Prezident İlham Əliyev Özbəkistan Prezidenti Zati-aliləri cənab Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.
HİT.az xəbər verir ki, məktubun mətnində deyilir:
“Hörmətli Şavkat Miromonoviç,
Əziz Qardaşım,
1 Sentyabr – Müstəqillik Günü münasibətilə Sizi və Sizin simanızda bütün qardaş Özbəkistan xalqını öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik etməkdən və ən xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.
Sizin qətiyyətli liderliyiniz və çoxşaxəli fəaliyyətiniz sayəsində sosial-iqtisadi inkişaf yolu ilə dinamik şəkildə irəliləyən Özbəkistan mühüm uğurlara və nailiyyətlərə imza atmışdır. Bütün bunların təməlində Sizin yorulmaz əməyiniz, rəhbərliyiniz altında aparılan dövlət siyasətinə xalqınızın böyük etimadı və dəstəyi dayanır. Biz qardaş ölkənizin bütün uğurlarına, iqtisadi yüksəlişinə, dünyada və regionda gündən-günə artan nüfuzuna sevinir, bundan qürur hissi duyuruq.
Bir neçə gün əvvəl gözəl ölkənizə həyata keçirdiyim dövlət səfəri Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafına yeni təkan vermişdir. Dövlətlərarası əməkdaşlığımızı daha da dərinləşdirmək əzminizi yüksək qiymətləndirir, müzakirə etdiyimiz planları ən qısa zamanda reallaşdıracağımıza əminliyimi ifadə edirəm.
Fəxr ilə qeyd etmək olar ki, möhkəm dostluq və qardaşlıq üzərində qurulmuş Azərbaycan-Özbəkistan əlaqələri hər keçən gün daha da inkişaf edir və yeni məzmunla zənginləşir. İkitərəfli əlaqələrimizin bütün sahələrdə genişlənməsi və dərinləşməsi möhkəm siyasi iradəyə, qarşılıqlı inam və etimada əsaslanır.
İntensiv xarakter daşıyan ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin nəticəsi olaraq əldə olunmuş mühüm razılaşmalar, müəyyən edilmiş yeni tərəfdaşlıq istiqamətləri, imzalanmış çoxsaylı sənədlər strateji tərəfdaşlığımızın yüksələn xətlə və hərtərəfli inkişaf etdiyinin əyani göstəricisidir.
Əminəm ki, Azərbaycan-Özbəkistan dostluğunun və qardaşlığının möhkəmləndirilməsi, əməkdaşlığımızın daha da genişləndirilməsi yolunda birgə səylərimizi bundan sonra da uğurla davam etdirəcəyik.
Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, şərəfli və məsul fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Özbəkistan xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.
***
Prezident İlham Əliyev, həmçinin Slovakiya Respublikasının Prezidenti Zati-aliləri cənab Peter Pelleqriniyə təbrik məktubu ünvanlayıb.
Məktubun mətnində deyilir:
“Hörmətli cənab Prezident,
Slovakiya Respublikasının milli bayramı – Konstitusiya Günü münasibətilə Sizə və bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.
Bu gün Azərbaycan ilə Slovakiya arasında əlaqələr dinamik inkişaf yolundadır. Enerji sahəsində səmərəli birgə fəaliyyətimizin digər sahələr və istiqamətlər üzrə də uğurla davam etdiriləcəyinə əminliyimi ifadə edirəm. İnanıram ki, xalqlarımızın maraqlarına uyğun olaraq və mövcud imkanlardan istifadə edərək birgə səylərimizlə Azərbaycan-Slovakiya dostluq əlaqələrinin inkişafına, həm ikitərəfli, həm də çoxtərəfli əsasda qarşılıqlı səmərəli əməkdaşlığımızın daha da dərinləşməsinə nail olacağıq.
Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Slovakiya xalqına daim əmin-amanlıq və firavanlıq diləyirəm”.