Ağdamlıların ən gözəl bayramı - 20 Noyabr

SİYASƏT
10:56 / 20.11.2024
130

Bu gün Ağdamın işğaldan azad edildiyi gündür.

Düz 4 il bundan öncə Ağdam şəhəri erməni işğalından azad oldu. Üstəlik, bu şəhər müharibəsiz yolla ölkəmizə geri qaytarıldı. Şanlı Azərbaycan Ordusunun 27 sentyabrda başladığı əks-hücum əməliyyatı 44 gün davam etdi və Ermənistan Silahlı Qüvvələri təslim olmağa məcbur qaldı. Şuşanın işğaldan azad edilməsindən sonra Ermənistan ağ bayraq qaldırdı və 10 noyabrda kapitulyasiya aktına imza ataraq məğlubiyyətini etiraf etdi.

10 noyabr 2020-ci ildə Azərbaycan, Ermənistan və Rusiya arasında imzalanan Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın müharibəsiz şəkildə ölkəmizə geri qaytarıldı. Beləliklə, 30 il sonra məcburi köçkünlərimiz öz dədə-baba torpaqlarına geri qayıtdılar. 30 il ərzində viran qoyulmuş, darmadağın edilmiş Qarabağa yenidən həyat qayıtdı.

Torpaqlarımız işğaldan azad olunduqdan sonra isə hər şəhərin işğaldan azad olunduğu gün xüsusi qeyd olunmağa başladı. Prezident İlham Əliyevin 2023-cü ilin 31 iyul tarixində imzaladığı Sərəncama əsasən, 20 noyabr Ağdam Şəhəri Günü kimi qeyd olunmağa başladı. Artıq ikinci ildir ki, Ağdamın Şəhəri Gününü qeyd edirik. Bu bayram başda ağdamlılar olmaqla, bütün Azərbaycan xalqı üçün ən əziz günlərdən birinə çevrildi. 

Onu qeyd edək ki, Ağdam tezliklə əvvəlki kimi cənnət məkana çevriləcək. Plana əsasən, şəhər beş əsas məhəllədən ibarət olacaq. Üstəlik, Ağdamın ölkənin dördüncü böyük şəhəri olması planlaşdırılır. Sözügedən şəhərdə tam yaxın illər ərzində 100 min sakinin yaşayacağı gözlənilir. İlkin olaraq isə 2026-cı ilə qədər 10 minə yaxın ağdamlı öz doğma yurduna qayıdacaq. 

Bütün bu hədəfləri qeyd etmək belə çox böyük qürurdur. Bu, elə böyük fəxr hissidir ki, sözlərlə tam ifadəsi belə mümkün deyil. Çünki illərlə həsrəti ilə yaşadığımız şəhərin bu gün azad olunduğu günü qeyd edir və oraya həyatın necə qayıdacağı barədə planlardan danışırıq. 

Bütün bunlara görə bir daha Müzəffər Ali Baş Komandan, qalib Prezident İlham Əliyevə təşəkkür edirik. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qazilərimizə can sağlığı arzulayırıq. 

Prezidentin də vurğuladığı kimi, Qarabağ bizimdir, Qarabağ Azərbaycandır! 

Pərviz

0