Prezident qəbullar keçirdi - YENİLƏNİB

SİYASƏT
13:31 / 29.05.2025
105

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 29-da ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin üzvü, senator Stiv Deynsi qəbul edib.

HİT.az xəbər verir ki, senator, ilk növbədə, Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərini dövlət başçısına çatdırıb.

O, Amerika Birləşmiş Ştatları ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlərin olduğunu deyib. Əfqanıstanda Amerika Birləşmiş Ştatları və Azərbaycan əsgərlərinin çiyin-çiyinə xidmət etdiyini, Kabil hava limanının təhlükəsizliyinə cavabdeh olan Azərbaycan sülhməramlı qüvvələrinin Əfqanıstanı tərk edən ən sonuncu hərbi kontingent olduğunu xatırladan Stiv Deyns oradan mülki və hərbi şəxslərin təxliyəsində azərbaycanlı hərbçilərin mühüm rol oynadıqlarını vurğuladı və buna görə də ayrıca minnətdarlığını bildirib.

Senator fəaliyyəti dövründə Azərbaycanın və Mərkəzi Asiya ölkələrinin Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin inkişafına mühüm əhəmiyyət verdiyini deyərək əlaqələrin inkişaf etdirilməsi üçün böyük imkanların olduğunu vurğulayıb. O, Azərbaycana və Mərkəzi Asiya ölkələrinə ABŞ Senatının nümayəndələri tərəfindən səfərlərin intensivləşdirilməsinin vacibliyinə toxunub.

Dövlət başçısı Azərbaycanın Müstəqillik Günü münasibətilə təbriklərə görə təşəkkürünü bildirərək ABŞ Prezidenti Donald Trampın bu xüsusda göndərdiyi təbrik məktubunun yüksək qiymətləndirildiyini vurğulayıb. Prezident İlham Əliyev deyib ki, məktubda da qeyd olunduğu kimi, Azərbaycanla ABŞ arasında təhlükəsizlik, enerji və iqtisadi-ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün geniş imkanlar var. Dövlət başçısı Donald Trampın birinci prezidentliyi dövründə Azərbaycanla əlaqələrin inkişafına göstərdiyi diqqətin də təqdir olunduğunu deyib.

Görüşdə Azərbaycanın malik olduğu nəqliyyat infrastrukturu və region ölkələri ilə siyasi əlaqələri nəticəsində Avrasiya regionunun əsas logistika mərkəzlərindən birinə çevrildiyi, Orta Dəhlizin inkişafında oynadığı mühüm rolu bir daha qeyd edilib.

Söhbət zamanı qarşılıqlı maraq doğuran digər məsələlər barədə fikir mübadiləsi aparılıb.

Sonda senator Stiv Deyns Prezident İlham Əliyevə xatirə hədiyyəsi təqdim edib.

***

Azərbaycan Prezidenti İlham Əliyev mayın 29-da “International Holding Company”nin baş icraçı və idarəedici direktoru Seyid Basar Şuebin rəhbərlik etdiyi Birləşmiş Ərəb Əmirliklərindən olan iş adamlarından ibarət nümayəndə heyətini qəbul edib.

Görüşdə iki ölkə arasında əlaqələrin bütün sahələrdə, o cümlədən iqtisadi-ticari istiqamətdə daha da genişləndiyi vurğulanıb, Prezident İlham Əliyevin Birləşmiş Ərəb Əmirliklərinə, Prezident Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın isə Azərbaycana səfərlərinin ikitərəfli münasibətlərin inkişafı baxımından önəmi qeyd edilib.

Azərbaycanda həm yerli, həm də xarici iş adamları üçün əlverişli biznes və investisiya mühitinin yaradıldığı vurğulanaraq, bu xüsusda BƏƏ şirkətlərinin də ölkəmizdə bir çox sahəyə sərmayə yatırmasından məmnunluq ifadə olunub.

Birləşmiş Ərəb Əmirliklərinin iş adamlarından ibarət nümayəndə heyətinin ölkəmizə səfərinin səmərəli olacağına və yaxşı nəticələr əldə ediləcəyinə ümidvarlıq bildirilib.

Söhbət zamanı investisiyalar, sənaye, o cümlədən dağ-mədən sənayesi və digər sahələrdə əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

0