"Azərbaycanla Çin arasındakı münasibətlərin dərin tarixi var".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, söhbət 2500 il əvvəl tarixi Böyük İpək Yolu vasitəsilə xalqlarımız arasında formalaşan mədəni və ticari əlaqələrdən gedir:
"Sonrakı dövrlərdə də müxtəlif sahələrdə əlaqələr inkişaf etdirilib. Azərbaycanın Çinlə əlaqələri də qarşılıqlı faydalılıq və etimad prinsipinə əsaslanır. Hər iki ölkə bir-biri üçün olduqca əhəmiyyətli tərəfdaşa çevrilib. Bu da təbiidir.
Nəzərə almaq lazımdır ki, Çin həm supergüclərdən biridir, həm də dünyanın ikinci və sürətli şəkildə inkişaf edən iqtisadi gücüdür. Azərbaycan isə sürətlə inkişaf edir və Cənubi Qafqazın lider dövlətidir. Bütün bunlar tərəflər arasında daha geniş əlaqələr qurulmasını şərtləndirir".
Ekspert vurğulayıb ki, Çin hər zaman Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib:
"Azərbaycan da öz növbəsində Tayvan məsələsində Çinin prinsipial mövqeyini həmişə müdafiə edib. Bu gün Bakı ilə Pekin arasında bütün istiqamətlərdə sıx əlaqələr var.
Ümumiyyətlə, Azərbaycanla Çin arasındakı münasibətlərin inkişafında ən mühüm mərhələlərdən biri 2023-cü ilə təsadüf edir. Həmin ilin 3 iyul tarixində Azərbaycanla Çin arasında strateji tərəfdaşlığın qurulması haqqında Birgə Bəyannamə qəbul olundu. Beləliklə, iki ölkə arasındakı münasibətlər daha da inkişaf etməyə başladı. Azərbaycanın Cənubi Qafqazda Çinin ən böyük ticarət tərəfdaşı olması da təsadüfi deyil".
Həmsöhbətimiz diqqətə çatdırıb ki, iki ölkə arasındakı ticarət dövriyyəsi də müsbət dinamika ilə inkişaf edir:
"Təkcə ötən il Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşüb. Bu isə o deməkdir ki, Çin ölkəmizin ən böyük dördüncü ticarət tərəfdaşı və əsas idxal mənbəyi qismində çıxış edir.
Həmçinin, Azərbaycanın "Bir kəmər, bir yol" layihəsinə verdiyi önəm də tərəflər arasındakı münasibətlərdə xüsusi yer tutur. Ölkəmizdə həyata keçirilən nəqliyyat və infrastruktur layihələri "Bir kəmər, bir yol" təşəbbüsünün reallaşmasına böyük töhfə verir.
Ona görə də Orta dəhliz Çindən Avropaya və əks istiqamətə yüklərin daşınması üçün həm təhlükəsiz, həm də sərfəli alternativ marşruta çevrilib. Eyni zamanda, Bakı ilə Pekin arasında "yaşıl enerji" sahəsində də strateji tərəfdaşlığın perspektivləri var".
Rəşad Bayramov onu da söyləyib ki, Prezident İlham Əliyevin Çinə səfəri çərçivəsində iki ölkə arasında olduqca mühüm sazişlər imzalandı:
"Xüsusən hərtərəfli strateji tərəfdaşlıq əlaqələrinin qurulması haqqında Birgə Bəyanatın imzalanması və Azərbaycanla Çin arasında viza rejiminin ləğv olunmasını qeyd etməliyik. Bundan başqa, bir çox istiqamətdə mühüm sənədlər imzalandı.
Tərəflər arasında imzalanmış saziş və müqavilələr iki ölkə arasındakı münasibətlərin daha üst səviyyəyə yüksəldilməsinə təkan verəcək. Çünki bütün bunlar iki ölkə arasındakı əlaqələr üçün çoxsaylı yeni imkanlar açır".
Pərviz