Ermənistandan növbəti sülh bəyanatı: "Bu il ərzində..."

SİYASƏT
11:04 / 25.09.2024
344

Ermənistan tərəfindən növbəti dəfə sülh müqaviləsi ilə bağlı bəyanat verilib. 

Bu dəfə də ölkənin xarici işlər naziri Ararat Mirzoyan sülhdən danışıb. O, Ermənistanın ən qısa zamanda Azərbaycanla sülh müqaviləsi imzalamağa hazır olduğunu söyləyib. Lakin maraqlıdır ki, Ermənistan rəsmiləri tərəfindən vaxtaşırı şəkildə bu tip açıqlamalar verilir. Hətta sülh müqaviləsinin imzalanacağı tarixi belə elan edirlər. Buna baxmayaraq, sonradan yenidən təxribatlara il atırlar. 

"Report" İnformasiya Agentliyinin əməkdaşı, siyasi analitik Kənan Novruzov Hit.az-a açıqlamasında Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın bəyanatını şərh edib. O qeyd edib ki, Ermənistanın dediyi və etdiyi üst-üstə düşmür:

358758

"Onların xarici siyasət ritorikası belədir. Ümumiyyətlə, diplomatiyada sözlərə yox, əməllərə diqqət etmək lazımdır. Rəsmi İrəvan bəlkə də sülh müqaviləsini imzalamaqda maraqlıdır. Lakin bunu həyata keçirəcək siyasi iradəyə sahib deyil. 

Çünki Ermənistan xarici siyasətini özü müəyyənləşdirə bilmir, Qərblə Rusiya arasında qalıb. Üstəlik, hər iki tərəfdən ona təzyiq olunur. Bu gün Ermənistanın xarici siyasət kursu böyük güclər tərəfindən müəyyənləşir". 

Ekspert hesab edir ki, Bakı ilə İrəvan arasında qısa müddətdə sülh müqaviləsinin imzalanması gözlənilmir:

"Azərbaycanla Ermənistan arasında bu il ərzində sülh müqaviləsinin imzalanacağını düşünmürəm. Çünki bunun üçün ilk növbədə Ermənistan Konstitusiyasına dəyişikliklər olmalıdır. Bu dəyişikliklər baş vermədikcə tərəflər arasında sülh müqaviləsi imzalanmayacaq. Üstəlik, İrəvan hakimiyyətinin Konstitusiya dəyişikliyinə getməklə bağlı fikrinin olmadığı da görünür".

Kənan Novruzov bildirib ki, Ermənistan dövlətçiliyinin davam etməsi üçün sülh müqaviləsini imzalamalıdır:

"Düzdür, hazırda iki ölkə arasında danışıqlar aparılır və müəyyən irəliləyişlər də var. Ancaq sülh müqaviləsi mətninin 100 faiz hazır olması belə sabah müqavilənin imzalanacağı demək deyil. İlk növbədə Ermənistan Konstitusiya dəyişməli və Azərbaycana qarşı ərazi iddialarından imtina edilməlidir. 

Bunlar olmadıqca sülh müqaviləsi imzalanmayacaq. Üstəlik, sülh müqaviləsi bizdən çox Ermənistana lazımdır. Çünki Ermənistan dövlətçiliyi üçün sülh zəruridir. Əks halda, məhv olacaqlar". 

Pərviz

0