Hökumət siyasi partiyalara nə qədər vəsait ayıracaq?

SİYASƏT
22:11 / 23.10.2024
341

Ötən il qüvvəyə minən “Siyasi partiyalar” haqqında qanuna görə, seçkilərdən sonra partiyaların maliyyələşməsi ilə bağlı yeni qaydalar qüvvəyə minib. Əvvəlki qanunda parlamentdə təmsil olunmayan partiyalar dövlətdən yardım almaq üçün seçkilərdə ən azı 3% səs qazanmalı idi. İndi bu qayda ləğv edilib və seçkilərdə səs qazana bilən bütün partiyalara aid olacaq.

Belə ki, dövlət tərəfindən ayrılan vəsaitin 2,5 faizi parlament seçkilərində iştirak edən və namizədləri etibarlı səs qazanan, lakin parlamentə düşməyən partiyalar arasında bərabər, yerdə qalan 2.5%-i isə həmin partiyalar arasında proporsional qaydada (yəni aldıqları səsə uyğun olaraq) bölünür.

Qeyd edək ki, sentyabrın 1-də keçirilən parlament seçkilərində 25 siyasi partiyanın nümayəndələri iştirak edib. Yeni Milli Məclisdə 11 siyasi partiya təmsil olunur. Beləliklə, parlament partiyaları ilə yanaşı 14 siyasi partiyaya da maliyyə dəstəyi veriləcək.

Yeni maliyyə mexanizminin siyasi partiyaların fəaliyyətinə təsiri necə olacaq?

Modern.az bir sıra siyasi partiyalar arasında bu barədə sorğu keçirib.

Saytımıza açıqlamasında Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev deyib ki, siyasi partiyalarla bağlı Hesablama Palatasının fəaliyyətinə müəyyən qədər dəyişiklik edilib.

"Artıq Hesablama Palatasının istənilən orqanları siyasi partiyaların maliyyə fəaliyyətini yoxlaya bilərlər. Mən seçildiyim üçün partiyamız artıq parlament partiyasıdır. Maliyyələşmə parlament partiyaları üçün hansı qaydada müəyyən olunubsa, elə də olacaq".

REAL Partiyasının sədri Natiq Cəfərli isə deyib ki, sentyabrın 1-də keçirilən parlament seçkilərində təmsil etdiyi  partiya ümumilikdə 20 minə yaxın səs toplayıb: "REAL Partiyası parlament seçkilərində 12 namizədlə iştirak edirdi. Bu seçkilərdə ümumilikdə 20 minə yaxın səs toplamışıq. Bir nəfər namizədimiz-Erkin Qədirli deputat seçilib. Digər namizədlərin yarısından çoxu ikinci yeri tutublar. Namizədlərimiz olub ki, 2800, 1800 səs toplayıblar. Yəni kifayət qədər yüksək nəticə toplamışıq. İştirak etdiyimiz seçki dairələrini nəzərə alsaq, topladığı səslərə görə Yeni Azərbaycan Partiyasından sonra REAL Partiyası gəlir".

N.Cəfərli yeni maliyyə mexanizmi barədə isə bunları deyib: "Maliyyə mexanizminin dəyişdirilməsi siyasi partiyalara elə də təsir etmir. Çünki maliyyənin ayrılması elə əvvəlki qaydadır. Sadəcə olaraq, ayrılmış vəsaitin 5 faizi parlamentə düşməyən partiyalara təsis olunacaq. Bu da elə böyük məbləğ deyil. Demək olar ki, maliyyələşmə məsələsində nəzərəçarpacaq dəyişiklik yoxdur. REAL Partiyası, bəlkə də, ölkədə yeganə partiyadır ki, ən detallı maliyyə hesabatı təqdim edir. Mərkəzi Seçki Komissiyasının(MSK) saytında bir neçə səhifəlik hesabat dərc olunub. İstənilən şəxs rahat şəkildə daxil olub maliyyə hesabatı ilə tanış ola bilər".

Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı vurğulayıb ki, Müsavat Partiyasına ayrılan vəsait partiyanın kommunal xərclərini ödəyəcək miqdardadır:

"Siyasi Partiyalar haqqında yeni qanuna görə seçkilərdə iştirak edən, lakin parlamentə buraxılmayan partiyalar üçün ayrılan vəsait çox az miqdarda olduğunu, hakimiyyətin tapşırığı və köməyi ilə yaradılan, adı Azərbaycan seçicisinə  məlum olmayan siyasi partiyaların xeyli çox olduğunu nəzərə alsaq, partiyalara düşən bu vəsaitin partiyaların fəaliyyətinə xüsusi təsirinin olmayacağını düşünürəm. Müsavat Partiyası kimi bir partiyaya ayrılan vəsait partiyanın kommunal xərclərini ödəyəcək miqdardadır".

Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli isə qeyd edib ki, Parlamentdə təmsil olunmayan partiyalara da yeni qanunda dövlət tərəfindən maliyyə yardımının ayırılmasının nəzərdə tutulması təqdirəlayiq haldır:

"Qanuna görə, artıq yeni maliyyələşmə mexanizmi işə düşüb. Heç bir yerdən gəliri olmayan, lakin cəmiyyətin siyasi təfəkkürünün inkişafında əvəzsiz rolu olan partiyalara maliyyə ayrılması effektli nəticələr doğuracaq. Bu siyasi partiyaların öz nizamnamə və proqram məqsədlərini reallaşdırmasına dəstək olacaq".

M.Rəhimli Ədalət Partiyasının 1 sentyabr parlament seçkilərində partiya olaraq topladıqları səslərdən də danışıb: "Ədalət Partiyası Milli Məclisə son səçkilərdə partiya xətti ilə 3 namizədlə iştirak edib. Buna uyğun olaraq da müvafiq maliyyə ala biləcək. Bu da rüblük təxminən 3400 AZN edir. Düşünürük ki, bu pulu bütövlükdə partiyanın təşkilatlanmasına sərf edək".

0