VI çağırış Milli Məclisin deputatı olmuş Vəhdət Partiyasının sədri Tahir Kərimli barədə müxtəlif iddialar yayılıb. Bir sıra xəbər saytlarında Tahir Kərimlinin Vəhdət Partiyasından kənarlaşdığı barədə yazılar gedib.
Modern.az bu xəbərlərə aydınlıq gətirmək üçün Tahir Kərimlinin özü ilə əlaqə saxlayıb.
Saytımıza açıqlamasında sabiq deputat bildirib ki, ölənə kimi Vəhdət Partiyasında olacaq:
"Mən Vəhdət Partiyasının yaradılması üçün 10 illərlə əziyyət çəkmiş adamam. Təkcə partiyanı dövlət qeydiyyatından keçirmək üçün 5 il mübarizə aparmışam. Vəhdət Partiyasından niyə getməliyəm? Ölənə kimi Vəhdət Partiyasında varam. Belə şayiələrə fikir vermək lazım deyil".
Partiyanın qurultayının keçirilib-keçirilməyəcəyi ilə bağlı suala sədr belə cavab verib:
""Siyasi partiyalar haqqında" yeni qanuna əsasən, siyasi partiyaların qurultayı 5 ildən bir keçirilir. Vəhdət Partiyasının növbəti qurultayının keçirilməsinə hələ 4 il vaxt qalır. Lakin bütün partiyalarda olduğu kimi, müəyyən vacib məsələrlə əlaqədar növbədənkənar, fövqəladə qurultaylar da ola bilər. Əlbəttə, partiyanın sədrliyi məsələsi qurultayın səlahiyyətinə aid məsələdir. Qurultay kimi istəsə, onu da seçər. Növbədənkənar qurultayla bağlı gərək Baş Məclis qərar versin. O da qurultayın keçirilmə səbəbini əsaslandırmalıdır. Sədrlik də insan həyatı kimi bir şeydir. Hər kəs ömürlük sədr olmalı deyil ki... Hər bir partiyanın qayğısına qalan insan istəyir ki, partiya rəhbərliyində gəncləşmə olsun. Yəni partiya inkişaf etsin. Biz də vaxtilə "Bakı və Kəndlər Birliyi"ndən Vəhdət Partiyasını yaratmışıq. Əziyyət çəkmişik, partiyaya gələnlər, gedənlər olub. Amma özümüzə görə partiyanı yaşatmışıq. Vəhdət Partiyasının gələcəyi haqda düşünürük".