Pezeşkiana qarşı impiçment başlayacaq? - AÇIQLAMA

SİYASƏT
12:23 / 26.12.2024
82

Son günlərdə İran Prezidenti Məsud Pezeşkiana qarşı impiçment prosedurunun başladıla biləcəyi iddia olunur. 

Çox iddialı şəkildə hakimiyyətə gələn Pezeşkiana qarşı belə iddiaların səslənməsinə səbəbin xarici siyasətdəki uğursuzluqlar olduğu deyilir. Bəs deyilənlər nə dərəcədə həqiqətə uyğundur? Pezeşkiana qarşı impiçment başlaya bilər? 

Mövzu ilə bağlı Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlama verib. Onun sözlərinə görə, hazırkı mərhələdə İranın daxilində prezident Məsud Pezeşkianın vəzifəsindən uzaqlaşdırıla biləcəyi inandırıcı görünmür:

"Yaxın Şərqdə baş verən proseslər İranın xeyrinə deyil. Tehranın Suriyada mövqeyinin zəifləməsi və oradan çıxması İranda hakimiyyət daxili qarşıdurmaları istisna edir. Düşünürəm ki, ali dini lider başda olmaqla, hakimiyyətdəkilər mümkün qədər Pezeşkiana qarşı impiçment prosesinə qarşı qarşı çıxacaqlar".

364870

Ekspert bildirib ki, xarici siyasətdəki uğursuzluqların ölkə daxilinə sıçraması nəinki Məsud Pezeşkianın hakimiyyətdən getməsinə, hətta İranda rejimin dəyişməsinə gətirib çıxara bilər:

"Ona görə də İran daxilindəki proseslərin Pezeşkiana qarşı impiçment səviyyəsinə gətirib çıxacağını zənn etmirəm. Açığı, davam edən proseslər də bunu göstərmir. Hərçənd ki, rəsmi Tehranın yürütdüyü xarici siyasətdə uğursuzluqlar var. 

İsrail tərəfindən İran proksi qüvvələrinin məhv edilməsi, xüsusən də HƏMAS və "Hizbullah"a qarşı atılan addımlar  Suriyanın nəzarətdən çıxması ilə nəticələndi. Təbii ki, bu da öz növbəsində İran hakimiyyətini çətin vəziyyətdə qoyur".

Lakin o, əlavə edib ki, bu amil Tehran rejimi tərəfindən də nəzərə alınacaq:

"Proseslərin daxilə sirayət etməməsi üçün onun qarşısını almağa çalışacaqlar. Ancaq hakimiyyətdən asılı olmayan şeylər də var. 

Düşünürəm ki, uğursuzluq zənciri ölkə daxilinə qədər gəlib çıxacaqsa, impiçment də, hakimiyyət dəyişikliyi də baş verə bilər. Ümumiyyətlə, Yaxın Şərqdəki proseslərin davam etməsi və onun İranın daxilinə qədər uzanması çox şeyi dəyişə bilər". 

Pərviz

0