Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı, xalqın təhlükəsizliyi və firavanlığının təmin edilməsi xarici siyasətin əsas məqsədi olmaqla, hər zaman olduğu kimi Ermənistanla normallaşma gündəliyinin və digər aktorlarla əməkdaşlığımızın əsas qayəsini təşkil edəcək.
HİT.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin (XİN) 2024-cü ilin yekunlarına dair mətbuat buraxılışında qeyd edilib.
Qeyd olunub ki, bundan irəli gələrək, növbəti ildə də milli maraqlarımıza uyğun olaraq, prinsipial, qətiyyətli və ardıcıl fəaliyyət davam etdiriləcək.
Hesabata əsasən, postmünaqişə dövründə diplomatik fəaliyyət bu il ərzində Ermənistan və Azərbaycan arasında bir-birinin suverenliyi, ərazi bütövlüyü və dövlət sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşdırılması ilə bağlı Azərbaycan tərəfindən irəli sürülmüş gündəlik davamlı olaraq irəlilədilib.
Azərbaycana qarşı Ermənistan və onun havadarları tərəfindən aparılan qarayaxma kampaniyasının qarşısının alınması, ölkəmizin suverenliyi və ərazi bütövlüyünə qarşı təhdidlərin neytrallaşdırılması istiqamətində addımların beynəlxalq ictimaiyyətə izah edilməsi və bu addımları sual altına almaq və məhdudlaşdırmaq cəhdlərinin qarşısının alınmasına yönəlmiş ardıcıl, sistemli və qətiyyətli xarici siyasət fəaliyyəti həyata keçirilib.
İl ərzində Azərbaycan tərəfindən irəli sürülmüş normallaşma gündəliyi birbaşa ikitərəfli danışıqlar yolu ilə ardıcıl, məqsədyönlü şəkildə Azərbaycanın milli maraqlarına uyğun şəkildə irəlilədilib.
2024-cü ildə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş Naziri Nikol Paşinyan arasında 17 fevralda Münhen Təhlükəsizlik Konfransı çərçivəsində Almaniya kansleri Olaf Şoltsun vasitəçiliyi ilə həm ikitərəfli, həm də üçtərəfli formatda, 24 oktyabrda Kazanda BRICS-in 16-cı Sammiti çərçivəsində ikitərəfli görüşlər baş tutub. Ali səviyyədə keçirilən görüşlərdə verilmiş tapşırıqlara uyğun olaraq, Xarici İşlər Nazirlikləri səviyyəsində dövlətlərarası münasibətlərin əsasını təşkil edəcək ikitərəfli sazişin razılaşdırılması ilə bağlı təmaslar davam etdirilib.
İl ərzində Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında 2024-cü ilin 28-29 fevral tarixlərində Berlində, 10-11 may tarixlərində Almatıda, 10 iyul tarixində isə NATO-nun 75 illiyinə həsr olunmuş Zirvə görüşü çərçivəsində Vaşinqtonda, 26 sentyabr tarixində BMT Baş Assambleyasının 79-cu İllik Sessiyasının yüksək səviyyəli müzakirələrində iştirak çərçivəsində Nyu-Yorkda və 18 oktyabr tarixində isə İstanbulda keçirilən “3+3” toplantısı çərçivəsində olmaqla, ümumilikdə beş görüş baş tutub.
Tərəflər arasında aparılan ikitərəfli danışıqlar nəticəsində sazişin mətni üzrə əhəmiyyətli irəliləyiş əldə edilib. Nəticə etibarilə, sazişin mətnində açıq qalan məsələlər ciddi şəkildə azalıb. İl ərzində sərhədlərin delimitasiyası və demarkasiyası sahəsində müsbət nəticələr əldə edilib. İki ölkənin Baş nazirlərinin müavinlərinin rəhbərlik etdiyi Azərbaycan və Ermənistanın sərhədlərin delimitasiyası ilə məşğul olan komissiyaların əldə etdiyi razılığa əsasən, Azərbaycanın Ermənistanın işğalı altında olan Baqanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndlərinin Azərbaycanın suveren nəzarətinə qaytarılması təmin edilməklə, dövlət sərhədinin 13 km-ə qədər hissəsinin delimitasiya və demarkasiyası aparılıb.
Sözügedən razılıq Ermənistan tərəfindən işğal altında olan ərazilərin ikitərəfli danışıqlar yolu ilə qaytarılması və iki dövlət arasında rəsmi dövlət sərhədinin bir qisminin delimitasiya və demarkasiyasını təsbit edən ilk nəticə kimi əlamətdar olub.
Bundan əlavə, sərhədin delimitasiyası xüsusunda daha bir ciddi irəliləyiş hər iki tərəfdən müvafiq komissiyalarının əsasnamələrinin razılaşdırılması olub ki, bu da komissiyaların növbəti mərhələdə birgə işini tənzimləyərək, prosesin irəli aparılması baxımından mühüm əhəmiyyət kəsb edir.
İkitərəfli danışıqlar yolu ilə normallaşma istiqamətində əldə edilmiş irəliləyişə baxmayaraq, Ermənistanın Konstitusiyasında və digər normativ hüquqi aktlarında Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəaların dəyişdirilməsi istiqamətində Ermənistan tərəfinin siyasi iradə nümayiş etdirməməsi fonunda bu ölkədə davam edən revanşizm tendensiyası, xarici qüvvələrin birbaşa dəstəyi ilə Ermənistanın sürətlə silahlanması normallaşma prosesinin yekunlaşdırılması üçün ən ciddi maneə olaraq qalmaqda davam edir. Bu kontekstdə, Ermənistanın yaranmış yeni reallıqda öz aktuallığını itirmiş, fəaliyyətini başa vurmuş və funksionallığını itirmiş ATƏT-in keçmiş Minsk Prosesinə aid institutların formal mövcudluğunu saxlamaq mövqeyi bu ölkənin normallaşma gündəliyinə sadiqliyini ciddi şəkildə sual altına qoymaqda davam edir.
Regiondan kənar qüvvələrin bir tərəfdən Ermənistanı sürətlə silahlandırması, digər tərəfdən isə müxtəlif beynəlxalq platformalarda Azərbaycana qarşı əsassız qarayaxma kampaniyasını təşviq etməsi il ərzində danışıqlar prosesinin məntiqi sonluğa çatdırılmasına ciddi əngəl törədib. Xüsusilə, COP29-un ölkəmizdə təşkil edilməsindən sui-istifadə etməklə geniş vüsət almış bu kampaniya Azərbaycan tərəfinin sistemli, ardıcıl və məqsədyönlü addımlar nəticəsində əhəmiyyətli dərəcədə neytrallaşdırılıb, normallaşma prosesinin məhz Azərbaycan tərəfinin irəli sürdüyü gündəlik çərçivəsində qurulması təmin edilib.
Atılan məqsədyönlü addımlar nəticəsində Azərbaycana qarşı fərqli beynəlxalq platformalarda davamlı şəkildə irəli sürülmüş təşəbbüslərə qarşı mübarizə aparılıb, göstərilən istiqamətlərdə anti-Azərbaycan təşəbbüsləri uğursuzluğa düçar olub.