İrəvan təzminat əvəzinə ölkəmizə torpaq verəcək? - ŞƏRH

SİYASƏT
09:39 / 17.02.2025
140

"Beynəlxalq hüquqda torpaq güzəştləri əsasən üç halda baş verir". 

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib.

O bildirib ki, sülh müqavilələri əsasında bir dövlət müharibədə məğlub olar və təzminat ödəyə bilməzsə, torpaq verməyə məcbur edilə bilər:

"Məsələn, 1871-ci ildə Fransa müharibədə məğlub olduqdan sonra Prussiyaya Alsas və Loren bölgələrini verdi. Referendum və ya qarşılıqlı razılaşma ilə dövlətlər arasında qarşılıqlı razılıq əsasında torpaq təzminatı verilə bilər. Həmçinin, 2011-ci ildə Sudan və Cənubi Sudan arasında sərhəd məsələləri bu cür həll olundu. Beynəlxalq məhkəmələrin qərarı ilə dövlətlər arasındakı sərhəd mübahisələri bəzən beynəlxalq məhkəmə və ya tribunallar tərəfindən həll edilir. Bundan başqa, Haaqa məhkəməsi də Nikaraqua-Kolumbiya sərhəd mübahisəsini həll etmişdi". 

Ekspert hesab edir ki, Ermənistan-Azərbaycan kontekstində isə vəziyyət fərqlidir:

"Ermənistan müharibədə məğlub olub, lakin tam kapitulyasiya etməyib. Üstəlik, Azərbaycanla Ermənistan arasında yekun sülh müqaviləsi də hələ imzalanmayıb. Düzdür, tarixə nəzər saldıqda torpaq təzminatı nümunələri görə bilərik".

367790

Politoloq buna uyğun da nümunələr verib:

"İkinci Dünya müharibəsində Almaniya Polşaya və SSRİ-yə torpaq güzəşt etdi. Yaponiya isə Kuril adalarını Rusiyaya vermək məcburiyyətində qaldı. 

Bundan əlavə, Sevr müqaviləsi ilə də Müttəfiq dövlətlər Osmanlı İmperiyasını parçalamaq və torpaq güzəştləri etdirmək istəyirdi. Lakin Mustafa Kamal Atatürkün mübarizəsi nəticəsində bu plan həyata keçmədi. Eyni zamanda, Kosovo müharibəsindən sonra Serbiya da faktiki olaraq torpaq itirdi". 

Rüstəm Tağızadə qeyd edib ki, Ermənistan nümunəsində isə fərq var:

"Belə ki, Ermənistan müharibədə məğlub olsa da, beynəlxalq hüquq onu torpaq verməyə məcbur etmir. Bəs Ermənistanın siyasi-iqtisadi vəziyyəti torpaq təzminatına məcbur edə bilərmi? Əslində, bu dövlət iqtisadi cəhətdən çöküşdədir və təzminat ödəmək imkanına malik deyil.

Üstəlik, Ermənistanın beynəlxalq borcları 10 milyard dollara yaxınlaşır və ölkə Qərbin maliyyə yardımları olmadan ayaqda qala bilmir. Buna görə də Ermənistanın təzminat olaraq torpaq güzəştinə getməsi nəzəri baxımdan mümkün görünə bilər, lakin siyasi şərtlər buna imkan vermir". 

Onun sözlərinə görə, bu ssenarilərin mümkün olması dövlətimizin maraqlarına uyğundur:

"Sülh müqaviləsində gizli razılaşma ilə Ermənistan təzminat əvəzinə bəzi torpaqları işğal altındakı Mehri, Basarkeçər və ya Göyçə bölgələri ətrafında danışıqlara açıq ola bilər. Qeyd etdiyim bu proseslərin olması üçün Azərbaycan daha da güclənməli və regionda olan güclü dövlətlər bu prosesdə ölkəmizə mane olmamalıdır". 

Pərviz

0