Cümhuriyyət dövründə mətbuat: “Dövləti quranların çox jurnalist idi” - AÇIQLAMA

SİYASƏT
18:52 / 28.05.2020
1273

28 May müsəlman Şərqində ilk dünyəvi demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür.

Bu gün Cümhuriyyətin 102-ci ildönümüdür. 1918-1920-ci illərin Azərbaycan mətbuatı keyfiyyəti və zənginliyi ilə seçilən canlı salnamədir. İki il içərisində ölkədə 100-ə yaxın qəzet və jurnal nəşr olunub. Həmin mətbu orqanları istiqlal dövrün carçısı olaraq fəaliyyətlərini demokratik və müstəqillik prinsipləri çərçivəsində əzmlə davam etdiriblər.

“Şərq” qəzetinin baş redaktoru, tarix üzrə fəlsəfə doktoru Akif Aşırlı Cebhe.info-ya açıqlamasında Azərbaycan Xalq Cümhuriyyəti dövrünün mətbuatından danışıb.

“Jurnalistika tarixinin ən şərəfli səhifəsi və mərhələsi Azərbaycan Xalq Cümhuriyyəti dönəmində olan mətbuatdır. O illər mətbuatın formalaşması və varlığı dövrü idi. Müxtəlif dillərdə 180-dən artıq qəzet nəşr olunub. Ən başlıcası Azərbaycan türkcəsində, daha sonra rus, gürcü, erməni, polyak, fransız dillərində nəşrlər var idi. Bu nəşrlər müxtəlif ideologiyalara xidmət edirdi. Müxtəlif partiyaların mətbuat orqanları var idi. Azərbaycan Xalq Cümhuriyyəti parlamentində müxtəlif fraksiyalar təmsil olunurdu. Həmin fraksiyalara məxsus mətbuat orqanları fəaliyyət göstərirdi. Azərbaycan Xalq Cümhuriyyəti dönəmində fəaliyyət göstərən mətbuat orqanları zənginliyi, ideya və məzmun baxımından seçilirdi. Həm də Cümhuriyyət qurucularının çoxu jurnalist idi. Cümhuriyyət fikri, cümhuriyyətçilik ideyaları “Əkinçi” qəzetindən başlayaraq milli jurnalistika sistemimizdə fəaliyyət göstərən maarifçilərimizin, ziyalılarımızın və qələm insanlarımızın təfəkkür, düşüncə məhsulu idi”.

Tarixçinin sözlərinə görə, 28 May Respublika gününü Azərbaycan mətbuatında cəmi 2 il qeyd etmək nəsib olub:

“Cümhuriyyətin bir yaşı yüksək səviyyədə qeyd olunub. Azərbaycan Milli Mətbuatında çıxan o nömrələr istiqlal nömrələri idi. “Azərbaycan”, “İstiqlal” və “Məslək” qəzetləri Azərbaycanın istiqlalı ilə bağlı yazılar, ölkənin müxtəlif yerlərindən gələn təbrik teleqramları verirdi. Bir sözlə bayram övqatında nömrələr buraxılırdı. Təbii ki, Azərbaycanın müstəqilliyini, istiqlalını istəməyən qüvvələr də var idi. Məsələn, "Yedinaya Rossiya" qəzeti nəşr olunurdu ki, Rus Milli Şurasının mətbu orqanı idi. Bu nəşr Azərbaycanın müstəqilliyinin əleyhinə yazılar dərc edirdi. Həmin dövrdə bolşevik nəşrlərin sayı həddindən artıq çox idi. Bu bolşevik nəşrlər Azərbaycan Cümhuriyyətini istəməyən qüvvələrin tribunası idi. Onu da deyim ki, həmin dövrdə konkret olaraq dövlətin özünün informasiya siyasəti və informasiya təhlükəsizliyi ilə məşğul olan mətbuat bürosu var idi. Mətbuat bürosu müxtəlif qəzetləri oxuyurdu, orada çıxan tənqidi məqalələri təhlil edirdi. Hansısa faktlar reallığı əks etdirmirdisə, redaksiyalara məktublar göndərilirdi ki, təkzib verilsin. Azərbaycan dövlətinin əleyhinə olan qəzetlərin çoxu konkret Dövlət Müdafiə Şurasının qərarına əsasən bağlanmışdı. Media siyasəti çox açıq və şəffaf şəkildə həyata keçirilirdi. O dövrlə müqayisədə indiki mətbuatda çatışmazlıq yalnız müstəqilliyimiz idi”.

0