"Azərbaycan ilə Pakistan arasındakı iqtisadi-ticari əlaqələr sahəsində əməkdaşlığı daha da genişləndirmək üçün indiyədək ciddi səylər göstərilib, müxtəlif səviyyəli görüşlər, iqtisadi forumlar, konfranslar və hökumətlərarası komissiya iclasları keçirilib. Ticarət dövriyyəsinin artırılması istiqamətində bir sıra mühüm layihələr reallaşdırılıb və yeni təşəbbüslər irəli sürülüb. Son illərdə qarşılıqlı ticarətin həcmi artsa da, hər iki tərəf bu sahədə göstəricilərin daha da yüksəlməsinə nail olmaq üçün birgə fəaliyyət göstərib. Pakistan və Azərbaycan sahibkarları arasında əməkdaşlığın gücləndirilməsi, investisiya mühitinin yaxşılaşdırılması və sərmayələrin artırılması üçün davamlı müzakirələr aparılıb. Pakistan Prezidenti Məhəmməd Şahbaz Şərifin Azərbaycana səfəri və imzalanan yeni sazişlər münasibətlərin inkişafında yeni imkanlar yaradacaq".
Bu barədə Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov Hit.az-a şərhində bildirib.
Millət vəkili qeyd edib ki, hazırda iki qardaş ölkə arasında ticarət və investisiya sahələrində əməkdaşlığın genişləndirilməsi məqsədilə bir sıra layihələr reallaşdırılır:
"Azərbaycanın Pakistanla kənd təsərrüfatı, enerji, əczaçılıq, ticarət, tikinti, nəqliyyat, informasiya texnologiyaları və digər sahələrdə əməkdaşlığı üçün böyük potensialı mövcuddur. Azərbaycanın neft-qaz sənayesində qazandığı təcrübə və enerji resursları Pakistan üçün mühüm əhəmiyyət daşıyır. Pakistan isə öz növbəsində əczaçılıq, tekstil, aqrar və emal sənayesi sahələrində Azərbaycan bazarında öz mövqeyini gücləndirə bilər. İki ölkə arasında iqtisadi əlaqələrin daha da inkişaf etdirilməsi üçün qarşılıqlı ticarət maneələrinin aradan qaldırılması, gömrük və logistika sahəsində əməkdaşlığın dərinləşdirilməsi əsas məqsədlərdən biridir. Xüsusilə, nəqliyyat və tranzit marşrutlarının genişləndirilməsi iki ölkə arasında ticarət dövriyyəsinin artmasına ciddi töhfə verə bilər. Azərbaycanın coğrafi mövqeyi, onun Avropa və Asiyanı birləşdirən mühüm nəqliyyat dəhlizlərinin üzərində yerləşməsi Pakistan üçün yeni ixrac imkanları yaradır".
A.Hüseynov bildirib ki, qardaş ölkələr müdafiə sənayesi sahəsində də möhkəm təməllərin əsasını qoyub:
"Azərbaycan bu ölkədən müasir müdafiə vasitələri, sənaye ləvazimatları və digər hərbi təyinatlı məhsullar alır. Eyni zamanda, hər iki ölkə birgə güclü və modern müdafiə sənayesi infrastrukturu üzərində yeni sənaye sahələrini yaratmağı planlaşdırır. Səfər çərçivəsində bu mövzu da əsas diqqət mərkəzində olub və artıq birgə istehsal müəssisələrinin yaradılması razılaşdırılıb".
Sevinc