Qərbi Azərbaycan İcması bəyanat yaydı

SİYASƏT
13:10 / 09.11.2024
131

Qərbi Azərbaycan İcması Dövlət Bayrağı Günü ilə bağlı bəyanat yayıb.

HİT.az xəbər verir ki, bəyanatda deyilir:

"Bu gün Azərbaycan Respublikasında Dövlət Bayrağı Günü qeyd edilir. Azərbaycan xalqının dəyərlərinin və amallarının ifadəçisi olan üçrəngli bayrağımız dövlətimizin inkişafı, təhlükəsizliyi və müstəqilliyinin mayakı, xalqımız gələcəyə inamla addımlamasına yol göstərən işıqdır.

Azərbaycanın Dövlət bayrağı 1918-ci il noyabrın 9-da Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin iclasında qəbul edilib və 1920-ci ilin aprel ayınadək dövlət statusuna malik olub. Həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvanın dövlət bayrağı olaraq təsdiq edilib və Ali Məclisin təqdimatı əsasında 1991-ci il fevralın 5-də Azərbaycan parlamenti onu Dövlət bayrağı elan edib. Ümummilli lider Heydər Əliyev və Prezident İlham Əliyevin rəhbərliyi altında müqəddəs milli rəmz kimi Dövlət bayrağının təbliği yolunda sistemli addımlar atılıb və atılmaqdadır. İlham Əliyevin 2009-cu ildə imzaladığı Sərəncamla hər il noyabr ayının 9-u Azərbaycanın Dövlət Bayrağı Günü kimi qeyd edilir. 

Dövlət başçısının 2007-ci ildə imzaladığı Sərəncama uyğun olaraq, 2010-cu ildə açılmış Dövlət Bayrağı Meydanı və orada yaradılmış Dövlət Bayrağı Muzeyi milli rəmzlərimizin təbliğ olunmasında xüsusi yer tutur. 

Təkcə bir simvol deyil, xalqımızın azadlıq, birlik və iradəsini əks etdirən müqəddəs bir dəyər kimi üçrəngli bayrağımıza xalqımızın ehtiramı ən yüksək səviyyədədir. Şübhəsiz ki, Dövlət bayrağına ehtiramın ən ali ifadəsi xalqımızın həmin bayraq altında İlham Əliyevin ətrafında sıx birləşərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etməsi olub. Xatırladaq ki, Prezident 2010-cu ildə Dövlət Bayrağı Meydanının açılışında etdiyi tarixi çıxışında bildirmişdi: "Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır.” Artıq Dövlət bayrağımız Şuşa, Xocalı, Xankəndi daxil olmaqla ölkəmizin hər bir guşəsində məğrurluqla dalğalanır. 

Ölkə rəhbəri Dövlət Bayrağı Meydanında aparılmış yenidənqurma və bərpa işlərindən sonra yeni görkəmdə və tərtibatda fəaliyyətə başlamış meydanı ziyarət etmiş və oradakı Dövlət Bayrağı Muzeyində Azərbaycanın tarixi bayraqlarına, o cümlədən, İrəvan xanlığının bayrağına ehtiramla baxış keçirib. 

Ermənistan hökumətinin apardığı etnik təmizləmə nəticəsində öz doğma yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıları özündə birləşdirən Qərbi Azərbaycan İcması olaraq, bizim sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə qayıdış hüququmuza verdiyi birmənalı dəstəyə və Azərbaycan xalqının tarixi simvollarına göstərdiyi ehtirama görə Prezident İlham Əliyevə dərindən təşəkkür edirik”.
 

0