Bayramın mübarək, əziz Kəlbəcər!

SİYASƏT
15:03 / 25.11.2024
80

Bu gün Kəlbəcər Şəhəri Günüdür.

Düz 4 ildir ki, kəlbəcərlilərin doğma yurd həsrəti sona çatıb. Hansı ki, onlar, tam 30 il ərzində bu həsrətlə yaşamışdılar. Bu müddət ərzində çox sayda kəlbəcərli dünyasını dəyişdi. Yəni doğma torpaqlarının həsrəti ilə bu dünyadan köçdülər və Kəlbəcərin, bütövlükdə Qarabağın işğaldan azad olunduğunu görə bilmədilər. Lakin onların hər birinin bu gün ruhlarının şad olduğuna əminik. Çünki bu gün Kəlbəcərdə üçrəngli Azərbaycan bayrağı dalğalanır. Bu gün Kəlbəcər yenidən qurulur.

Tezliklə Kəlbəcərdə yeni dövr də başlayacaq. İnsanların ora köçməsi ilə Kəlbəcərdə yenidən məktəb zəngləri çalınacaq, toy sədaları eşidiləcək, uşaqlar dünyaya gələcək, bayramlar qeyd olunacaq və sonsuz gözəl anlar yaşanacaq. Elə buna görə də Kəlbəcərin işğaldan azad edildiyi gün əsl bayramdır. 

Bu səbəbdən də 31 iyul 2023-cü ildə Prezident İlham Əliyev tərəfindən imzalanan Sərəncama əsasən, 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd olunur. Bu kəlbəcərlilərin illərdir keçirməyi arzuladıqları bayramın özüdür. 

Üstəlik, bu cür əhəmiyyətli bir şəhəri uğrunda döyüş olmadan azad etdik. Ermənilər Ağdam və Laçın kimi Kəlbəcəri də 44 günlük müharibədən sonra bizə qaytarmağa məcbur qaldılar. Əlbəttə ki, bunların heç biri təsadüf deyil. 

Prezident, Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti və uğurlu taktikaları nəticəsində bu gün Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini tamamilə bərpa edib. Ona görə də bir daha Müzəffər Ali Baş Komandan İlham Əliyevə dərin təşəkkürlərimizi bildirir, şəhidlərimiz və qazilərimizin qarşısında baş əyirik. Bayramın mübarək olsun, əziz Kəlbəcər! 

Pərviz

0