Azərbaycan Prezidentlərinin mətbuat katibləri - Onlar KİMLƏRDİR?

SİYASƏT
12:56 / 18.02.2025
142

Prezidentin mətbuat katibi dövlət başçısının fəaliyyətinə dair ictimaiyyətlə əlaqələrin idarə olunmasında əsas rol oynayır. Bu vəzifəyə əsadən aşağıdakılar daxildir:

- Prezidentin fəaliyyətini və qərarlarını cəmiyyətə, mətbuata və beynəlxalq ictimaiyyətə düzgün şəkildə çatdırmaq;
- Prezidentin mətbuat konfranslarını təşkil etmək, jurnalistlərin suallarını cavablandırmaq və dövlət başçısının bəyanatlarını təqdim etmək;
- Jurnalistlər və media orqanları ilə münasibətlər yaratmaq və gücləndirmək, mətbuat materiallarını hazırlamaq;
- Prezidentin şəxsi və dövlət başçısı kimi imicini qorumaq, müsbət görüntü yaratmaq;
- Dövlət başçısının müxtəlif fəaliyyətləri, siyasətləri və prioritetləri haqqında informasiya vermək;
- Prezidentin sosial media hesablarını və digər əlaqə kanallarını idarə etmək, ictimai rəy yaratmaq.

Bütün bu vəzifələr Prezidentin kommunikasiya strategiyasını düzgün şəkildə həyata keçirmək və onun siyasətini geniş auditoriyaya çatdırmaq məqsədi daşıyır.

Modern.az-ın Prezidentin məbuat katibindən yazması təsadüfi deyil. Mövzu dünən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin mətbuat katibinin vəzifədən azad olunması ilə gündəmə gəlib.

Dövlət başçısı bununla bağlı fevralın 17-də müvafiq sərəncam imzalayıb. Sərəncama müvafiq olaraq Azər Qasımov Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi vəzifəsindən azad edilib. O, 21 il idi ki, Prezidentin mətbuat katibi vəzifəsində işləyirdi.  

Azər Məhəmməd oğlu Qasımov 22 iyun 1966-cı ildə Bakı şəhərində anadan olub. Azərbaycan Pedaqoji Xarici Dillər İnstitutunu, Bakı Dövlət Universitetini və Çenq Du Universiteti (Çin) bitirib.

1994-cü ildə Azərbaycan Respublikasının Çin Xalq Respublikasındakı Səfirliyində tərcüməçi, 1994-1995-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Beynəlxalq təşkilatlar idarəsində attaşe, 1995-1996-cı illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Konsulluq idarəsində attaşe, 1996-1997-ci illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasının Təbriz şəhərindəki Baş Konsulluğunda attaşe, 1997-1999-cu illərdə Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyində attaşe, üçüncü katib, 1999-2000-ci illərdə Azərbaycan Respublikası Xarici İşlər Nazirliyi Asiya, Afrika və Latın Amerikası ölkələri idarəsində üçüncü katib, ikinci katib, 2000-2004-cü illərdə isə Azərbaycan Respublikasının Milli Məclisi Aparatının Beynəlxalq münasibətlər şöbəsinin müdiri vəzifəsində çalışıb.

Prezidentin 13 mart 2004-cü il tarixli sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi təyin edilib.
2016-cı ilin 23 iyun tarixində Azərbaycan Respublikasında dövlət qulluğunda səmərəli fəaliyyətinə görə Azər  Qasımov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Dövlət başçısının yeni mətbuat katibi hələ təyin olunmayıb.

Bəs Azər Qasımovdan əvvəl Azərbaycan prezidentlərinin mətbuat katibləri kimlər olub?

Mövzunu araşdırmışıq, onlar haqda təqdimatlarla tanış olun:

Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun (5 fevral 1991 - 6 mart 1992-ci il) mətbuat katibi hazırda jurnalisti və politoloq kimi tanınan Rasim Ağayev idi.

Rasim Hüseyn oğlu Ağayev 17 mart 1940-cı ildə anadan olub. O, ali təhsilli filoloqdur. Tarix elmləri namizədi olan Rasim Ağayev İraqda siyasi qüvvələrin problemlərinə dair dissertasiya müdafiə edib.

1974-ci ildən jurnalist kimi fəaliyyətə başlamış R.Ağayev rusdilli “Azradio” yayım agentliyinin müxbiri, redaktoru, ictimai-siyasi redaksiya şöbəsinin müdiri, “Novosti Press” agentliyinin, “Trud” qəzetinin xüsusi müxbiri işləyib, müxtəlif illərdə "Mayak" radiosunda çalışıb.

O, “Novosti Press” agentliyinin Azərbaycan üzrə departament rəhbəri, onun Liviya bürosunun rəhbəri kimi də fəaliyyət göstərib.
Rasim Ağayev vaxtilə Azərbaycan Kommunust Partiyası (KP) Mərkəzi Komitəsinin (MK) birinci katibinin köməkçisi, Azərbaycan KP MK-nın ideologiya şöbəsinin müdiri vəzifələrini də tutub.
1988-1991-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Əbdürəhman Vəzirovun mətbuat katibi işləyib.

Rasim Ağayev 1991-1992-ci illərdə Azərbaycan Respublikasının ilk Prezidenti Ayaz Mütəllibovun mətbuat katibi vəzifəsində çalışıb. Ağayev 1994-cü ildə həbs edilib, bir müddət sonra azadlığa buraxılıb.
R.Ağayev politologiya tədqiqatlarının və bir sıra bədii kitabların müəllifidir. O, hazırda Türkiyə, İran, İraq, MDB, Cənubi Qafqaz ölkələrində geosiyasətin müasir problemlərinə həsr olunmuş elmi konfranslarda iştirak edir, politoloq kimi cari siyasətlə bağlı məsələlərə dair mətbuata şərhlər verir.

Azərbaycanın ikinci Prezidenti Əbülfəz Elçibəyin mətbuat katibi Arif Əliyev olub.

Arif Əliyev Prezidentin mətbuat katibi postuna təyinatının necə baş verdiyini Modern.az-a müsahibəsində belə açıqlayıb:

“Məni 1992-ci ilin noyabrın axırlarında o zaman Prezident Aparatında məsul vəzifə tutan Nəcəf Nəcəfov söhbət etməyə çağırdı. Biz onun otağında bir neçə saat söhbət etdik. Nəcəf bəy təklif edirdi ki, mən Prezidentin mətbuat xidmətinin rəhbəri olum.
O zaman “Turan” informasiya məlumat-nəşriyyat müəssisəsi adlı böyük bir strukturumuz var idi. Onun öz nəşriyyatı, reklam agentliyi fəaliyyət göstərirdi. Mən təklif olunan vəzifəyəyə dair öz arqumentlərimi gətirirdim. Amma Nəcəf bəyin arqumentləri hər zamankı kimi güclü çıxdı. Və mənə dedi bu, tarixi şansdır ki, xalqımız üçün böyük işlər görək. Mən söhbətimizin sonunda razılıq verdim və iki gün sonra Prezidentin mətbuat katibi təyin olundum.
Düşünürəm ki, Elçibəyə mənim mətbuat katibi təyin olunmağımı Nəcəf Nəcəfov məsləhət görüb. Sözsüz ki, bu məsələlər Prezidentlə razılaşdırılmasaydı, mənə də həmin vəzifə təklif edilməzdi”.

Arif Əliyev 1992-ci ilin noyabrından 1993-cü ilin 28 iyununa kimi Prezident Əbülfəz Elçibəyin mətbuat katibi işləyib.

O, 31 avqust 1960-cı ildə anadan olub. Lomonosov adına Moskva Dövlət Universitetinin Jurnalistika fakültəsində təhsil alıb.
1983-1986-cı illərdə “Azərinform” dövlət agentliyinin xüsusi müxbiri, 1986-1988-ci illərdə "Azərbaycan gəncləri" qəzetinin bölmə müdiri işləyib.

1989-1991-ci ildə "Azadlıq" qəetinin baş redaktor müavini, "Xəzər" jurnalının baş redaktoru olub.
1991-1992-ci illərdə "Turan” məlumat-nəşriyyat müəssisənin müdiri olub.
1992-1993-cü illərdə Azərbaycan Respublikası Prezidentinin mətbuat katibi işləyib.
1994-1995-ci illərdə Xəzər Universitetində müəllim kimi dərs deyib.

1995-ci ildən "Yeni Nəsil” Jurnalistlər Birliyinin sədridir. 1998-ci ildə Bakı Mətbuat Klubunu təsis edib. 2005-ci ildə "Gün səhər" qəzetinin rəhbəri olub.
A.Əliyev "Media açarı" jurnalist mükafatınında  təsisçisidir. Müxtəlif kitabların müəllifi və tərtibatçısıdır. O, hazırda “Pressklub.az” saytına rəhbərlik edir.

1993-cü ilin iyununda baş verən hakimiyyət dəyişikliyi Əbülfəz Elçibəyin iqtidardan getməsilə nəticələndi. Yeni dövlət başçısı Heydər Əliyev təbii olaraq köhnə komandanı özününkü ilə əvəzlədi.

Azərbaycanın üçüncü Prezidenti Heydər Əliyev iki mətbuat katibi ilə işləyib.

Heydər Əliyevin ilk mətbuat katibi hazırda teleaparıcı və politoloq kimi fəaliyyət göstərən Tofiq Abbasov olub.

T.Abbasov prezidentin mətbuat katibi postunda 4 noyabr 1993-cü ildən 30 aprel 1994-cü il tarixinə kimi işləyib.

Tofiq Möhsün oğlu Abbasov 24 dekabr 1959-cu ildə anadan olub.

1977-ci ildə orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə daxil olub. 1982-ci ildə Azərbaycan Dövlət Televiziya və Radio Yayımları Şirkətində ictimai və siyasi yayım redaksiyasına işə qəbul edilib. O, 1993-cü ilə qədər AzTV-də redaktor, şərhçi, baş redaktor, studiya direktoru vəzifələrində çalışıb.

4 noyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin fərmanı ilə Azərbaycan Respublikasının Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri, eyni zamanda Prezidentin mətbuat katibi vəzifəsinə təyin edilib.
30 aprel 1994-cü ildə bu vəzifədən azad edilib.

1994-1996-cı illərdə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin informasiya siyasəti və xarici əlaqələr üzrə məsləhətçisi vəzifəsində çalışıb.

1996-cı ildən 2005-ci ilə qədər beynəlxalq regional nəşr "Caspian"ın baş redaktoru vəzifəsində işləyib.

2005-2006-cı illərdə gündəlik nəşr olunan rusdilli "Kaspi" qəzetinin birinci müavini olub.

2006–2010-cu illərdə "Lider” TV-nin İnformasiya və Siyasi Proqramlar Departamentinin direktoru vəzifəsində çalışıb.
Ətraflı

2011–2012-ci illərdə gündəlik "Zerkalo" qəzetinin İnformasiya və analitik nəşrlər şöbəsinin müdiri olub.

2012–2015-ci illərdə "New Baku Post" qəzetinin qurucusu və baş redaktoru olub.

2016-cı ildən Bakı Beynəlxalq Multikulturalizm Mərkəzində baş məsləhətçi vəzifəsində çalışıb.

T.Abbasov hazırda Azərbaycan Televiziyasının İctimai Siyasi Verlişlər studiyasının direktoru vəzifəsində çalışır. Cənubi Qafqaz regionu, postsovet məkanı və Orta Şərq məsələləri üzrə ixtisaslaşan T.Abbasov politoloq kimi də çıxış edir.

1994-cü ildə Prezident Heydər Əliyevin mətbuat katibi postu Səlahəddin Quliyevə həvalə olunub

Səlahəddin Məlik oğlu Quliyev 13 iyun 1958-ci ildə Goranboyun Səfikürd kəndidə anadan olub.

Orta məktəbi bitirəndən sonra, 1976–1978-ci illərdə ordu sıralarında qulluq edib.

1980–1985-ci illərdə Bakı Slavyan Universitetində, daha sonra Maksim Qorki adına Dünya Ədəbiyyatı İnstitutunda təhsil alıb. Təhsil illərində “Bakı” qəzetində ədəbi işçi işləyib. İnstitutu bitirdikdən sonra təyinatla fəaliyyətini həmin qəzetdə davam etdirib. 1989–1991-ci illərdə Respublika Teatr Cəmiyyətində çalışıb.

1991–1993-cü illərdə “Azərittifaq”da işləyib.

Səlahəddin Quliyev 1992-ci ildə Naxçıvan MR Ali Məclisinin sədri Heydər Əliyevi Azərbaycanda hakimiyyət uğrunda açıq və fəal mübarizəyə səsləyən, onun hakimiyyətə qayıdışı üçün müraciətə imza atmış, Yeni Azərbaycan Partiyasının "qızıl fondu" elan olunmuş “91 nəfər”dən biri olub.

O, 1994-cü ildə Azərbaycan Respublikası Prezidentinin Mətbuat xidmətinə rəhbərlik etməyə başlayıb. S.Quliyev 10 il Azərbaycan Prezidentinin mətbuat katibinin müavini vəzifəsində çalışsa da, faktiki olaraq Azərbaycan Prezidentinin mətbuat katibi vəzifəsini icra edib.

S.Quliyev İlham Əliyev dövlət başçısı seçiləndən bir müddət sonra - 26 mart 2004-cü il tarixində Prezident Aparatında tutduğu vəzifədən azad edilib.

O, 2004-cü ildən son vaxtalara kimi "Respublika" qəzetində baş redaktor müavini vəzifəsində işləyibr.

18 noyabr 2017-ci ildə Azərbaycan Prezidentinin sərəncamı ilə Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafındakı xidmətlərinə görə "Əməkdar jurnalist" adına layiq görülüb.

Səlahəddin Quliyev "Məni sənsizliyə öyrətmə gülüm", "Qədr gecəsinin mələyi" adlı şeir kitablarının, çoxlu sayda hekayə, məqalələrin müəllifidir. Şeirlərinə mahnılar yazılıb.

9 sentyabr 2022-ci ildə infarktdan vəfat edib

Maraqlıdır, KİV nümayəndələri üçün prezidentlərin mətbuat katibləri nə qədər əlçatan və mediaya açıq olublar? Bu, təbii ki, ayrı yazının mövzusudur...

0