"Ermənistanın son addımları 3 istiqamətə yönəlib".
Bu sözləri politoloq Aydın Quliyev Hit.az-a açıqlamasında deyib.
O, İrəvan hakimiyyətinin atdığı həmin addımlardan bəhs edib:
"Bunlardan birincisi Rusiyadan daha da uzaqlaşmaqdır. İkincisi, Ermənistanın Avropa ilə yaxınlaşmasıdır. Üçüncü isə ABŞ ilə strateji müttəfiqliyi gücləndirməkdir".
Ekspert qeyd edib ki, Ermənistanın hər 3 istiqamətdə də xarici siyasətinin aktivləşməsi bir sıra məqsədlərdən xəbər verir:
"Həmçinin, burada əsas hədəf Azərbaycanla sülh müqaviləsi imzalamağı daha da gecikdirməkdir. Çünki Ermənistanın Baş naziri Nikol Paşinyanın sülh müqaviləsini imzalamadığı şəraitdə ABŞ-dən və Avropadan əlavə dəstək almaq istəyir.
O, bütün bunlar sülhün olmadığı şəraitdə daha da artırmağı hədəfləyir. Yəni ABŞ və Avropanın indiki vəziyyətdə Ermənistana verdiyi dəstək İrəvanı sülhdən uzaqlaşmağa təşviq edir".
Politoloq onu da diqqətə çatdırıb ki, son yaşanan addımlar həm də Ermənistanın meydanda tək olmadığını nümayiş etdirmək məqsədi daşıyır:
"Bununla da Ermənistanın bölgədə tək olmadığını göstərmək istəyirlər. Belə vəziyyətdə isə rəsmi İrəvanın apardığı siyasəti olduğu kimi davam etdirəcəyini düşünürlər. Əslində, Ermənistana verilən dəstək fonunda Nikol Paşinyanın sülh müqaviləsini imzalamaqda maraqlı olmadığı görünür.
Ermənistanın ABŞ, Rusiya və Avropa ilə münasibətlərdə atdığı addımlar onun sülhə qəsd addımları sayıla bilər. Çünki Ermənistan Rusiya ilə uzaqlaşdıqca, habelə Avropa və ABŞ ilə yaxınlaşdıqca Azərbaycanla sülh müqaviləsi imzalamaq perspektivləri azalır".
Pərviz