"Azərbaycanın türk dünyasındakı rolu Türk Dövlətləri Təşkilatının yaranmasına gətirib çıxaran uzun prosesdə özünü göstərdi".
Bu sözləri Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra türk dünyasında bir sıra mühüm hadisələrlə yaddaqalan siyasət yürüdüb:
"2009-cu ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə Naxçıvan Muxtar Respublikasında Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası yaradıldı. Həmin təşkilat yekunda Azərbaycan İkinci Qarabağ müharibəsində qələbə qazanaraq ərazi bütövlüyü təmin etməsindən sonra Bakı ilə Ankaranın təşəbbüsü ilə İstanbulda Türk Dövlətləri Təşkilatına çevrildi. Bu, əvvəlki kimi sadəcə əməkdaşlıq məqsədilə toplaşan dövlətlərdən deyil, həm də beynəlxalq hüquqi subyekt kimi dövlətlərin birləşdiyi bir təşkil oldu".
Ekspert qeyd edib ki, daha sonra bu təşkilatın üzvlərinin bir sıra addımlarının şahidi olduq:
"Dövlət başçılarının, parlament sədrlərinin, baş nazirlərin və xarici işlər nazirlərinin görüşləri keçirildi. Bu istiqamətdə Azərbaycanın da addımları danılmazdır. Məsələn, ötən il Türk Dövlətləri Təşkilatının üzvlərinin rəhbərlərinin Şuşaya səfər etdilər.
İkitərəfli qaydada türk dövlətlərinin imzaladığı sənədlər, keçirdikləri hərbi təlimlər və bəzi başqa addımlar türk coğrafiyasının təmərküzləşməsindən xəbər verir. Bu coğrafiyada xalqların birliyinin daha da möhkəmləndirilməsi beynəlxalq aləmdə baş verən proseslərdə bir baxış bucağından çıxış etmək çox önəmlidir".
Mütəxəssis vurğulayıb ki, bu məsələdə Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin rolu əvəzolunmazdır:
"Bir çox məsələ ilə bağlı rəsmi Bakı tərəfindən təşəbbüslər irəli sürülüb və qəbul edilib. Hesab edirəm ki, yeni dünya nizamının formalaşmasında Azərbaycan dövlətinin və rəhbərinin atdığı addımlar, irəli sürdüyü təşəbbüslər, həyata keçirdiyi siyasət türk dünyasının birliyinin daha da möhkəmləndirilməsinə töhfə verir.
Bu, ölkəmizin dünyada baş verən proseslərdə söz və güc sahibinə çevrilməsində çox ciddi təsir mexanizminə malikdir. Artıq Türk Dövlətləri Təşkilatı beynəlxalq səviyyədə ciddi şəkildə qəbul edilən, rolu, gücü və təsir imkanları olan bir quruma çevrilib".
Xəyal Bəşirov onu da əlavə edib ki, Türk Dövlətləri Təşkilatının artıq baş verən proseslərdə ayrıca güc kimi qəbul edilməsi bir zərurətə çevrilməkdədir:
"Bunun da təməlində etnik və mədəni birlik, eləcə də dini dəyərləri bölüşmək və digər mühüm amillər dayanır. Azərbaycan dövlətinin yürütdüyü xarici siyasət və diplomatiya əsas istiqamətlərindən biri də türk dünyasını birləşdirmək və türk coğrafiyasında mövcud olan dövlətlərin söz sahibinə çevrilməsi istiqamətidir. Nəticə isə göz önündədir".
Pərviz