Aydın Hüseynov: Azərbaycan-Çin münasibətləri yaxın dostluq təməlləri üzərində yeni mərhələyə keçir

SİYASƏT
15:34 / 18.04.2025
123

Azərbaycan və Çin arasında dostluğun kökü tarixi İpək Yolundan başlayır.

Hazırda Azərbaycan Cənubi Qafqaz regionunda söz sahibi olan lider dövlət, Çin isə Asiyanın və dünyanın iqtisadi güc mərkəzlərindən biridir.

Siyasi-iqtisadi amillər, nəqliyyat-tranzit qovşaqları, geosiyasi amillər və digər mühüm faktorlar hər iki ölkəni bir sıra ortaq baxış və strateji maraqlar bucağında tamamlayır. 

Prezident İlham Əliyevin ötən illərdə Çinə səfərləri ölkələr arasında dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi və dərinləşdirilməsinə səbəb olub.

Bu barədə Hit.az-a Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.

A.Hüseynov qeyd edib ki, BMT-nin beş daimi üzvündən biri olan Çin Xalq Respublikası hər zaman Azərbaycanın ərazi bütövlüyünü və sərhəd toxunulmazlığını dəstəkləyib, hazırda öz dövlət suverenlyini tam bərqərar etmiş ölkəmizin azad olunmuş torpaqlarında ən çox fəallıq edən investorlar arasında Çin şirkətləri xüsusi yer tutur. Azərbaycan da Çinin ərazi bütövlüyünü və “Vahid Çin” siyasətini daim dəstəkləyib. Bir müddət əvvəl Tayvanda keçirilən seçkilərə respublikamızın rəsmi mövqeyi və bu seçkilərin pislənilməsi Çinin ərazi bütövlüyünə bir daha dəstəyi ifadə edib.

Millət vəkili bildirib ki, siyasi təmasların möhkəmlənməsində hakim partiyaların da rolu xüsusi əhəmiyyət kəsb edir. Yeni Azərbaycan Partiyası Çin Kommunist Partiyası ilə dostluq münasibətləri saxlayır. Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin üzvü, beynəlxalq əlaqələr şöbəsinin müdiri Lü Tzyançaonun aprelin 2-də ölkəmizə səfəri və Prezidenti İlham Əliyev tərəfindən qəbul ediıməsi, habelə YAP-da geniş görüşlərin keçirilməsi ölkələrimiz arasında dostluq münasibətlərinin gələcəkdə də möhkəmlənməsi işinə xidmət edəcək.

Deputat qeyd edib ki, Azərbaycan Çinin müəllifi olduğu “Bir kəmər, bir yol” təşəbbüsünü dəstəkləyən ilk ölkələrdən biridir. Prezident İlham Əliyevin 2015-ci ildə Çinə səfəri zamanı Azərbaycan və Çin arasında “İpək Yolu İqtisadi Kəməri”nin reallaşdırılmasına dair Anlaşma Memorandumu imzalanıb. Hazırda Çin Zəngəzur dəhlizini dəstəkləyir və bu dəhlizi Mərkəzi Asiya ölkələri ilə Avropa ölkələri arasında nəqliyyat əlaqələrinin şaxələndirilməsini təmin edəcək ən qısa magistral hesab edir".

A.Hüseynovun  sözlərinə görə, Prezident İlham Əliyevin Çinə gözlənilən səfəri iki ölkə arasında  iqtisadi-siyasi və investisiya  əlaqələrin inkişafında yeni mərhələyə keçidi təmin edəcək. Bu səfər çərçivəsində qarşılıqlı vizasız gediş-gəliş haqqında Sazişin imzalanması gözlənilir ki, bu da turizm və iqtisadiyyat sahələrində yeni imkanlar açacaq. Hazırda iki ölkə arasında turizm sahəsində əlaqələr müsbət şəkildə inkişaf edir, qarşılıqlı turist axını dinamik şəkildə artır. Ötən il Azərbaycana gələn Çin turistlərinin sayında əhəmiyyətli artım qeydə alınıb. Ona görə də, yeni viza rejimləri ölkələrimiz arasında təmaslara ciddi təkan verəcək və qarşılıqlı səfərlərin sayını artırmağa xidmət edəcək.

Sevinc

0