Azərbaycan-Özbəkistan münasibətləri: "Davamlı olaraq inkişaf etdirilir"

SİYASƏT
11:22 / 26.08.2024
403

"Özbəkistan əhali sayına görə Mərkəzi Asiyanın ən böyük dövlətidir".

Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, son illikdə də Özbəkistan özünün daha müstəqil çoxşaxəli xarici siyasəti və iqtisadi fəaliyyəti ilə seçilir:

"Azərbaycanla Özbəkistanı da çoxəsrlik milli, mədəni, tarixi birlik, habelə dil və din xüsusiyyətləri birləşdirir. İki ölkənin bugünkü siyasəti də davamlı olaraq inkişaf etdirilir. Özbəkistan da Azərbaycan kimi hərbi bloklara qoşulmayan ölkə siyasəti aparır. Elə bu səbəbdən də tərəflər arasında əməkdaşlığın yeni istiqamətləri və potensial imkanları var".

356777

Ekspert qeyd edib ki, Özbəkistanın Azərbaycanla əlaqələri iki ölkənin Orta Dəhlizin inkişaf etdirilməsində böyük imkanlara malik olması ilə də müəyyən olunur:

"Həmçinin, Özbəkistanın da Azərbaycan kimi dünya bazarlarına çıxarılması zəruri olan böyük təbii ehtiyatları var. Özbəkistan bərpa olan enerji siyasətinə xüsusi marağı olan ölkədir. Eyni zamanda, Azərbaycan kimi Özbəkistanın da "yaşıl enerji" istehsalında böyük potensialı var. 

Artıq orada "yaşıl enerji"nin istehsalı üzrə 10-a yaxın böyük layihə icra olunur. Ümumiyyətlə, Orta Dəhlizin inkişaf etdirilməsi həm də Azərbaycanla Mərkəzi Asiya arasındakı əlaqələrin inkişaf etdirilməsindən asılıdır". 

Aydın Quliyev onu da diqqətə çatdırıb ki, Özbəkistan "yaşıl enerji"ni Azərbaycanın üzərindən Qərb bazarlarına çıxarmaq istəyir:

"Çindən başlayaraq Qırğızıstan və Özbəkistandan keçən, sonra isə Xəzər dənizi vasitəsilə Azərbaycan üzərindən Avropaya gedən böyük nəqliyyat dəhlizinin mühüm bir hissəsi məhz Özbəkistanın payına düşür. 

Eyni zamanda, Çindən Qırğızıstan və Özbəkistana dəmir yolunun çəkilməsi Orta Dəhlizin, yəni Azərbaycanın bu əhəmiyyətli layihəsinin rolunu və gücünü daha da artırır".

Müsahimiz vurğulayıb ki, Özbəkistanla Azərbaycan arasında çox anlaşıqlı beynəlxalq əməkdaşlıq münasibətləri var:

"Torpaqlarımızın işğal altında qaldığı 30 il ərzində Özbəkistan da Azərbaycanın yanında olan ölkələrdən biri olub. İki ölkənin tarixi və müasir siyasətində çox böyük uyğunluq var. 

Bunlar da onu deməyə əsas verir ki, Azərbaycan-Özbəkistan əməkdaşlığının daha böyük gələcəyi mövcuddur. İki ölkə arasındakı əməkdaşlıq müharibədən sonra bölgəmizdə yaranan yeni təhlükəsizlik reallıqlarının aparıcı tandeminə çevrilə bilər".

Pərviz

0