"Bütün ölkələr regionun lideri dövləti Azərbaycanla hesablaşmalıdır" - Ekspert

SİYASƏT
09:34 / 07.04.2025
72

"Azərbaycan Xəzər dənizindəki neft və qaz ehtiyatları sayəsində Cənubi Qafqazın ən böyük enerji ixracatçısıdır". 

Bu sözləri Azərbaycan Yəhudi Media Mərkəzinin politoloqu Rüstəm Tağızadə Hit.az-a açıqlamasında deyib. 

O bildirib ki, "Şərq-Qərb" və "Cənub Qaz Dəhlizi" kimi layihələrlə Avropaya enerji təchizatı ölkəmizi Avropa İttifaqı üçün strateji tərəfdaşa çevirir:

"Enerji gəlirləri Azərbaycanın hərbi və infrastruktur investisiyalarını artırmağa imkan verir. ÜDM-ə görə Azərbaycan Ermənistan və Gürcüstandan üstündür. Azərbaycan 44 günlük Vətən müharibəsi və bir günlük antiterror əməliyyatlarında qələbə qazandı və Qarabağda tam nəzarəti bərpa etdi. Bu, ölkəmizin regional hərbi qüdrətini bir daha təsdiqlədi".

370663

Ekspert qeyd edib ki, Azərbaycan Türkiyənin hərbi texnologiyaları və İsrailin kəşfiyyat sistemləri ilə təchiz olunub, bu da onun hərbi modernləşməsini sürətləndirib: "Ölkəmiz "Orta Dəhliz" və Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələrlə Avropa-Asiya ticarətində həlledici rol oynayır. Azərbaycanın təklif etdiyi Zəngəzur dəhlizi həyata keçəndə ölkəmizin regionda ticarət və enerji logistikasındakı nüfuzu daha da artacaq. Zəngəzur dəhlizinin açılmaması isə regionda sabitliyə təhlükə yaradır.

Ümumiyyətlə, Azərbaycan Rusiyanın Qafqazdakı təsirindən müstəqil hərəkət edir, lakin həm də Moskva ilə əməkdaşlıq edir. Avropa İttifaqı və ABŞ ilə enerji və təhlükəsizlik sahəsində əlaqələrini gücləndirir, eyni zamanda "Bitərəflik Hərəkatı"na üzv olaraq Şərq-Qərb tərəfləri arasında tarazlıq saxlayır". 

Rüstəm Tağızadə onu da vurğulayıb ki, "Bir millət, iki dövlət" doktrinası əsasında Türkiyə ilə hərbi, iqtisadi və mədəni əlaqələr Azərbaycanın regional liderlik iddialarını dəstəkləyir:

"Türkiyə Cənubi Qafqazda Azərbaycan vasitəsilə nüfuzunu genişləndirir, bu da Azərbaycanın liderliyini dolayı yolla gücləndirir. Ona görə də Azərbaycan bu geosiyasi reallıqlar fonunda Azərbaycanın Orta Dəlizdə rolu xeyli artıb.

Həmçinin, Avropanın iqtisadi cəhətdən güclü olan dövləti Almaniyanın Prezidentinin yaxın günlərdə Azərbaycana səfəri məhz bu qəbildəndir. Çindən Böyük Britaniyaya kimi uzanan ticarət yolunun üstündə yerləşən Azərbaycan Orta dəhlizin vaz keçilməz dövlətidir. Bu səbəbdən də Azərbaycan ilə həm dost, həm də düşmən dövlətlər bu regionda hesablaşmalı olacaqlar".

Pərviz

0