"Azərbaycan müstəqilliyini elan etdiyi vaxtdan indiyə kimi bəzi özünü demokratik hesab edən Qərb dövlətləri və təşkilatları ölkəmizə qarşı olublar".
Bu sözləri siyasi ekspert Elçin Abdullayev Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, bəzi Qərb ölkələri hər zaman Azərbaycana qarşı ikili standartlardan yanaşıb:
"Məhz həmin dövlətlər tərəfindən Azərbaycana qarşı qarayaxma kampaniyaları aparılır. Əfsuslar olsun ki, bütün dövrlərdə ölkəmizə qarşı belə çirkin siyasət yürüdən dövlətlər olur. İndi isə bu qarayaxma kampaniyaları və çirkin siyasətlərini daha da artırıblar".
Onun sözlərinə görə, bəzi Qərb dövlətlərinin Azərbaycana belə münasibət göstərməsinin əsasında regionda və dünyada baş verən geosiyasi vəziyyət dayanır:
"Bəzi dövlətlər köhnə dünya sistemini dəyişdirməyə və yeni dünya nizamı formalaşdırmağa çalışırlar. Xüsusən də böyük dövlətlər bu prosesdə aktiv rol oynamaq istəyir.
Nəzərə almaq lazımdır ki, Azərbaycan çox mühüm və xüsusi əhəmiyyətə malik coğrafiyada yerləşir. Belə strateji mövqedə yerləşən ölkəyə də dünya dövlətlərinin ehtiyacı var. Lakin Azərbaycan müstəqil siyasət yürütdüyü üçün hansısa dövlət bizim ölkəmizdə söz sahibi ola bilmir. Ona görə də belə çirkin siyasət aparmaqla Azərbaycanı zəiflətməyə cəhd edirlər. Lakin əlbəttə ki, bu da heç bir nəticə vermir".
Elçin Abdullayev vurğulayıb ki, Azərbaycan da yeni dünya nizamında söz sahibi olacaq:
"Bütün Azərbaycan Qərbin qarayaxma kampaniyalarına və çirkin oyunlarına qarşı diqqətli olmalıdır. İnanırıq ki, yeni dünya nizamında Azərbaycan da dünyada söz sahibi olan ölkələrdən birinə çevriləcək. Hər kəs də bu istiqamətdə əlindən gələni etməlidir".
Pərviz