“Trampın prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərində yeni dövrün başlanğıc ola bilər”

SİYASƏT
19:14 / 23.01.2025
54

“Azərbaycan-ABŞ münasibətlərində yeni dövr başlanır, deyə bilərik. 

Bu fikri aktuallaşdıran məqamlar da var. Çünki, Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla qurulan münasibətlər, bütün sahələrdə iki ölkə arasında anlaşma tərəfləri qane edəcək səviyyədə idi. Həmin münasibətlərin bərqərar olacağına şübhə yoxdur. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-la onun müttəfiqlərinin enerji təhlükəsizliyinin təmin olunmasına xidmət edən, enerji sahəsində xoş ənənələrə əsaslanan və möhkəm təməllər üzərində qurulmuş əməkdaşlığı yüksək qiymətləndirməsi, ölkəmizin enerji siyasətinə Donald Trampın verdiyi daimi dəstəyin xüsusi vurğulanması təsadüfi deyil”. 

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov Hit.az-a açıqlamasında deyib.

Deputat bildirib ki, Azərbaycan 2020-ci ildə Qarabağ münaqişəsini ədalətli şəkildə, suveren hüquqlarını qorumaq, dünya birliyi tərəfindən tanınan, beynəlxalq sənədlərlə təsbit olunmuş sərhədlərini bərpa etmək niyyəti ilə 44 günlük müharibəyə başlaması da Donald Trampın birinci hakimiyyəti dövrünə təsadüf edir:

 “Trampın bu müharibədə Azərbaycana haqq qazandırması onun əməllərində, atdığı addımlarda özünü büruzə verdi. Erməni lobbisinin əsas mərkəzlərindən birinin ABŞ-da olduğunu, üstəlik ermənilərin Konqresdə nə qədər “dostlar”ının olduğunu da kər kəs bilir. Tramp Cənubi Qafqazda gedən proseslərin Ermənistanın maraqlarına uyğun həll edilməsi üçün Ağ Evin adından, gücündən istifadəyə imkan vermədi. Azərbaycan bu gün Avropa Birliyinin səkkiz üzvünə mavi yanacaq satır, iki ölkə ilə də yaxın tarixdə qaz nəqli baş tutacaq. Bir sözlə, ABŞ-ın Azərbaycanın enerji ehtiyatlarının beynəlxalq bazarlara çıxarılmasında dəstəyini hiss etmişik. Tramp administrasiyasının rəhbərliyi altında enerji sahəsində, xüsusilə , Cənub Qaz Dəhlizi və digər strateji layihələrdə əməkdaşlıq daha da genişlənib, Azərbaycan həmçinin, ABŞ-nin Qafqazdakı ən mühüm tərəfdaşına çevrilib. İki ölkə arasında imzalanan bir sıra müqavilələr və strateji razılaşmalar əlaqələrimizi daha da möhkəmləndirib. Prezident İlham Əliyevin II Şuşa Qlobal Media Forumunda çıxışı zamanı bildirdiyi kimi Trampın prezidentliyi dövründə bizim çox səmərəli əməkdaşlığımız olub. Bu əməkdaşlıq qarşılıqlı hörmət üzərində qurulmuşdur və qarşılıqlı dəstəyin yüksək qiymətləndirilməsindən ibarət idi. Donald Trampın yenidən prezident seçilməsi təkcə ABŞ üçün deyil, bütün dünya ölkələrinin xarici siyasəti üçün mühüm siyasi hadisədir. Prezident İlham Əliyevin Donald Trampı təbrik etməsi Azərbaycan-ABŞ münasibətlərinin yüksək səviyyədə olmasından xəbər verir. Trampın ikinci dəfə prezident seçilməsi Azərbaycan-ABŞ münasibətlərində yeni dövrün başlanğıc ola bilər”

Sevinc

0