbətimiz Rusiyanın prosesdə aktiv rol oynaya biləcəyini söyləyib:
"Rusiya regionda öz təsirini qorumaq istəyir. Ona görə də rəsmi Moskva sülh müqaviləsi prosesində əsas vasitəçi olaraq çıxış etməyi hədəfləyir. Düşünürəm ki, Rusiya bu prosesdə aparıcı rol oynamağa davam etsə, yaxın perspektivdə Azərbaycanla Ermənistan arasında sülh və çərçivə sazişinin imzalanması mümkündür.
Lakin Qərbin də bu prosesdə daha çox iştirak etməsi və regionda Rusiyanın təsirini məhdudlaşdırmaq istəyinin sülh və ya çərçivə sazişinin imzalanma müddətinə təsir göstərə biləcəyini düşünürəm. Yəni ABŞ və Avropa İttifaqının dəstəyi və təzyiqləri sülh prosesinə yeni dinamika gətirə bilər".
Rüstəm Tağızadə əlavə edib ki, Ermənistan höküməti çərçivə sazişinin imzalanmasına da hazır olmalıdır:
"Ermənistan rəsmilərinin tez-tez fikir dəyişməsi, rəsmi İrəvanın vahid siyasi kursunun olmaması və daxildə olan narazılıqlar sülh prosesini gecikdirir. Buna baxmayaraq, Azərbaycan tərəfinin şərtləri və məqsədi məlumdur. Ona görə də, Ermənistan tərəfi Azərbaycanın maraqlarını nəzərə alıb hərəkət etməlidir".
Pərviz