Prezident görüşlər keçirdi - YENİLƏNİB

SİYASƏT
18:15 / 14.11.2024
291

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Banqladeş Xalq Respublikası Müvəqqəti Hökumətinin Baş müşaviri Məhəmməd Yunus ilə görüşüb.

HİT.az xəbər verir ki, Azərbaycana əvvəlki səfərini məmnunluqla xatırlayan Məhəmməd Yunus Nizami Gəncəvi Beynəlxalq Mərkəzi ilə əməkdaşlığını qeyd edərək, Mərkəzin tədbirlərində yaxından iştirakını vurğuladı.

Azərbaycanın mühüm beynəlxalq tədbirlərin keçirildiyi məkana çevrildiyini deyən qonaq COP29-un qısa müddətdə uğurla təşkil edilməsi münasibətilə dövlətimizin başçısına təbriklərini çatdırdı. O, Banqladeşdən olan tələbələrə Azərbaycanda təhsil imkanı, ölkəmizlə təcrübə mübadiləsinin aparılması, 4-cü sənaye inqilabı və rəqəmsal sahədə əməkdaşlıq məsələlərini qeyd etdi.

Məhəmməd Yunus Azərbaycan Prezidentini Banqladeşə rəsmi səfərə dəvət etdi.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirdi.

Dövlətimizin başçısı Azərbaycanın COP29-u qısa müddətdə təşkil etdiyini deyərək COP-a sədrliklə bağlı ölkəmizə qarşı aparılan qarayaxma kampaniyasına toxundu.

Söhbət zamanı ikitərəfli münasibətlərin inkişaf etdirilməsi, nümayəndə heyətlərinin qarşılıqlı səfərləri, siyasi məsləhətləşmələr mexanizminin gücləndirilməsi və beynəlxalq təşkilatlarda əməkdaşlıqla bağlı fikir mübadiləsi aparıldı, Azərbaycanın ASAN və DOST təcrübəsinin Banqladeş ilə bölüşməsi məsələsi qeyd edildi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti Filemon Yanq ilə görüşüb.

BMT-nin Azərbaycan ilə əlaqələrinin çox yüksək səviyyədə olduğunu deyən Filemon Yanq ölkəmizin BMT Nizamnaməsinə tam sadiq olduğunu vurğuladı.

COP29-un yüksək səviyyədə təşkil olunduğunu qeyd edən BMT Baş Assambleyasının 79-cu sessiyasının Prezidenti bu tədbirin keçirilməsinin heç də asan olmadığını, hazırlıq prosesinin cəmi 11 ay çəkdiyini vurğuladı.

Filemon Yanq Azərbaycanın yaşıl keçid və yaşıl enerji konsepsiyalarını qeyd etdi.

Qonaq BMT Baş Assambleyasının gənc, peşəkar azərbaycanlı kadrları dəstəklədiyini dedi.

Prezident İlham Əliyev Azərbaycanın qısa müddət ərzində COP29-u yüksək səviyyədə təşkil etdiyini vurğulayaraq dedi ki, bu, ölkəmizin iqlim dəyişmələri ilə bağlı mübarizədə beynəlxalq səyləri dəstəkləmək əzmini göstərir.

COP prosesində artıq ilkin irəlliləyişlərin olduğunu qeyd edən dövlətimizin başçısı COP29-da Paris Sazişinin 6-cı bəndi və beynəlxalq maliyyə qurumlarının yeni maliyyə hədəfləri ilə bağlı açıqlamaları müsbət hal kimi qiymətləndirdi.

Azərbaycan Prezidenti ölkəmizə və COP-a qarşı geniş təbliğat kampaniyasının aparıldığını dedi.

Prezident İlham Əliyev Azərbaycanın çoxşaxəli diplomatik əlaqələrinin olduğunu qeyd edərək, ölkəmizin geniş coğrafi əhatəsi olan strateji tərəfdaşlıq münasibətləri qurduğunu bildirdi.

Dövlətimizin başçısı Qlobal Cənub ölkələri ilə inkişaf etməkdə olan ölkələr arasında həmrəyliyin artırılmasının vacibliyini vurğulayaraq, dünyada mövcud olan geosiyasi arxitekturanın dəyişdirilməlisinin və ədalətin təmin olunmasının zəruriliyini bildirdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Monteneqronun Prezidenti Yakov Milatoviç ilə görüşüb.

Yakov Milatoviç COP29-un yüksək səviyyədə keçirilməsi münasibətilə dövlətimizin başçısını təbrik etdi. O vurğuladı ki, COP29-u uğurlu tədbir adlandırmaq olar. Monteneqro Prezidenti COP29-da 80-dən çox dövlət və hökumət başçısının iştirak etdiyini dedi və bildirdi ki, bu tədbir, eyni zamanda, Azərbaycanın nailiyyətlərini dünyada göstərir.

Yakov Milatoviç vurğuladı ki, Monteneqro Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini daim dəstəkləyib. Qonaq Azərbaycanın işğaldan azad edilmiş ərazilərində genişmiqyaslı bərpa və quruculuq işlərini qeyd edərək, ölkəmizin çox böyük və nadir inkişaf yolu keçdiyini məmnunluqla vurğuladı.

Azərbaycanın COP29-u qısa müddət ərzində təşkil etdiyini deyən Prezident İlham Əliyev bildirdi ki, ölkəmiz COP-a sədrliyə başladığı vaxtdan bizə qarşı feyknyus və qarayaxma kampaniyasına start verilib. Bu kampaniyada elə təqdim edilir ki, guya Azərbaycan ətraf mühiti çirkləndirir. Amma reallıq belə deyil. Dövlətimizin başçısı dedi ki, bəzi dairələr Azərbaycanın uğurlarını, inkişafını və müstəqil siyasətini həzm edə bilmirlər.

Prezident İlham Əliyev Azərbaycanın 2019-2023-cü illərdə Qoşulmama Hərəkatına uğurla sədrlik etdiyini də xatırlatdı.

İşğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı bərpa-quruculuq işlərinin aparıldığını deyən dövlətimizin başçısı qeyd etdi ki, ermənilər həmin ərazilərimizi minalayıblar, müharibə bitəndən indiyədək 300-dək Azərbaycan vətəndaşı minaların partlaması səbəbindən ya həlak olub, ya da ağır yaralanıb. İşğal dövründə Ermənistan şəhərlərimizi və kəndlərimizi dağıdıb.

Görüşdə ikitərəfli münasibətlərin inkişafından məmnunluq ifadə olundu, turizm, sərmayələr sahələrində əməkdaşlıq imkanları ilə bağlı fikir mübadiləsi aparıldı.

Monteneqro Prezidenti dövlətimizin başçısını ölkəsinə, Azərbaycan Prezidenti isə Monteneqro dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Şimali Makedoniya Respublikasının Prezidenti xanım Qordana Silyanovska-Davkova ilə görüşüb.

Qordana Silyanovska-Davkova COP29-un yüksək səviyyədə təşkil edildiyini vurğulayaraq, tədbirin açılış mərasimində Azərbaycan mədəniyyəti ilə bağlı maraqlı təqdimatın olduğunu dedi. Mədəni diplomatiyanı dəstəklədiyini qeyd edən ali qonaq Azərbaycan mədəniyyəti ilə tanış olmaqdan məmnunluğunu bildirdi. O, Azərbaycanla əməkdaşlıq üçün geniş imkanların olduğunu vurğuladı.

Prezident İlham Əliyev Qordana Silyanovska-Davkovanın ölkəmizə səfərinin münasibətlərimizin genişləndirilməsinə, iqtisadi-ticari və mədəni əlaqələrin inkişaf etdirilməsi işinə təkan verəcəyinə ümidvarlığını bildirdi.

Dövlətimizin başçısı COP29-la əlaqədar Azərbaycana qarşı ədalətsiz təbliğatın aparıldığını vurğuladı.

Şimali Makedoniyada sərmayələr imkanlarına toxunan Prezident İlham Əliyev Azərbaycanın Balkan ölkələri ilə əlaqələrinin inkişafına önəm verdiyini qeyd etdi.

Görüşdə sərmayələr, kənd təsərrüfatı, turizm, təhsil, mədəniyyət sahələrində əməkdaşlıq məsələləri ilə bağlı fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Şimali Makedoniya dövlətinin başçısını ölkəmizə, Qordana Silyanovska-Davkova isə öz növbəsində dövlətimizin başçısını Şimali Makedoniya rəsmi səfərə dəvət etdi. Dəvətlərlə bağlı qarşılıqlı minnətdarlıq ifadə olundu.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Nepalın Prezidenti Ramçandra Paudel ilə görüşüb.

Nepal Prezidenti qonaqpərvərliyə görə minnətdarlığını bildirdi.

COP29-un yüksək səviyyədə keçirildiyini deyən Ramçandra Paudel ölkəmizə səfəri zamanı Azərbaycan mədəniyyəti ilə tanış olduğunu məmnunluqla qeyd etdi. O, ümidvar olduğunu bildirdi ki, COP29 Nepal kimi inkişaf etməkdə olan ölkələrin maraqlarını nəzərə alacaqdır.

Azərbaycan ilə Nepal arasında dostluq münasibətlərinin mövcud olduğunu vurğulayan ali qonaq beynəlxalq təşkilatlarda, həmçinin iqlim dəyişmələri və davamlı inkişaf məsələlərində əməkdaşlığımıza toxundu.

Nepal Prezidenti Azərbaycanda şahidi olduğu inkişafın onda dərin təəssürat hissi yaratdığın dedi. O, ölkəsinin uzun keçid prosesindən sonra davamlı inkişaf mərhələsinə qədəm qoyduğunu bildirərək xarici sərmayədarları dəvət etmək istədiklərini vurğuladı, turizm və hidroenergetika sahələrinin önəminə toxundu.

Ramçandra Paudel bildirdi ki, Nepalın karbon emissiyası az olsa da, onlar iqlim dəyişmələrinin mənfi fəsadları ilə üzləşirlər.

Azərbaycan və Nepal prezidentlərinin ilk görüşünün tarixi əhəmiyyətini qeyd edən dövlətimizin başçısı bu görüşün əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.

Azərbaycan Prezidenti iqtisadi-ticari əlaqələrin inkişaf etdirilməsinin önəminə toxundu.

Söhbət zamanı BMT və bir sıra digər beynəlxalq təşkilatlarda əməkdaşlıq və qarşılıqlı dəstək, Xarici İşlər nazirlikləri arasında siyasi məsləhətləşmələr, həmçinin Azərbaycanın COP sədrliyi dövründə iqlim dəyişikliyi mövzusunda işbirliyi ilə bağlı fikir mübadiləsi aparıldı.

Nepal Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirdi.

Nepal Prezidenti dövlətimizin başçısına xatirə hədiyyəsi təqdim etdi.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Braziliya Federativ Respublikasının vitse-prezidenti Jeraldu Alkmin ilə görüşüb.

Jeraldu Alkmin Braziliya Prezidentinin salamlarını dövlətimizin başçısına çatdırdı, Luiz İnasio Lula da Silvanın səhhəti ilə əlaqədar COP29-da iştirak edə bilmədiyini qeyd etdi.

Dövlətimizin başçısı salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Braziliya Prezidentinə çatdırmağı xahiş etdi, Luiz İnasio Lula da Silvanın tezliklə sağalmasını arzuladı. Prezident İlham Əliyev Braziliya dövlətinin başçısını ölkəmizə rəsmi səfərə dəvət etdi.

Bakının gözəlliyinin onlarda xoş təəssürat hissi yaratdığını deyən qonaq COP29-un yüksək səviyyədə təşkil edilməsi və uğurlu təşkilatçılıq münasibətilə təbriklərini çatdırdı.

Jeraldu Alkmin Azərbaycanın və Braziliyanın “Troyka” çərçivəsində COP və iqlim dəyişmələri ilə bağlı əməkdaşlığına toxundu. O, ölkəmizlə ikitərəfli münasibətlərin, həmçinin iqtisadi-ticari, kənd təsərrüfatı, sərmayələr sahələrində əlaqələrin inkişafına böyük əhəmiyyət verdiklərini dedi.

Söhbət zamanı iqtisadi-ticari məsələlər üzrə işçi qrupun yaradılması, sərmayələr, birgə istehsal müəssisələri, turizm, birbaşa hava əlaqələrinin qurulması ilə bağlı fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Efiopiya Federativ Demokratik Respublikasının Prezidenti Taye Atske Sellasiye ilə görüşüb.

Taye Atske Sellasiye Efiopiya Federativ Demokratik Respublikasının Baş naziri Abiy Əhməd Əlinin salamlarını dövlətimizin başçısına çatdırdı.

Prezident İlham Əliyev salamlara görə minnətdarlığını bildirdi, onun da salamlarını Efiopiyanın Baş nazirinə çatdırmağı xahiş etdi.

COP29-a dəvətə görə dövlətimizin başçısına minnətdarlığını bildirən Taye Atske Sellasiye bu tədbirin mükəmməl səviyyədə təşkil edildiyini, uğurla keçirildiyini və burada iştirak səviyyəsinin çox yüksək olduğunu dedi. Qonaq dövlətimizin çıxışının dolğun və məzmunlu olduğunu vurğulayaraq, buna görə təşəkkürünü bildirdi.

Efiopiya Prezidenti ölkəmizə səfəri çərçivəsində Azərbaycanın “ASAN xidmət” təcrübəsi ilə tanışlığın onda çox böyük təəssüratlar yaratdığını və bu təcrübənin ölkəsində tətbiqi məsələsinə baxıldığını dedi. O, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Efiopiya Federativ Demokratik Respublikasının Dövlət Xidməti Komissiyası arasında Anlaşma Memorandumunun imzalandığını qeyd etdi.

Efiopiya Prezidenti azad ticarət zonaları sahəsində Azərbaycanın təcrübəsinin ölkəsi üçün maraqlı olduğunu vurğuladı, turizm, kənd təsərrüfatı, investisiyalar və digər sahələrdə əməkdaşlıq imkanlarına toxundu, böyük perspektivlərin olduğunu dedi.

İnkişaf etməkdə olan dövlətlər arasında həmrəyliyin gücləndirilməsinin önəmini vurğulayan Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük əhəmiyyət verir.

“ASAN xidmət” təcrübəsinə toxunan dövlətimizin başçısı bu sahədə Azərbaycanın hər cür dəstək göstərməyə hazır olduğunu dedi.

Söhbət zamanı ölkələrimiz arasında beynəlxalq təşkilatlarda, bərpaolunan enerji və digər sahələrdə əməkdaşlıq məsələlərinə toxunuldu, iqtisadi məsələlər üzrə hökumətlərarası komissiyanın yaradılmasının vacibliyi vurğulandı.

Efiopiya Prezidenti dövlətimizin başçısını ölkəsinə rəsmi səfərə dəvət etdi.

Prezident İlham Əliyev dəvətə görə minnətdarlığını bildirərək, Efiopiya Prezidentini və Baş nazirini Azərbaycana rəsmi səfərə dəvət etdi.

***

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Avropa Şurasının Baş katibi Alen Berse ilə görüşüb.

COP29-a dəvətə görə dövlətimizin başçısına təşəkkürünü bildirən Avropa Şurasının Baş katibi bu tədbirin qısa müddət ərzində təşkil edilməsini yüksək qiymətləndirdi.

Prezident İlham Əliyev qeyd etdi ki, adətən sədr ölkələrin COP-un təşkil edilməsi üçün iki ilə qədər vaxtları olduğu halda, Azərbaycanın cəmi 11 ayı var idi və təşkilatçılıq işləri bu müddət ərzində həyata keçirilib.

Dövlətimizin başçısı dedi ki, mahiyyəti üzrə COP29-da danışıqlar prosesində artıq irəliləyişlər var. Belə ki, 10 ildən artıq müzakirə olunan Paris Sazişinin altıncı bəndi üzrə ilkin nəticələr əldə olunub və bu istiqamətdə danışıqlar davam etdiriləcək. Həmçinin yeni maliyyə hədəfinin müəyyən olunması ilə əlaqədar beynəlxalq maliyyə strukturları tərəfindən verilən açıqlamalar da müsbət mesajlar kimi qiymətləndirilir. COP29-da yeni maliyyə hədəfinin müəyyən olunacağına ümidvarlığını ifadə edən Azərbaycan Prezidenti dedi ki, xüsusən inkişaf etməkdə olan dövlətlərin bu məsələdə böyük gözləntiləri var.

Alen Berse vurğuladı ki, Avropa Şurası ətraf mühitlə bağlı cinayətlərə və iqlim dəyişmələri ilə əlaqədar məsələlərə böyük əhəmiyyət verir və bunlar təşkilatın gündəliyində yer alıb.

Qonaq Avropa Şurası çərçivəsində dövlətlərin müxtəlifliyi prinsipinin xüsusi əhəmiyyət daşıdığını dedi.

Dövlətimizin başçısı Azərbaycanın Avropa Şurası ilə əməkdaşlıq çərçivəsində ölkəmizin bu təsisatın 76 müxtəlif konvensiyasına qoşulduğunu qeyd etdi.

Görüşdə müxtəlif sahələrdə əməkdaşlıq məsələləri müzakirə olundu, Azərbaycanın təşəbbüsü ilə Avropa Şurası və İslam Əməkdaşlıq Təşkilatı arasında yaradılmış Bakı Prosesinin əhəmiyyəti vurğulandı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi ilə görüşüb.

Yəmən Respublikasının vitse-prezidenti Abdulla Al-Alimi COP29-un mükəmməl səviyyədə keçirilməsinə və yüksək təşkilatçılığa görə təbriklərini çatdırdı. Yəmənin vitse-prezidenti vurğuladı ki, Azərbaycanın bu uğuru bütün İslam dünyasının uğurudur. O, bu günlərdə dünyanın hər yerindən xeyli sayda nümayəndələrin, dövlət və hökumət başçılarının Azərbaycana gəlməsini mühüm hadisə kimi qiymətləndirdi, COP29-da böyük nəticələrin əldə olunduğunu vurğuladı.

Qonaq Bakı şəhərinin gözəlliyinin onları valeh etdiyini dedi.

Abdulla Al-Alimi torpaqlarımızın işğaldan azad edilməsi, Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı. O, yəmənli tələbələrin hələ sovetlər dövründə Azərbaycanda təhsil aldıqlarını xatırladaraq, bu ənənələrin davam etdirilməsini xahiş etdi.

Dövlətimizin başçısı xoş sözlərə və təbriklərə görə təşəkkürünü bildirdi, COP29-un Azərbaycanda uğurla keçirilməsinin bizim müştərək uğurumuz olduğunu dedi.

Prezident İlham Əliyev işğal dövründə Ermənistanın Azərbaycan ərazilərində maddi mədəniyyət irsimizi, o cümlədən İslam dininə aid olan müqəddəs ibadətgahlarımızı, ocaqlarımızı darmadağın etdiyini, məscidlərdə donuz saxlayaraq təhqirlərə məruz qoyduğunu bildirdi.

Dövlətimizin başçısı vurğuladı ki, Azərbaycan öz ərazilərini işğaldan azad edib və Ermənistanın bu işğalına son qoyub.

Görüşdə İslam həmrəyliyinin vacibliyinə toxunuldu, ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığından məmnunluq ifadə olundu, Azərbaycan ilə Yəmənin daim bir-birinin yanında olduqları vurğulandı, müxtəlif sahələrdə əməkdaşlığın inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzu ilə görüşüb.

Məhəmməd Muizzu COP29-un yüksək səviyyədə təşkili ilə bağlı Prezident İlham Əliyevə təşəkkürünü ifadə etdi.

Dövlətimizin başçısı bu tədbirdə iştirakla bağlı dəvəti qəbul etdiyinə görə Maldiv Prezidentinə minnətdarlığını bildirdi.

Prezident İlham Əliyev Maldivin də ada dövləti olaraq iqlim dəyişmələrinin təsirlərinə məruz qaldığını dedi.

Azərbaycan Prezidenti Maldiv Prezidenti Məhəmməd Muizzunun ölkəmizə səfəri çərçivəsində aparılan müzakirələrin ikitərəfli əlaqələrimizin inkişafına təkan verəcəyinə ümidvarlığını bildirdi.

Qonaq da öz növbəsində ölkəsinin iqlim dəyişmələrinə məruz qaldığını təsdiqlədi. O, bu yaxınlarda Maldiv-Bakı birbaşa uçuşlarının açılmasının ölkələrimiz arasında turizm və insanlararası əlaqələrin inkişafına təkan verəcəyinə əminliyini bildirdi. Məhəmməd Muizzu Maldivin Azərbaycan vətəndaşları üçün vizasız rejim tətbiq etdiyini deyərək, bunun qarşılıqlı xarakter alacağına ümidvarlığını ifadə etdi.

Söhbət zamanı ölkələrimiz arasında turizm, sərmayələr və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığa dair fikir mübadiləsi aparıldı.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 14-də İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casir ilə görüşüb.

Əvvəlcə Azərbaycan Prezidenti İlham Əliyevin və İslam İnkişaf Bankının prezidenti Məhəmməd Əl-Casirin iştirakı ilə “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Agentlik müqaviləsi, “Azərbaycan Respublikası Hökuməti və İslam İnkişaf Bankı arasında “Əks Əlaqə Texniki Yardım Qrant Sazişi Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi layihəsi” və “Azərbaycan Respublikası və İslam İnkişaf Bankı arasında “Qız Qalası su anbarından magistral suvarma kanalının tikintisi” layihəsi üzrə Çərçivə Sazişi imzalanıb.

Görüşdə Prezident İlham Əliyev ölkəmizlə İslam İnkişaf Bankı arasında perspektiv inkişaf istiqamətləri və fəaliyyətləri ilə bağlı əməkdaşlığın genişləndirilməsinin önəminə toxundu, gələcəkdə əlaqələrin daha da dərinləşəcəyinə ümidvarlığını ifadə etdi.

Dövlətimizin başçısı vurğuladı ki, imzalanmış bu sənədlər işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən layihənin beynəlxalq maliyyə təşkilatları tərəfindən maliyyələşdirilməsi baxımından ilk sənəddir.

COP29-un qısa müddətdə yüksək səviyyədə təşkil edildiyini deyən Məhəmməd Əl-Casir işğaldan azad olunmuş ərazilərimizə 2023-cü ildə səfərini xatırladaraq bu günədək orada icra olunan irimiqyaslı işlərin qısa zamanda keyfiyyətlə həyata keçirildiyini qeyd etdi. O, İslam İnkişaf Bankının dövlət və özəl sektor layihələrində fəaliyyətinin genişləndirməsinə və bu layihələrin dəstəklənməsinə hazır olduqlarını dedi.

0